Allahın haram buyurduğunda şəfa olmaz
İslam dinindən əvvəl insanlar arasında olan qəbahətli adətlərdən biri də şərab içmək və məst olmaq idi. Çox təəssüf ki, bu pis adət müasir dövrdə də özünü bariz şəkildə göstərir. Mübarək İslam dini bu haram içkini qadağan etmiş və ziyanlarından çox söz açmışdır.
"Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın”. ("Nisa” 43). Başqa bir ayə şərabı şeytan əməli adlandırır və buyurur: "Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır”. ("Maidə” 90). Məsumlar (ə) şərabı ümmul-xəbasət adlandırmış və şərab içəni bütpərəstlə eyni sıraya qoymuşdular. Hədislərimizdə hər kim şərabı düzəldər, satar və içər – lənətlənmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim gecəni şərabdan məst olan halda sona çatdırar, səhəri səhər edər o halda ki, şeytanın gəlini olmuş olar”. Ona görə də hər kim şərab içər, şeytanın gəlini olar. Şərabın qadağan olunmasının əsl səbəbi – onun vurduğu ziyanlardadır. İnsanın ağılını zay edər və özünü məst edər. Bundan başqa, orqanizm üçün çox ziyanlıdır. Və heç kəs deyə bilməz ki, az miqdarda qəbul etsəm ziyan olmaz. Xeyr, belə deyildir. Əgər İslam dini bir şeyi haram buyurursa, bunun azı və ya çoxu yoxdur. Ümumi bir hökmdür ki, hər bir müsəlman ona əməl etməlidir. Şərab hər şeydən çox insanın övladlarına pis təsirlər qoyar və onu da içkiyə meylli edər. Mütəxəssislərin nəzərinə görə hər kim şərab içərsə, onun təsiri üç nəsil davam edər. İmam Sadiq (ə) buyurur: "Hər kim qızını şərab içənə ərə verər, qohumluq əlaqəsini kəsmiş olar”. Məfzəl deyir: "İmam Sadiqdən (ə) soruşdum ki, şərab niyə haramdır?”. İmam (ə) buyurdu: "Allah şərabı təsirlərinə görə haram etmişdir. Çünki şərab büdrəməyə səbəb olar və insanda insanlıq nuru ölər, səxavəti insanda viran edər. İnsanı günah işlətməyə, qan tökməyə və zinaya vadar edər. İnsan məst olan zaman amanda olmaz və bədbəxtlikdən başqa sahibinə bir şey qazandırmaz”. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir ki, elə bir xəstəliyə düçar olmuşam ki, bir qədər şərab içən kimi ağrım keçir. Həzrət (ə) buyurur: "Bu işi görmə və şərab içmə. Çünki Allahın haramında şəfa yoxdur. Bu xəstəlik və ağrı şeytan tərəfindən olan təlqindən başqa bir şey deyildir. Səni harama salmaq istəyir. Əgər şeytan şərab içməyindən ümidsiz olsa, ağrın aradan gedəcəkdir”. Şərab elə bir zəhərdir ki, insanın övladına ana südü tərəfindən belə ziyan vurar, həzm, əsəb sistemlərində problemlər yaradar. Ona görə də həkimlər anaya şərab içməyi xüsusilə qadağan edirlər. Mütəxəssislər bu qənaətə gəlib çatıblar ki, şərab içənlərin övladlarının hafizəsi və dərki çox zəif olur. /Deyerler.org/ Oxşar xəbərlər
|