Gecə namazının ruziyə təsiri
İnsan bu dünyada davamlı olaraq şirin və acı hadisələrlə qarşılaşmaqdadır. Hər bir insan həyat yolundakı eniş və yoxuşlardan keçər. İnsan bu həyatda təkbaşına ruhi rahatlıq əldə edə bilməz. Xaliqimiz insanın bu halı üçün də çıxış yollarını göstərmiş və bəzi əməlləri tövsiyə etmişdir. İnsan bu əməlin vasitəsilə ruhi və mənəvi dərdlərinə dərman tapa bilər. Bu yolda da həyatı daha şirin olar. Bu əməllərdən biri elə bir əməldir ki, daxili atəş şöləsini yatızdırar. Allah Təala Peyğəmbərə (s) belə buyurur: "Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Quran oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın”. ("İsra” 79). Bu ayədə Allahın Peyğəmbərə (s) xitab etməyinə baxmayaraq, bu əməl bütün müsəlmanlara aiddir. Gecə oyaq qalmaq və gecə namazı qılmaq həqiqi möminin müsbət sifətlərindəndir. Allah Təala Öz həqiqi bəndələrinin sifətlərini sayan zaman buyurur: "Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”. ("Furqan” 64). Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən ən yaxşısı o kəslərdir ki, danışan zaman ədəblidirlər, acları doyuzdururlar, o zaman ki, insanlar yatar, namaz qılarlar”. İmam Sadiq (ə) buyurur: "Üç şey vardır ki, möminin iftixarı, dünya və axirət zinətidir: gecənin sonunda qılınan namaz, insanların əlində olana qarşı laqeyd olmaq, Peyğəmbərin (s) Əhli-beytindən (ə) olan İmamın vilayəti”. İmam Sadiq (ə) buyurur: "Gecə namazı ruzini cəlb edər”. Həzrət (ə) başqa yerdə buyurur: "Gecə namazı insanın ruzisini artırar və borcu qaytarar”. Bəs necə olur ki, gecə namazı ruzi artıra bilir? Hədislərdə oxuyuruq ki, bir insanın ruzi qazanmasına mane olan amil - günahlarıdır. Çünki günah insanla Allah arasına qara bir pərdə çəkər və insanın səadət yolunu bağlayar. Ona görə də günah insanın ruzisini azaldar. İnsan o zaman ki, bu günahın pərdəsini parçalasa, İlahi rəhmət feyzindən bəhrələnmiş olar. Gecə namazı elə bir ibadətdir ki, bu günahları aradan qaldıra bilir. İmam Sadiq (ə) buyurur: "Gecə namazı gündüz görülən günahları aradan aparar”. Həzrət (ə) başqa yerdə buyurur: "Gecə namazı, rəhmət yağışı kimi günahın qara ləkələrini batin məmləkətindən pak edər. Bu mənəvi əməllə qəlb evi paklıq ətrinə bürünər”. O kəs ki, gecə namazı qılmaq tofiqi əldə edər, Allah tərəfindən ən üstün ruzi əldə etmiş olar. Bu elə bir ruzidir ki, Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: "Gecənin yarısında qılınan iki rükət gecə namazı mənim üçün dünya və onda olanlardan daha sevimlidir”. Gecə namazı qılaq və günah yükümüzü yüngülləşdirməyə çalışaq. (Deyerler.org) Oxşar xəbərlər
|