“...Demirəm ki, mənə siması gözəl olan bir övlad verəsən. Allahım, mənə elə bir övlad ver ki, Sənə itaət etsin...”
Mьəllif: admin1
Tarix: 23-03-2020, 10:19
“...Demirəm ki, mənə siması gözəl olan bir övlad verəsən. Allahım, mənə elə bir övlad ver ki, Sənə itaət etsin...”
“Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır”. (“Ali-İmran” 14)

Bəli, Allah Təala buyurur ki, Mən insanların qəlblərinin sevimlisi olmağım üçün qadınları zinətləndirdim, bəzədim. Qadını elə xəlq etdim ki, kişi onu görəndə ona meyl etsin və onunla evlənsin.

Övladları zinətləndirdim ki, dünyaya gələn zaman ata və anasının qəlbini fəth etsinlər. Onlar övladları üçün canlarını qurban verməyə hazır olsunlar.

Pulu bəzədim ki, bəndələrim qışda və yayda, soyuqda və istidə, maşınla və ya nələri varsa onunla pulun dalınca getsinlər. Heyvanları və minikləri bəzədim ki, insanlar həyatlarında onlardan bəhrələnsinlər. Əkinçiliyi zinlətləndirdim ki, əkin sahəsini görəndə desinlər ki, “nə gözəl əkin sahəsidir.

Biz də gedək və buğda əkək”. Onları bu işə o qədər aşiq etdim ki, əkib, biçmək onlar üçün bəzənmiş bir iş olar. Bunlar dünyanın matahlarıdır və keçib, gedər. Gözəl qayıdış yeri isə Allahın yanındadır. Bütün bu nemətləri sizin üçün qərar vermişəm”.

Allah buyurur ki, övladlarınıza zinət bəxş etdim ki, dünyaya gələn zaman onun aşiqi olasınız. Mənim onun haqqında olan istəklərimi yerinə yetirəsiniz.
İmam Sadiq (ə) buyurur: “Filankəs bir gün mənə dedi: “Ey Allahın Rəsulunun oğlu, mən övlad sahibi olmaq istəməmişəm.

İstəyirdim ki, ancaq mən və arvadım olsun. Ola bilsin ki, arvadım uşaq istəyirdi, ancaq mən deyirdim ki, uşağı nə edirsən?

Körpə uşaq səhərə qədər ağlayır və yatmağa qoymur. Xəstələnir, gərək həkimə aparasan. Səfərə getmək istəyirsən, gedə bilmirsən.

Gərək aparıb, ata və anana verəsən. Onlar da uşağa min dənə irad tutarlar. Yəbnə Rəsulallah! Mən Zilhəccə ayının doqquzunda Ərəfat səhrasında idim.

O yerdə idim ki, İmam Hüseynin (ə) o əzəmətli duasını oxuyurdular. Bir cavan gördüm ki, ağlayır və dua edir.

O, deyirdi: “Allahım, ata və anamı bağışla, dünya və axirətlərini abad et”. Deyir və ağlayırdı.

Məkkədən qayıdanda arvadıma dedim ki, mən uşaq istəyirəm. Başa düşmürdüm ki, övlad sahibi olmamaq nə qədər bədbəxtlikdir. Onu gördüm və başa düşdüm ki, övlad xeyir və kəramət mənbəyidir”.

Hədislərin birində deyilir: “Həzrət Peyğəmbər (s) minbərdə oturmuşdu. Moizə deyirdi. İnsanların üzü də Peyğəmbər (s) tərəfə idi. Həzrət məscidin qapısını görürdü və görür ki, Həsən (ə) və Hüseyn (ə) gəlir. İki və üç yaşları var idi.

Onların arasında bir il fərq var idi. Hər ikisi qırmızı köynək geyinmişdilər. İki addım gedən kimi yıxılırdılar. Yenidən ayağa qalxır və bir-birinin əlindən tutub, gəlirdilər.

Moizənin ortasında Peyğəmbər (s) minbərdən aşağı düşdü. İnsanları araladı və qapıya tərəf getdi. Hər ikisini qucaqladı. Həsəni sağ dizinə və Hüseyni sol dizinə otuzdurdu.

Sonra bu ayəni oxudu: “Həqiqətən, mal-dövlətiniz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır”. (Təğabun” 15).”

Əməlisaleh övlada sahib olmaq o qədər böyük bir nemətdir ki, hətta Həzrət İbrahim (ə) və Həzrət Zəkəriyyə (ə) ahıl yaşlarında belə övlad istəyirdilər.

Əmirəl-möminin (ə) buyurur: “Allahım! Mən demirəm ki, mənə siması gözəl olan bir övlad verəsən. Allahım! Mənə elə bir övlad ver ki, Sənə itaət etsin və mən də bundan bəhrələnim və fayda götürüm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Uşaqlarınızı sevin, onları çox istəyin və onlara rəhm edin. Uşaqlara sərt baxmayın, qorxulu qiyafə almayın, rəhmətlə, zərif və xoşluqla rəftar edin”.

İmam Sadiq (ə) buyurur: “Musa (ə) Tur dağında Allaha deyir: “Müqəddəs varlığının yanında hansı əməl o biri əməllərdən daha üstündür?”.

Allah buyurur: “Övladlarına sevgi bəsləmək. O ata və ana ki, övladlarını sevirlər, qucaqlarını açıb, körpələrini qucaqlayırlar, onu öpüb, onunla oynayırlar, onu yanlarında yatızdırıb, qucaqlayırlar, bu, Mənim yanımda ən yaxşı əməldir”.

Bəli, övlad - Allahın böyük nemətlərindəndir. Ona sahib olanlar böyük məsuliyyət altındadırlar. Çünki bu İlahi nemət bizə imtahan üçün göndərilmişdir və ona görə axirətdə cavab verməli olacağıq. Ancaq bu nemət çox şirindir, həyatımızı nurlandırır və bizdən sonra qoyub getdiyimiz dəyərli yadigardır.

Onların əməlisaleh olması bizim axirətdə firavan yaşamağımız deməkdir. Ona görə də övladlarımızı saleh insanlar kimi yetişdirməyə və Allah istəyən kimi onlarla rəftar etməyə çalışaq.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930