QURANDA NİFAQ VƏ İKİÜZLÜLÜK
Bu məsələ ilə əlaqədar Qurani-kərimdə bir çox incəliklər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd etməklə kifayətlənirik:
1-Quranda “ikiüzlülük” küfrü gizlətmək və imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər zahirdə (Allaha peyğəmbərlərə) şəhadət verir, batində isə (onları) inkar edirlər. (“Münafiqun” surəsi, ayə: 1-3; “Ali-İmran” surəsi, ayə: 167; “Əl-mizan”, 9-cu cild, səh. 325 və 19-cu cild, səh. 278.) 2-Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır. (“Tövbə” surəsi, ayə: 97.) 3-Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkk-şübhə içində olmalarına işarə edilmişdir. (“Nisa” surəsi, ayə: 143; “Əl-mizan”, 5-ci cild, səh. 116-117.) 4-İkiüzlülük sifətinin amillərindən biri də şəkdir. (“Sad” surəsi, ayə: 8; “İbrahim” surəsi, ayə: 9.) 5-Quran nöqteyi-nəzərindən, münafiqlərin Allaha və Peyğəmbərə (ə) imanı inkar etmələrinin səbəbi budur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeyb aləminə və hiss olunmayan şeylərə (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar. (“Nəhl” surəsi, ayə: 22.) Münafiqlər maddi dünyagörüşləri və hissiyyata əsaslandıqlarından tövhidi, məadı və Peyğəmbərin (ə) risalətini qəbul edən mühacir və ənsar qrupunu axmaq hesab edir, onların əməllərini ağılsız və puç iş kimi qələmə verirdilər. Özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar. (“Təfsiri-təsnim”, 2-ci cild, səh. 278.) 6-Münafiqlərin şəkk-şübhə və tərəddüdləri onların qəlblərinin xəstə olması ilə əlaqələndirilir. (“Tövbə” surəsi, ayə: 45; “Təfsiri-təsnim”, 2-ci cild, səh. 137; “Əl-mizan”, 5-ci cild, səh.118.) 7-Bəzi təfsirçilərin nəzərincə ikiüzlülük şirkin xarici nümunələrindəndir; insanın daxilində şirkdən heç bir əsər-əlamət görünməsə, ikiüzlülük fitnəsi də ondan heç vaxt baş verməz. Necə ki ikiüzlülüklə yanaşı əməl Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən də belə deyilir: “İkiüzlülükdən irəli gələn riya Allaha şərik qoşmaqdan başqa meyvəsi olmayan ağacdır.” (“Təfsiri-təsnim”, 2-ci cild, səh. 262.) 8-Qurani-kərim kafirlərin azğınlıq və çirkin əməllər içərisində qərq olduqlarını bəyan etdiyi kimi, (“Bəqərə” surəsi, ayə: 81.) Münafiqlərin də günah və tüğyan bataqlığında boğulduğundan qəlblərinin kor olmasından söz açmışdır. (“Bəqərə” surəsi, ayə: 15.) Əgər əql və gümanın mübarizəsində, əql gümana məğlub olarsa, güman nəfsin idrak adlı səhnəsinə daxil olub, düzgün dərketmə yollarını bağlayar. Belə bir insan heç vaxt düzgün fikirləşə bilmir, nəfsi puç düşüncələrlə dolur. Nəticədə qəlb həqiqəti qəbul etmir, puç düşüncələr onu azğınlığa doğru aparar. (Bax: “Təfsiri-təsnim”, 2-ci cild, səh. 291.) 9-Quranın bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir. (“Nisa” surəsi, ayə: 140.) 10-Ayələrdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərik olmalarına işarə edilmişdir. Buna onların Allahın rəhmətindən məhrumluğunu misal göstərmək olar. Qurani-kərim müşriklər haqda belə buyurur: “Allah onları Öz rəhmətinə daxil etməyəcəkdir.” (“Tövbə” surəsi, ayə: 113; “Nisa” surəsi, ayə: 116.) Allahın rəhmətinə nail olmamaq münafiqlərə də aiddir. Belə ki, Allah-taala buyurur: “Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.” (“Münafiqun” surəsi, ayə: 6.) Qurani-kərimin bəzi ayələrində münafiqlərin hətta kafirlərdən pis olduğu vurğulanır. (“Nisa” surəsi, ayə: 145.) Ayətullah Cəvadi Amuli bu barədə deyir: “Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi dini inkar etməklə yanaşı həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Lakin küfr içərisində olanlar belə nəfsani çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə bu qəbil çirkinliklərlə doludur.” (“Təfsiri-təsnim”, 2-ci cild, səh. 226-250.) (nur-az) Oxşar xəbərlər
|