O kəs ki, əhdinə sadiq deyildir – onun dini yoxdur
Verdiyi sözə əməl etmək – insanlarla münasibətdə mühüm mövzulardan biridir ki, riayət olunması vacib hesab olunur. Mömin o zaman ki, bir işi öhdəsinə götürür, gərək öz əhdinə vəfa etsin və həmin işi söz verdiyi vaxtda bitirsin. Allah Təala bununla bağlı buyurur: “Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır(peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar)”. (“İsra” 34). Əbu Malik adlı bir nəfər nəql edir ki, İmam Səccada (ə) dedim ki, mənə dinin qanunlarından xəbər versin. Həzrət Sadiq (ə) buyurdu:“Haqqı danışmaq, ədalətli hökumət, əhdə vəfa etmək – hamısı dinin qanunlarıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, əhdinə sadiq deyildir – onun dini yoxdur”. Bəs əhdə vəfa etmək nəyin nişanələridir? Əhdə vəfa etmək – imanın nişanəsidir. “Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8). Möminliyin nişanəsindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və cəza gününə imanı vardır, gərək öz vədinə vəfa etsin”. Əhdə əməl etməmək – münafiqliyin nişanəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Münafiqin nişanəsi üç şeydir: yalan danışmaq, əhdə vəfa etməmək, əmanətə xəyanət etmək”. Əhdə vəfa etmək – nəzir kimidir. İmam Sadiq (ə) buyurur: “Möminin din qardaşına verdiyi vədə – bir növ nəzirdir ki, ona vəfa etmək lazımdır, məgər o halda ki, kəffarəsi yoxdur. Hər kim verdiyi vədəsinə əməl etməz – Allahla müxalifətlik etmiş olar. Özünü Allahın qəzəbinə məruz edər”. Allahın qəzəbinə səbəb olar. Əmirəl-möminin (ə) Malik Əştərə buyurur: “Çəkin ondan ki, insanlara vədə verəsən və əməl etməyəsən. Çünki (əməl etməmək) Allahın və insanların qəzəbinə səbəb olar”. İslam dini əhdə vəfa etməyə o qədər əhəmiyyət verir ki, hətta düşmənə belə verdiyi sözə əməl etməyi vacib buyurur. İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, Allah heç kəsə ona əməl etməməyə icazə verməmişdir: əmanəti əda etmək – istər yaxşı əməl sahibi olsun, istərsə də pis. Vədə əməl etmək – istər yaxşı əməl sahibi olsun, istərsə də pis. Ata və anaya yaxşılıq etmək –istər yaxşı əməl sahibi olsunlar, istərsə də pis”. Allah Quranda möminlərə əmr edir: “Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən Allah pərhizkarları sevir”. (“Tövbə” 4). O kəs ki, əhdə vəfa etməz fəsad törədər və Allahı qəzəbləndirər. “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27). /Deyerler.org/ Oxşar xəbərlər
|