Ən təhlükəli düşmən – gizli düşməndir
İnsan həyatı boyu çox sayda düşmənlə üzbəüz gələr. Bu düşmənçilik ailə üzvlərindən tutmuş, dostlar və cəmiyyətin hansısa fərdi ola bilər. Əsil mövzu – bu düşməni tanımaqdır. Məlum olan düşmənlə mübarizə aparmaq əziyyət və çətinliklə bir yerdə olsa da, insan üçün daha asan olar. Ancaq o düşmən ki, gözlərdən gizlidir və ya onun düşmən olduğundan agah deyilsən – daha çətindir. Yəni, əziyyət və çətinliklərlə yanaşı, öz cəbhəni necə qoruyacağını bilmirsən. Bir cəmiyyətin inkişaf etməsinə şərait yaradan əsil amil – bəsirətdir. Bəsirət – haqqa dəvət etmək üçün ən zəruri mövzulardandır. Allah yolunun yolçuları gərək özlərini bu gözəl sifətlə bəzəsinlər. Bəsirətin ən mühüm bəhrəsi odur ki, insan düşmənini tanıyar və daha ayıq olar. Quran bu dəstəni tanıdır. Bu dəstə insanlar hər bir müsəlman üçün təhlükə daşıyır. Bəs niyə? 1. Ruhları xəstədir. “Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10). Ruh xəstəlikləri ona görədir ki, dinə, xüsusilə də İslam dininə qarşı şəkk və şübhə içindədirlər, onların qəlbləri xəstədir və Allah bu xəstəliyi get-gedə daha da artırır. 2. Özlərini böyük hesab edirlər. “Onlara: «Gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin», deyildikdə (inkar və təkəbbür üzündən) başlarını bulayarlar, onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən”. (“Munafiqun” 5). Özünü böyük görmək və başqalarını təhqir etmək – ruhi xəstəliklərdən hesab olunur. İnsana çox sayda kəbirə günahı gətirir. Bu sifət çox təhlükəlidir. Çünki lənətlik iblis məhz bu sifətinə görə cənnətdən qovulmuşdu. Təkəbbür əhli çatışmamazlıq hiss etdiyi üçün onu təkəbbürlə ört-basdır etmək istəyər. Təkəbbürün meyvəsi – Allaha itaətsizlik və başqalarını təhqir etməkdir. 3. İmansızlıq. “İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər”. (“Bəqərə” 8). İman qəlbdə olmalıdır, təkcə dildə deyil. 4. Ziyankar tacirlərdirlər. “Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular”. (“Bəqərə” 16). Bu dünya – ticarət dünyasıdır və münafiqlər bu bazarda ziyana uğrayarlar. 5. Nəsihət qəbul etməmək. “Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir”. (“Bəqərə” 205). Nə zaman münafiqi nəsihət etsələr, qəlbi xəstə olduğu üçün qürur edər və onu izzət hesab edər. Halbuki bu izzət deyil, təkəbbürdür. 6. Qorxu. Münafiq imansız olduğu üçün daima qüdrətini əldən verəcəyinə görə qorxar. Onlar döyüşdən və can verməkdən qaçarlar, müşahidəçi kimi iştirak edərlər. “Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar”. (“Əhzab” 19). Oxşar xəbərlər
|