İmam Sadiqdən (ə) səkkiz məsələ öyrənən tələbə
Mьəllif: admin1
Tarix: 3-04-2021, 10:30
İmam Sadiqdən (ə) səkkiz məsələ öyrənən tələbə
Bir gün İmam Cəfər Sadiq (ə) şagirdlərinin birindən soruşdu: Mənim məktəbimdə nə öyrənmisən? Şagird dedi: Səkkiz məsələ

İmam buyurdu: Bir-bir say görüm hansılardır. O dedi:

-Birincisi, başa düşdüm ki, ölüm zamanı hər kəs istədiyi və sevdiyi şeydən ayrılır. Ona görə də bütün səy və himmətimi ölüm vasitəsilə ayrılmayacağım şeylərə sərf etdim. Yəni, tənhalığın həmdəmi olan xeyir əməllər qazanmağa çalışdım.

Bu barədə Quran buyurur: Hər kəs etdiyi yaxşı işin mükafatını alacaq. Həzrət buyurdu: Əhsən sənə, vallah! O yenə dedi:

-İkincisi, fikir verib gördüm ki, insanların bəzisi var-dövləti ilə fəxr edir, bəzisi qohumları ilə, bəzisi övladları ilə. Halbuki, bunların heç biri iftixar olunmağa layiq bir şey deyil.

Ən böyük iftixar olunacaq şey təqvadır. Çünki Allah-təala Quranda buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır. Buna görə də, Allah yanında əziz olmaqdan ötrü çalışdım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird davam elədi:

-Üçüncüsü budur ki, bir yandan insanların nəfsani istəklərə uymasını müşahidə edib, digər tərəfdən də Quranın “Hər kim Allahın məqamından qorxub öz nəfsinin istəklərindən çəkinsə, behişt onun yeridir” buyurduğunu görüb öz nəfsani istəklərimdən uzaq olmağa, ona uymamağa çalışdım ki, Allahın razılığı yolunda sabitqədəm olum. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird:

-Dördüncüsü budur ki, gördüm hər kəs malik olduğu dəyərli şeylərin əlindən çıxmamasından ötrü var-gücü ilə çalışır və Allah buyurur: Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, Allah da həmin borcu ona iki qat edib daha da dəyərlisini ona qaytarsın.

Mən də iki bərabər əvəzi seçdim və Allahın sandığından daha etibarlı sandıq görmədim. Buna görə də nəzərimdə dəyərli olan hər bir şeyi həmin sandıqda ehtiyat saxlamağı qərara aldım. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird daha sonra dedi :

-Beşincisi budur ki, camaat ruzi barədə bir-birinə paxıllıq edir, halbuki Allah Quranda buyurur: Biz dünya həyatında onların ruzilərini öz aralarında bölüşdürdük və bir iddə insanı başqalarından üstün etdik ki, bir-birilərinə nisbətən imtiyaz sahibi olsunlar və sənin Pərvərdigarının rəhməti onların cəm etdiklərindən üstündür.

Buna görə də heç vaxt heç kəsə paxıllıq etmədim və heç vaxt da əlimdən çıxan bir şeydən ötrü təəssüflənmədim. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird:

-Altıncı budur ki gördüm camaat bir-birinə düşmənçilik edir, kin bəsləyərək intiqam almağa çalışır, Allah isə Quranda buyurur: Şeytan sizin düşməninizdir, elə isə siz də onu düşmən tutun. Mən də şeytanla düşmən olmağı qərara aldım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird dava elədi:

-Yeddinci budur ki, gördüm camaat halal-harama baxmadan ruzi əldə etməkdən ötrü özünü oda-közə vurur, halbuki, Allah-təala buyurur: «Mən insanları və cinləri yalnız Mənə ibadət etmələrindən ötrü yaratdım. Onlardan ruzi tələb etmirəm və onlardan yemək istəmirəm.

Əksinə, ruzi verən də, əzəmətli qüdrət sahibi olan da Allahdır.» Başa düşdüm ki, Onun vədəsi haqq və dedikləri doğrudur və buna görə də Onun vədəsinə və sözünə arxayın olub haram dalınca getmədim. Bütün səy və himmətimi öz vəzifəmi icra etməyə sərf etdim. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird sözünün sonunda dedi:

-Səkkizinci budur ki, gördüm insanların bəzisi bədənlərinin sağlamlığına, bəzisi var-dövlətinə, bəzisi də özləri kimi insanlara arxayın olur. Allah-təala isə Quranda belə buyurur: “Hər kəs Allah qarşısında təqvalı olsa, Allah onun üçün düşdüyü çətin vəziyyətlərdən çıxış yolu açar və güman etmədiyi yerdən onun ruzisini yetirər və hər kəs Allaha təvəkkül etsə, Allah ona bəsdir.”

Buna görə də mən Allaha etimad göstərib Ona təvəkkül etdim və gözümü başqa şeylərə yumdum.

Həzrət (ə) buyurdu: "And olsun Allaha! Tövrat, İncil, Zəbur, Quran və bütün asimani kitablar məhz bu səkkiz məsələni ehtiva edir".
ixlas.az

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031