Təqvanın mərhələləri. Şeytanın (lən) vəsvəsələrindən qorunmağın yolları
Qurani-Kərimin buyurduğu kimi, şeytan cinlərdən olub mələklərlə bir yerdə ibadət etmişdir. Ancaq təkəbbürü, həsədi bu məlunun bədbəxtliyinə səbəb olmuşdur. Allah dərgahından qovularaq lənətlənmişdir. O da Allahın izzətinə and içərək, muxlis insanlardan savayı başqa insanları yolundan azdıracağına söz vermişdir. Şeytanın əsil hədəfi insanı Allahdan, Onu zikr etməkdən qafil etməkdir. Ona görə də davamlı olaraq insana vəsvəsə edər və insan Allahı yada salan kimi gizlənər. O zaman ki, insan qafil olar, yenə irəli gələr və vəsvəsə edər. Şeytan öz vəsvəsəsi ilə bütün insanları yolundan azdırmaq istəyir. Ancaq muxlis insanlar qarşısında məğlub olur. Muxlis insanların ən bariz sifəti isə təqvadır. Təvqa, yəni insanın özünü günah qarşısında saxlamasıdır. (Tebyan) Təqvanın mərhələləri vardır ki, onlara işarə edək: 1. Fasid əqidəyə qarşı təqva. 2. Kəbirə günahlara qarşı təqva. 3. Bütün günahlara qarşı təqva. 4. Fasid əxlaqa qarşı təqva. 5. Məkruh əməllərə qarşı təqva. 6. Yersiz işlərə qarşı təqva. Hər bir insan malik olduğu istedadlara görə təqvanın müəyyən mərhələsini əldə edə bilər. Təqvanın mənbəyi iki şeydir: Allahı yada salmaq və davamlı olaraq Allaha diqqət etmək. Bununla yanaşı, Allahın hər yerdə və hər bir halda mövcud olduğunu qəbul etmək. Qəbul etmək ki, insanın etdiyi hər bir əməl, əməl dəftərində qeydə alınar və o, Allah qarşısında cavab verməli olacaqdır. Şeytanın vəsvəsəsi daimidir. O, davamlı olaraq insanın fikirləri ətrafında dövr edər və nüfuz üçün yollar axtarar. Quran şeytanın nüfuz etməsini bu cür təsvir etmişdir: 1. Şeytanın vəsvəsəsi bəzən uzaqdandır: “Beləliklə şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»”. (“Taha” 120). 2. Bəzən insanın ruhuna və canına nüfuz edərək olar: “O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır”. (“Nas” 5). 3. Bəzən onunla yoldaş olar: “Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa), ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. (“Zuxruf” 36). 4. Bəzən də təmas vasitəsilə: “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201). Şeytan (lən) ancaq imanı zəif olanları vəsvəsə etməz, bəlkə əsil vəsvəsə etdiyi insanlar - imanlı və təqvalı möminlərdir. Lakin bu insanlar Allahı və onun nemətlərini yada salaraq, bu vəsvəsələrdən xilas olar və həqiqətləri görərlər. Hər bir insan hansı yaşda olursa-olsun, şeytan tərəfindən vəsvəsə oluna bilər. Bu vəsvəsələr cavanlıq dövründə daha çox olar. Ona görə də bu yaşda olan cavanların nicatı – təqvadadır, Allaha pənah aparmaqda və nemətlərini, lütfünü yada salmaqdadır. Ona görə də deyə bilərik ki, insan təqvanın hansı mərhələsində olursa-olsun, şeytan tərəfindən vəsvəsə olunar, gərək qafil olmasın. Hər bir halda Allaha pənah aparıb, özünü ona sığındırsın. Allaha sığınmaq – vəsvəsənin aradan getməsinin ən yaxşı yoludur. /Deyerler.org/ Oxşar xəbərlər
|