Allahdan qafil olmaq insanı şeytanla (lən) yoldaş edər
“Öz Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq”. (“Səcdə” 22). Bəli, bu insanlar həqiqətdə o kəslərdir ki, nə Allahın nemətləri onlara təsir edir və nə əzab və bəla ona xəbərdarlıq edə bilir. Ona görə də bu insandan daha zalımı ola bilməz. İslam dininin nəzərinə görə, bir insanın saədət əhli olmasının tək yolu – Allahı yada salmaqdadır. İnsan hansı işi görürsə-görsün fərqi yoxdur, istər ibadət olsun, istər dostları və ya qohumları ilə rabitəsi olsun – gərək Allahın razılığını nəzərə alsın. Bir müsəlmanın kamala çatmasının tək yolu bundadır. Bütün bədbəxtliklər Allahdan uzaq olmaqla başlayar. İnsana bu dünyada hər şeydən ən çox yaxın olan Allahdır. Allaha bu qədər yaxın olub, Ondan qafil olmaq zalımlıqdır. Yəni, insan özündən başqasını görməsə və tək meyarı ancaq özü olsa, bu zaman böyük səhv etmiş olar və Allahdan qafil olar. Ona görə də insan özünü deyil, Allahı görməyə çalışmalıdır. O yerə qədər ki, Allahı yada salmaq qəlbini canlandırsın. Necə ki, İmam Səccad (ə) buyurur:“İlahi, Sənin zikrinlə qəlbim canlanır”. (Tebyan) Allahı zikr edən insan rahatlıq tapar və dünyaya bağlı olmadığına görə az günah işlədər. Diqqəti Allah Təalada və ali hədəflərdə olar. Allahı zikr etmək insanı təkamül etdirər və bu cür insan üçün qorxu yoxdur. Çünki bilir ki, Allah kimi qüdrətli dayağı vardır. Əksinə, Allahdan qafil olmaq insana viranedici nəticələr gətirər. Bu nəticələrə nəzər salaq: 1. Özünü unutmaq. “Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!”. (“Həşr” 19). Hər kim bu təhlükəli xəstəliyə düçar olarsa, insanlıq həqiqətini unudar və yaddan çıxardar ki, o, aciz və kiçik bir varlıqdır. Həyatını davam etdirmək üçün davamlı olaraq Allaha möhtacdır. 2. Ürəyi kor olar. O kəs ki, Allahı unudar, dünya həyatı onu özünə məşğul edər. O kəsin ki, bütün qəm və qüssəsi dünya olar, bütün səy və çalışması bu yolda olar. Həmişə nələrinsə həsrətini çəkər – mal-dövlətin, vəzifənin, rifahın... Ona görə də həmişə qorxu və nigarançılıq içində olar. Bu insanların ürəkləri həqiqətləri görməkdə kordur. 3. Şeytanla yoldaşdır. Şeytan (lən) iki yoldan insana nüfuz edər: biri əqli zəifliyindən və kifayət qədər elmə malik olmamasından istifadə edər və biri də rəzil sifətlərə malik olmasından. Şeytan (lən) muxlislərdən savayı hamını yolundan azdırar. O kəs ki, Allahı zikr etməz – istəməsə də şeytanla yoldaş olar. 4. Qiyamət günü kor olar. Allahı zikr etməyən insanlar Qiyamət günü kor olarlar. “O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda, nə üçün məni Məhşərə kor gətirdin?»”. (“Taha” 125). Çünki dünyada gözləri həqiqətlərə bağlı idi və ona görə də Allahı unutmuşdular. Allah onların etirazına belə cavab verər: “(Allah) buyurar: “Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!””. (“Taha” 126). /Deyerler.org/ Oxşar xəbərlər
|