Peyğəmbərimiz (s): “Ey Fatimə, Allah Təala səni seçdi və pak etdi. Səni bütün qadınların xanımı etdi...”
Şeyx Səduq ibn Abbasdan eşitdiyi bir rəvayətdə Peyğəmbərin (s) Əhli-beytinə yetişəcək müsibətlər barədə irəlicədən xəbər verdiyini nəql edir. Aşağıdakı hissə də həmin rəvayətdən götürülmüşdür: “Qızım Fatimə(s.ə.) əzəli və əbədi olaraq 2 dünyanın qadınlarının xanımıdır. O, mənim cismimin bir parəsi, gözümün nuru, qəlbimin meyvəsi və vücudumda olan ruhumdur. O «Hövrau Ünsiyyə»dir. Mehrabda Allah qarşısında ibadət etməyə başladığı vaxt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu zaman Allah Təala mələklərinə buyurar: «Ey mələklər, Mənim qarşımda ibadət üçün dayanmış kənizlərimin sərvəri olan kənizimə tamaşa edin. Görün, Mənim qarşımda cismi necə əsir. O, bütün varlığı ilə Mənə ibadət edir. Sizi şahid tuturam ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam. (Yaxud sizə şəhadət verirəm ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam)»””. Müəllif deyir ki, Həzrət Muhəmməd (s) bu sözdən sonra buyurmuşdu: «Mən Fatiməyə (s.ə) baxanda yadıma məndən sonra ona üz verəcək müsibətlər düşür. Sanki qəm və kədərin onun evinə necə varid olmasını, ona ediləcək hörmətsizliyi, haqqının əlindən alınmasını, öz irsinə yetişə bilməməsini, qabırğasının sındırılmasını, boynunda olan və hələ dünyaya gəlməmiş uşağın siqt olunmasını, onun «Ya Muhəmmədahu» çığırmağını elə indidən görurəm. O, bir cavab eşitmir, lakin kömək istəyir. Heç kim də ona kömək etmir, həmişə məndən sonra hüznlü, qəmli və gözü yaşlıdır, hərdən belə fikirləşir ki, vəhy evindən kəsilib, mənim ayrılığıma mübtəla olubdur. Gecələr hövlnak durur, ona görə ki, gecə namazı vaxtı mənim Quran oxumağımı eşidərdi. İndi isə eşitmir. Sonra atasının sağlığında necə əzizlənib, nəvaziş edildiyini xatırlayıb qəmli-qəmli, için-için ağlayır. Bu zaman Allah Təala mələkləri onun munisi edər. Mələklər həzrət Məryəmlə həmsöhbət olduqları tək, onunla da elə həmsöhbət olarlar. “Ey Fatimə, Allah Təala səni seçdi və pak etdi. Səni bütün qadınların xanımı etdi. Ey Fatimə, Allahına ibadət və səcdə et. Allah dərgahında rükuda olanlarla rüku elə”. Sonra elə bil görürəm ki, o, dərddən və qubardan xəstələnib, qulluğa ehtiyacı vardır. Allah Təala İmran qızı Məryəmi (s.ə) ona baxmağa göndərər. Bu vaxt o, Allah Təala ilə belə dərdləşər: «İlahi, həyatdan doyub yorulmuşam. Dünyapərəst insanların əlindən artıq cana gəlmişəm. Məni atama qovuşdur». Allah Təala da onu mənə yetirər. O, mənim Əhli-beytimdən qəmli, kədərli, haqqı qəsb olunmuş və öldürülmüş halda mənə yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha yalvarıb deyərəm: «İlahi, ona zülm edən şəxsləri öz rəhmətindən uzaq et. Onun haqqını qəsb edənləri cəzalandır. Onu kədərləndirənləri xar elə. Qızımı hamilə ikən zərbə ilə vurub uşağını hələ dünyaya gəlməmiş məhv edənləri isə əbədi olaraq cəhənnəm atəşinin sakini et». Bu zaman mələklər deyərlər: «Amin! İlahi, bu duanı müstəcab elə». (Şeyx Abbas Qumi, “Beytül -əhzan”) /Deyerler.org/ Oxşar xəbərlər
|