Bu dünyadan əbədi dünyaya keçidi asanlaşdıran əməllər
Ölüm elə bir hadisədir ki, hər an bizi ovlaya bilər. Baxmayaraq ki, zehnimiz bu hadisəni çox uzaq hesab edir, ancaq ehtiyat etmək aqillərin işidir. Övliyalar buyurur ki, ölüm barəsində sabahı düşünmə, elə indi, bu an onun haqqında düşünməyə çalış və tədbirini gör. O kəs ki, özündə ölümün nişanələrini görər, gərək Allahın və insanların vacib haqlarını yerinə yetirsin. Əlində olan əmanəti sahiblərinə çatdırsın. Əgər dini vacibatları varsa, onları yerinə yetirsin. Namaz, oruc kimi. Əgər maddi imkanı varsa, zəkatlarını versin. Əgər özü bu işləri görə bilmirsə, varislərinə onu yerinə yetirməyi vəsiyyət etsin. Can verən insanın ətrafında olanların dini vacibatlarından biri budur ki, onu üzü qibləyə çevirsinlər. Ona şəhadətləri təlqin etsinlər. Əgər can verərsə gözlərini bağlayıb, çənəsini və ayaqlarını bağlasınlar, əllərini bədəninin yanında sabit şəkildə qoysunlar. Yanında çıraq yandırsınlar və onu tək qoymasınlar. Bu, elə andır ki, şeytan onun ovunda əyləşmişdir və münasib zamanı gözləyir. O zaman ki, insan dünyanın gözəlliklərini, nemətlərini geridə qoyacağını başa düşür, şeytan işə başlayır. Bir insanın rahat can verməsinə yardım edən ilk amil – imanıdır. Əgər imanımızın əbədi olaraq qorunmasını istəyiriksə, gərək yaşadığımız müddətdə onu qoruyaq. İmanı gücləndirmək ancaq Quran oxumaq və ya dini dərslərə getməklə olmur. Bunlar yaxşı əməllərdir, ancaq ağılı qane edər. Lakin insanın qəlbi də gərək qane olsun. Hər nə qədər Allahın buyurduqları əməlləri yerinə yetirsək, mıxın çəkiclə divara vurulması kimi imanımız da qəlbimizə vurular. Ona görə də deyə bilərik ki, saleh əməl – imanı gücləndirən ən mühüm amildir. Həm iman əməli xalis edər və həm də əksinə. Əhli-beyt (ə) vilayəti – can verməyi asanlaşdıran əməllərdəndir. Xüsusilə də Əmirəl-mömininə (ə) olan sevgi. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə Əlini (ə) sevsə, can vermək və ölümün çətinlikləri onun üçün asan olar”. Qüdsi hədisdə oxuyuruq: “Mən özümün yüz dənə məhəbbət və rəhmətim içərisindən onun birini dünya aləminə göndərmişəm. Bu məhəbbət ana, ata, övlad, qardaş, bacı, qohumlar arasında yaranar. Əgər o ailədə ki, məhəbbət vardır və bir-birinə qarşı olan bu sevgini qırsalar, əslində Allahın rəhmətini qırmış olarlar. O zaman ki, Allahın rəhmətini qırarlar, təbii olaraq ölümdə çətinlik görərlər. Ancaq əgər kimsə sileyi-rəhm etsə, Allahın rəhmətini cəzb etmək halında olar”. Xanım Zəhranın (s.ə) təsbihini hər namazdan sonra yerinə yetirmək – çox böyük təsirlər qoyar. İmam Sadiq (ə) bu haqda buyurur: “Biz öz övladlarımıza namazı tövsiyə etdiyimiz kimi, bu təsbihi də tövsiyə edirik. Əgər kimsə hər namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihini davamlı edərsə, ölüm onun üçün asan olar”. Ədilə duası da tövsiyə edilən dualardandır. Bu duanın axırında oxuyuruq: “Allahım, Sən ən yaxşı əmanətdarsan. Bu etiqadımı sənin yanında əmanət qoyuram ki, ölüm zamanı – elə bir zamanda ki, insan çox şeyləri unudur – mənə qaytarasan”. Oxşar xəbərlər
|