Minnət, riya və digər mənfiliklərlə yaxşı əməllərimizin yanmasına imkan verməyək
İslam dini insanın səadətə çatmaq yolunu imanda və saleh əməldə görmüşdür. Ancaq bunu nəzərə almaq lazımdır ki, saleh əməli yerinə yetirmək kifayət etməz. Onu davam etdirmək və qorumaq mühümdür.
İnsanların bir çoxu saleh əməl edirlər, ancaq onu qoruya bilmirlər. Bu zaman da özlərindən qabağa heç nə göndərə bilmirlər. Müxtəlfi amillər bu yaxşı əməlləri məhv etmiş və yandırmışdır. Bəs yaxşı əməllərimiz nə zaman məhv ola bilər? 1. O zaman ki, əməlimiz ancaq dünyəvi xarakter daşıyar. Təbiidir ki, bu cür əməlin heç bir axirət təsiri ola bilməz. Necə ki, Sübhan Allah buyurumuşdur: “Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik”. (“Furqan” 23). Bu Quran ayəsi demək istəyir ki, hər nə qədər əməlin zahiri yaxşı görünsə belə, şirk və küfrünə görə havada dağılan toz-torpağa çevrilər. 2. Ola bilsin ki, əməlin axirət tərəfi olsun, ancaq onu yerinə yetirən insanın niyyəti Allaha xatir olmamışdır. Bu məsələdə riya və minnət də qoyula bilər. Belə ki, Allah buyurur: “Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?! Allah Öz ayələrini (dinin hökm və maarifini) sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz (ki, məbada axirətdə, çox möhtac olduğunuz halda öz xeyir əməllərinizi riya, minnət və küfr odu ilə yanıb məhv olmuş görəsiniz)”. (“Bəqərə” 266). Bu ayə öz infaqlarını minnət və riya ilə edənləri təsvir edər. Bu insanlar yaxşı iş görərlər, ancaq riya və minnətlərinə görə əməllərinin təsirini aradan aparar və məhv edərlər. Minnət qoymaq və riya etmək nadanların işidir, çünki o kəs ki, aqil olar, heç bir zaman əməllərini minnətə görə yandırmaz. Hər bir işi xalis niyyət və idrakla bir yerdə yerinə yetirsək və riyadan uzaq olmağa çalışsaq, əməlimizi axirətə azuqə kimi göndərə bilərik. 3. Ola bilsin ki, əməl yaxşı və bəyənilmiş əməl olsun. Ancaq onu yerinə yetirən insan bu əməldən sonra başqa o qədər çirkin əməl görər ki, onun təsiri aradan aparar. Bu çirkin əməllərə Quranın nəzərində daxildir: a). Küfr. “Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə, onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq”. (“Kəhf” 105). b). Şirk. “Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı”. (“Ənam” 88). c). Mürtədlik. “Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır”. (“Bəqərə” 217). d). Böyük və əziz Peyğəmbərə (s) hörmətsizlik etmək. “Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir)”. (“Hucurat” 2). Beləliklə deyə bilərik ki, bir yaxşı işi yerinə yetirmək səadətə çatmaq üçün kifayət deyildir. Bəlkə onu qorumaq və hifz etmək mühümdür. Əməllərimizi yuxarıda saydığımız amillərə görə yandırıb məhv etməyək. /Deyerler.org/ Oxşar xəbərlər
|