Cinlər kimdir? İnsanlardan fərqləri nədir?
Qurani-Kərimin bizə tanıtdığına görə, cin – gözlərdən gizli və hiss olunmayan bir varlıqdır ki, iradəyə malikdir. Quran 22 dəfə cinn sözünə işarə etmişdir. Quranın 72-ci surəsi də onların adı ilə adlanır. Qurani-Kərim bizlərə cinləri belə tanıtmışdır: - Cinlər atəşin şöləsindən yaranmışdır. - Elmləri, dərkləri vardır və haqqı batildən ayıra bilirlər. Məntiqə malikdirlər. - Onlar yer üzündə insanlardan əvvəl yaşayıblar. - Onlar insanların ehtiyac duyduğu bəzi işləri görə bilirlər. - Onların arasında bəzilərinin qüdrəti başqalarınkından daha çoxdur. - Məsuliyyət və vəzifələri vardır. - Bəziləri mömin və bəziləri də kafirdirlər. - Onların da Qiyaməti və hesabı vardır. - Onlar da insanlar kimi dünyaya gəlir və ölürlər. Sonra da axirətə gedirlər. - Onların da erkəyi və dişisi vardır. - Sayları insanlardan daha çoxdur. Cinlərin insanlardan fərqi odur ki, onlar görünməzdirlər və istədikləri qiyafəyə düşə bilirlər. Onlar insanlardan əvvəl xəlq olmuşdular. Bəs bu varlıqların qeybdən xəbərləri vardırmı? Cinlər gözdən gizli olduqları və uzun məsafəni qısa zamanda gedə bildiklərinə görə insanlar belə hesab edirlər ki, onların qeybdən xəbərləri vardır. Ancaq həqiqət belədir ki, ancaq Allah qeybdən xəbərdardır. Cinlər Qurana iman gətiriblər. Besətin onuncu ilində Həzrət Peyğəmbər (s) Məkkədən Taifə gedir ki, insanları İslam dininə dəvət etsin. Ancaq heç kəs bu dəvətə müsbət cavab vermir. Qayıdan zaman bir vadiyə çatır ki, oranı cinlər vadisini adlandırırdılar. Gecəni orada qalır və Qurandan ayələr oxuyur. Cinlərin bir dəstəsi bu ayələri eşidir və iman gətirirlər. Təbliğ üçün öz qövmlərinin yanına gedirlər. Əlqəmə ibn Qeys, Abdullah ibn Məsuddan nəql edir ki, Məkkədə bir gecə Həzrət Peyğəmbəri (s) tapmadım. Haranı axtardımsa, fayda vermədi. Gördüm ki, Həra tərəfdən gəlir. Soruşdum ki, harada idiniz? Biz çox narahat olduq. Həzrət (s) buyurdu: “Cinlərin dəvət edəni mənim sorağıma gəlmişdi. Mən də onlara Quran oxumaq üçün getdim”. Məni özü ilə apardı və cinlərin ayaq izlərini mənə göstərdi. İnsanların bu tanınmayan varlıqlara reaksiyaları fərqlidir. Bəziləri xoşagəlməz hadisələri və ya xəstəlikləri onlarla bağlayırlar. Belə hesab edirdilər ki, cinlər təzə körpə dünyaya gətirmiş anaya və övladına ziyan vura bilir. Ona görə də başının üstünə soğan qoyardılar ki, pis iyindən onlara yaxınlaşa bilməsinlər. Əgər cinlərdən həqiqətən amanda qalmaq istəyiriksə, gərək onları yaxşı tanıyaq və onlara olan elmimizi artıraq. Cinlərin də insanlar kimi yaxşıları və pisləri vardır. Əgər elmimiz çox olarsa, onların şərindən və pis əməllərindən amanda qala bilərik. /Deyerler.org/ Oxşar xəbərlər
|