Mənfi və müsbət göz yaşları
Məsum İmamlar (ə) biz Əhli-beyt (ə) davamçılarını həmişə Əba Abdullah (ə) müsibətinə ağlamağa təşviq etmişdilər.
Ona görə də vəhy əhlinin müsibətinə ağlamağın, xüsusilə də İmam Hüseyn (ə) müsibətinə ağlamağın çox mühüm əhəmiyyətə malik olması bəlli olur. Bu göz yaşları bizimlə Allah arasında olan rabitələri daha da yaxşılaşdırar və hicabları aradan qaldırar. Ancaq bununla yanaşı, təqvaya riayət etmək çox mühümdür. İnsan xatadan məsum olmadığı üçün çox diqqətli olmalıdır. Ona görə də İmam Hüseyn (ə) müsibətinə ağlayan zaman təqva və imanımıza da riayət edək. Ağlamağın müxtəlif yolları vardır. Bəzi insanlar çətinliklərlə üzləşən zaman səbirsizlik edir və ağlayırlar. Bu yolla özlərini başqalarına möhtac nişan verirlər. Bu yolla başqalarının sevgisini özünə cəlb edirlər. Ancaq mənfi göz yaşları ilə yanaşı, müsbət göz yaşları da vardır. İslam dini müsbət göz yaşlarına: Allah qorxusundan, günahların nəticələrinə, qəbrin çətinliklərinə görə, Qiyamət və hesaba görə, vəhy əhlinin məzlumluğuna görə, xüsusilə də İmam Hüseyn (ə) müsibətinə görə tökülən göz yaşlarını həmişə tövsyə etmişdir. Bu göz yaşlarının hər birində dinin kökləri vardır. Bu göz yaşları onu suni işlərdən ayırır və onu Haqqın təbiətinə tərəf qaytarır. Ancaq bu göz yaşları da gərək müsbət niyyətlə olsun və insanı tərbiyə etsin. Əks halda öz həqiqətindən xaric olar. İslam Peyğəmbərinin (s) və qalan peyəmbərlərin (ə) İmam Hüseyn (ə) üçün tökdükləri göz yaşları da qurucu və müsbət göz yaşları olmuşdur. Buradan anlamaq olur ki, Aşura bəşərin hidayət olmasında o qədər təsiredici rola malikdir ki, peyğəmbərlər (ə) əsrlər qabaq ona diqqət edib, əhəmiyyət vermişdilər. Bəzən insan zahirdə göz yaşı töksə də, bu, onun batininə müsbət təsir qoymaz. Misal üçün, Həzrət Fatimə (s.ə) Fədək məsələsindən sonra Mədinə xalqı qarşısına çıxır və xütbə deyir. Tarix yazır ki, bu Xanımın (s.ə) hər sözünə insanlar şiddətlə göz yaşı tökürdülər. Ancaq bu göz yaşı zahirdə qaldı, insanların batininə nüfuz etmədi. Tarixin nəql etdiyi kimi Zeynəbi-Kubra (s.ə) İbni Sədə xitab edərək buyurur: “Ey Sədin oğlu! Əba Abdullahı (ə) ölıdürürlər və sən də tamaşa edirsən?”. Bu sözlərdən sonra İbni Səd ağlamağa başlayır. Üzünü Zeynəbdən (s.ə) çevirir. Ancaq bu göz yaşlarının da bir faydası olmur. Bu hallarda görmək olur ki, göz yaşları müsbət və qurucu olmamışdır. Psixoloqların nəzərinə görə mənfi göz yaşları sadəcə bədinin müdafiə mexanizminin işə düşməsi üzündən olur. Bu hal özlərindən asılı olmayaraq baş verir. Hər il hər birimiz İmam Hüseyn (ə) müsibətinə göz yaşı tökürük. Ancaq bu göz yaşlarımızın qəbul olub-olmamasını bilmirik. Ona görə ilboyu etdiyimiz rəftarlara nəzər salmalıyıq. Əgər İmamın (ə) matəmindən sonrakı aylarda rəftarımızda bir dəyişlik baş veribsə, daha yaxşı olubsa, deməli ibadətimiz və bu göz yaşlarımız qəbul olmuşdur. Ancaq əgər heç bir dəyişiklik hiss etmiriksə, əksinə, Allah eləməmiş, pisləşmə də vardırsa, deməli bu göz yaşları zahirdə olmuşdur, batinimizə nüfuz etməmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|