Zahidlik – tərki-dünyalıq deyil...
Məsum İmamlarımız (ə) tərəfindən həmişə mədh edilən əxlaqi sifətlərdən biri də zahidlikdir. Zahidlik qəlbi bir haldır ki, Quran bu haqda çox söz açmışdır. “Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün”. (“Bəqərə” 54). Əmirəl-möminin (ə) buyurur: “Quranda zahidlik iki cümlədə xülasə olur: əldən verdiklərinizə görə təəssüflənməyin və Allahın sizə verdiklərinə şad olmayın”. Hər kim keçmişinə görə qəm yeməz, o, gələcəyinə görə şad olmaz. İnsan həyatı boyu bu dünyada ya zərər çəkər, ya da hansısa nemətə qovuşar. Hər kim bu dünyanın nemətlərinə göz dikməz, niyyəti daha ucalarda olar. Ona görə də nə maddi nöqsanlardan qəmgin və narahat olar, nə də bir maddi nemətə çatmağa görə sevinər. Bəlkə tək qəm və qüssəsi – İlahi qürb məqamıdır ki, kamala çata bilsin. Ona görə də zahidlik o deyildir ki, insan dünya nemətlərindən bəhrələnməsin. Yoxsul olsun və ruzi qazanmaq üçün səy göstərməsin. Zahidlik – insanı dünyaya bağlayan hər bir şeyə qarşı rəğbətsiz və meylsiz olmaqdır. Ola bilsin ki, bir insanın mal-dövləti çox olsun və eyni zamanda ən zahid insan olsun. Çünki qəlbi maddi nemətlərə bağlanmamışdır. Sərvəti nə onu günaha tərəf çəkir və nə də savab işləməkdən uzaqlaşdırır. Həzrət Süleyman (ə) ən böyük hökumətə malik olmasına baxmayaraq, dövrünün ən zahid insanı idi. Nəhəng sərvətinin olmasına baxmayaraq, arpa çörəyi yeyirdi. Sərvətini Allah yolunda xərcləyirdi. Hədislərdə oxuyuruq ki, Həzrət Süleymanın (ə) həyat tərzi belə idi ki, səhər olan zaman zənginlikdən üz çevirərdi. Yoxsulların yanına gedərdi və onların yanında əyləşib, söhbətlər edərdi. O zaman ki, gecə olardı, kobud paltar geyinər və onu boynuna möhkəm bağlayardı. Bu halda səhərə qədər ağlayar və Allaha ibadət edərdi. Toxuduğu zənbillərdən əldə etdiyi pulla yemək alar və onu yeyərdi. Allahdan bu qədər sərvəti istəməyinin sirri onda idi ki, kafirlərə qalib gəlsin. İmam Həsən Əsgəri (ə) zahidliyi belə görür: “Ən zahid insan o kəsdir ki, haram işi tərk edər və harama düçar olmaz”. O kəslər ki, Allah yolunun yolçusu deyildirlər, onlar üçün günah işlətmək ləzzət gətirəndir. Ancaq çox az insan vardır ki, günahın həqiqətini dərk edib onu tərk etməyə nail olublar. Günah etmək bir insan üçün uçurumda hərəkət etməyə bənzəyir ki, insan bu uçurumu görmür və orada çox asan şəkildə hərəkət edir və bu hərəkətindən ləzzət alır. Ancaq o insan ki, günahı tərk edər, əslində uçurumun əksinə hərəkət edər. Günahı tərk etmək onun üçün çətin olsa da, insana xüsusi mənəvi hal bəxş edər. Bu insanı zahid adlandırmaq olmaz, çünki zahidlik qəlb halıdır və o insan ki, qəlbində günaha meyl hiss edər – zahidlik məqamına çatmamış deməkdir. Beləliklə İmam Həsənin (ə) nurani kəlamlarından belə nəticə çıxartmaq olar ki, hər kim zahidlik məqamına çatmaq üçün nəfsini islah etməklə məşğul olar, ilk addımda günahı tərk etməlidir. Günahı tərk etməyin qurucu təsiri nəfsini islah etməkdə özünü göstərəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|