Yoxsulluqdan necə xilas olaq?
Əgər insan güman etsə ki, yoxsulluq onun taleyidir və ya Allah onu boş buraxmışdır – ümidsiz və pərişan olar. Ona görə də səy göstərməkdən əl çəkər və bu zaman fırıldaqçıların yaxşı ovuna çevrilər.
Həzrət Əmirəl-möminin (ə) buyurur: “Yoxsulluq – böyük ölümdür”. Bu elə bir bəladır ki, insanın imanını əlindən alır. Hədislərdə oxuyuruq: “Nə zaman yoxsulluq bir qapıdan girərsə, iman başqa qapıdan xaric olar”. Əmirəl-möminin (ə) Allaha etdiyi dualarında buyurardı: “Allahım, abırımı ehtiyacsızlıqla saxla və yoxsulluq ilə şəxsiyyətimi ləkələmə. (İşim o yerə gəlib çatmasın ki) ruzi yeyənlərindən ruzi istəyim və pis əməl sahiblərindən əfv tələb edim”. Yoxsulluğa dözmək çox çətin və acıdır. Ona görə də Allah bəndələrinə sədəqə verməyi əmr etmişdir. Sədəqəni günahların bağışlanılması, çətinliklərin aradan qalxması, ömrün uzanması vasitəsi qərar vermişdir. Həmçinin zəkatı, xümsü vacib buyurmuşdur və əgər bu maddi vacibatlar yerinə yetirilərsə, yer üzündə yoxsul qalmaz. O zaman ki, ümid vardır, insan yoxsulluğa təslim olmaz. Daima səy göstərər ki, bu yoxsulluqdan nicat tapsın. O kəs ki, yoxsulluğa təslim olar, elə bu halda da qalar. O, özünü alçaq hiss edər, ona görə də həmişə alçaq işlərə üz çevirər. Heç bir zaman həyatın qızıl fürsətlərindən istifadə etməyi düşünməz. Bekar qalmaq yoxsulluğa səbəb olar. Bekar qalmağın isə ən mühüm səbəbi insanın uzun arzular etməsi və göylərdə uçmasıdır. Əgər insan daha üstün işlərə tamah göstərməsə, özünə uyğun işi rahat tapa bilər. Yoxsulluqdan nicat tapmağın yollarından biri – qənaətdir. Necə ki, Loğman öz oğluna bunu tövsiyə etmişdi: “Ey oğlum! Ən güclü insan o kəsdir ki, malik olduğuna qane olsun. Ən möhtac insan o kəsdir ki, gözü insanların malında olsun. Baxmayaraq ki, Qarunun xəzinəsinə malik olsa belə”. İmam Əli (ə) buyurur: “Ey oğlum! Mən acı şeylərə görə səbir etmişəm və yoxsulluq kimi acısını görməmişəm. Əgər bir gün yoxsul olsan, yoxsulluğunu özün ilə Allahın arasında qərar ver. Yoxsulluğunu insanlara bildirmə. O kəs ki, yoxsulluğunu bəyan edər ən yaxşı fürsətləri əldən verər. İnsanların təbiəti belədir ki, yoxsullardan üz çevirərlər. Bu məsələ də onların yoxsulluğuna səbəb olar”. Sədəqə vermək yoxsulluqdan nicat tapmağın yollarından biridir. İmam Əli (ə) buyurur: “Nə zaman əliniz boş olsa, sədəqə verərək Allahla ticarət edin”. Allah Təala buyurur ki, yoxsul insan gərək həqir və zəlil olmasın. Həm sədəqə verərək şəxsiyyətini qorusun və həm də bu yolla Allahla ticarət etsin. İnsan sədəqə verən zaman özünü alçaq hesab etməz. Eyni zamanda insan sədəqə verən zaman alan deyil, verən olar. Başqalarına əl açmaq kimi alçaq ruhiyyənin kökünü kəsər. /Deyerler.org/ Oxşar xəbərlər
|