İnsanın əxlaqi rəftarlarının təbii fenomenlərə birbaşa təsiri vardır
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, zəkat ödənməz – heyvanlar məhv olar. O zaman ki, hakimlər zülm edər - səmadan nazil olanlar qət olar”. Həzrət Peyğəmbər (s) bu nurani hədisi ilə müsəlmanlara xəbərdarlıq edir ki, bəzi əməlləri tərk edərək, özlərini bəlalardan qorusunlar. Bəlalar insan əməlindən çox asılıdır. İnsanın günah etməsi və rəftarı dünya fenomenlərinə təsir qoymaq qabiliyyətinə malikdir. Qurani-Kərim buyurur: “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30). İnsan günah edən zaman Allahın rəhmət qapıları bağlanar və bəlanın nazil olması üçün zəminələr hazır olar. İmam Sadiq (ə) buyurur: “Atam davamlı olaraq buyurardı: “Həkim Allah qəti şəkildə buyurmuşdur ki, bəndəsinə verdiyi neməri ondan almaz, məgər o zaman ki, bəndə günah edər ki, ona xatir cəzaya layiq olar””. Əmirəl-möminin (ə) buyurur: “Allaha and olsun ki, heç bir millət naz və nemətin ağuşundan götürülməmişdir, məgər düçar olduğu günahlarına görə. Çünki Allah bəndələrinə heç bir zaman zülmü rəva bilməz”. Allah Təala Quranda o millətlərdən bəhs etmişdir ki, etdikləri günahlara görə cəzalandırılmış və bəlaya uğramışdılar. “Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər). Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik”. (“Ənam” 6). “Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (məsələn, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz də zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik”. (“Bəqərə” 59). Bu, elə bir qanundur ki, bütün zamanlara şamil edilir. “(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır)”. (“Ənfal” 53). İmam Sadiqə (ə) bu ayə ilə bağlı sual verirlər: “«Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər”. (“Səba” 19). Həzrət (ə) cavabında buyurur: “Bu camaat – o dəstədir ki, bir-birinə birləşən kəndləri var idi. Onlar bir-birini görürdülər, axan çayları və çoxlu malları var idi. Ancaq Allahın nemətlərinə naşükürlük etdilər və Allah Təala da ixtiyarlarına qoyduğu neməti dəyişdirdi və onlara tərəf sel göndərdi, kəndləri buna görə qərq oldu, evləri xarab oldu, malları aradan getdi. Həmin bağların yerində iki bağ ki, hasili pis dadlı meyvələrdir – onlara verdi. Ondan sonra buyurdu: “Biz onlara küfr və nankorluqlarına görə belə cəza verdik. Məgər inkar və nankorluq edəndən başqasını cəzalandırarıqmı?!”. (“Səba” 17). İmam Əli (ə) buyurur: “Nalayiq əməllərinə və məzəmmət olunan işlərinə görə keçmiş ümmətin başına gələn günahlardan çəkinin”. Beləliklə deyə bilərik ki, insanın əməllərinin təbiət fenomenlərinə və bəlanın nazil olmasına birbaşa təsiri vardır. İnsan gərək Allahın verdiyi nemətlərə naşükürlük etməsin, əks halda keçmiş ümmətlər kimi cəzalandırılar. Oxşar xəbərlər
|