Valideynə ehsan etmək – Allaha ibadətdən sonra gələn ən mühüm əməllərdəndir
Mьəllif: admin1
Tarix: 24-01-2021, 10:38
Valideynə ehsan etmək – Allaha ibadətdən sonra gələn ən mühüm əməllərdəndir

Ehsan sözünün mənası lüğətdə xeyir və yaxşı əməl görməkdir. İslam dini bütün müsəlmanları ehsana və yaxşı əməllərə dəvət edən bir dindir.

Hətta buyurur ki, başqalarının pis əməllərini siz yaxşı əməllərə çevirin.

“Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).

“Onda tezliklə yaxşılara artıq bağışlayarıq”. (“Əraf” 161).

“Həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. (“Əraf” 56).

Ehsan etmək – Haqqın sifətlərindəndir, peyğəmbərlərin, övliyaların əxlaqındandır.

İslam dini bizlərə valideynlərə qarşı da ehsan etməyimizi tövsiyə edir və onu vacib əməllərdən hesab edir. Valideynə ehsan etmək – Allaha ibadətdən sonra gələn ən mühüm əməllərdəndir.

“De: “Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin””. (“Ənam” 151).

“Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi”. (“İsra” 23).

İmam Sadiq (ə) nəql edir: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir ki, mənə tövsiyə verin. Həzrət (s) buyurur: “Bu varlıq aləmində heç bir şeyi Allaha şərik qoşma – baxmayaraq ki, atəşdə yandırılsan da, işgəncə olsan da.

Ata və anana itaət et və onlara yaxşılıq et – istər diri olsunlar, istərsə də ölü. Əgər hər ikisi sənə əmr etsə ki, həyat yoldaşını və mal-dövlətini burax – bu işi gör. Çünki onlara itaət etmək – imanın nişanəsindəndir”.

İmam Sadiq (ə) buyurur: “Əgər (valideynlərin) sənə əziyyət versələr və təzyiq göstərsələr, onlara ən qısa söz olan “uf” kəlməsini belə demə. Əgər səni vursalar, başlarının üstündə fəryad çəkmə. Bəlkə yumşaq səslə onlarla danış.

Əgər onların kötək vurmasına məruz qalsan, de: “Allah sizin hər ikinizi bağışlasın”. Onlara mehr və məhəbbətdən savayı başqa gözlə baxma, səsini onların səsindən ucaltma, əllərini onların əllərindən yuxarı qaldırma, onların qarşısında yol getmə”.

İmam Sadiq (ə) buyurur: “Hansı şey sizlərə ata və ananıza yaxşılıq etməkdən saxlayır – istər diri olsunlar, istərsə də ölü – öləndən sonra onların tərəfindən namaz qılmaqdan, sədəqə verməkdən, oruc tutmaqdan.

O şeyi ki, o ikisi üçün yerinə yetirər, ata və anası üçün olan savab onun üçün də olar. Allah ata və anası üçün qıldığı namaza və yaxşılıqlara görə dünya və axirət xeyirini onun üçün artırar”.

İbrahim ibni Şuəyb nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Atam ahıl çağına gəlib çatmışdır və gücsüz olmuşdur. Nə zaman bir işə ehtiyacı olsa, onu çiynimə alıram”.

Həzrət (ə) buyurur: “O yerə qədər ki, imkanın var özün bu işi yerinə yetir, öz əlinlə ağzına yemək tikəsini qoy. Çünki bu cür xidmət – Qiyamət günü sənin üçün cəhənnəm atəşindən qalxandır”.

İmam Baqir (ə) buyurur: “Üç şey vardır ki, Allah onu tərk etməyi heç kəsə icazə verməmişdir: yaxşı və pisə (adama) əmanəti qaytarmaq; yaxşı və pisə qarşı verdiyi sözə əməl etmək; ata və anaya yaxşılıq etmək – istər saleh olsunlar, istərsə də pis əməl sahibi”.

İmam Sadiq (ə) buyurur: “Qiyamət gəlib çatan zaman behişt pərdələrindən pərdələr kənara çəkilər. Hər bir canlı behiştin iyini 500 il fasilədən hiss edərlər, məgər bir tayfadan başqa ki, ağvalideyn olar”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Musa ibni İmran Allahla münacat edən zaman Allah Təalanın ərşinin kölgəsində bir kişi gördü və dedi: “Allahım, bu kimdir ki, ərşin ona kölgə salmışdır?”. Xitab gəlir: “O kəsdir ki, ata və anasına qarşı yaxşı əməl sahibi olmuşdur və söz gəzdirmək üçün addım atmamışdır””.

İmam Sadiq (ə) buyurur: “Hər kim istəyir ki, can verməyi onun üçün asan olsun – qohumlarına çoxlu bəxşiş etsin və onlarla əlaqəsi olsun. Ata və anasına yaxşılıq etsin. Əgər belə olarsa, Allah can verməyi onun üçün asan edər və həyatında yoxsulluq ona çatmaz”.

İbni Məsud nəql edir: “Peyğəmbərdən (s) soruşdum ki, əməllər arasında hansı əməl Allah yanında daha sevimlidir? Buyurdu: “Namaz, müəyyən edilmiş vaxtında”. Dedim: “Bəs sonra hansı əməl?”. Buyurdu: “Ata və anaya yaxşılıq etmək”. Dedim: “Bəs sonra hansı əməl?”. Buyurdu: “Allah Təala yolunda cihad etmək”.

İmam Baqir (ə) buyurur: “Dörd şey vardır ki, hər kəsdə olsa, Allah behiştdə onun üçün ev tikər: o kəs ki, yetimə pənah verər, gücsüzə rəhmət edər, ata və anasına mehribanlıq edər, əlinin altında olanlarla mehriban olar”.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930