Möminlə behişt arasında 200 keçid var
Hər kəs bu dünyada olan zaman aqibətinin necə olmasından nigarandır. Məad mövzusu adətən insanlara iki yolla bəyan olunur. Bir yol ümumi insanların dərk edə biləcəyi səviyyədə təqdim edilir və daha aşağı səthdə insanlara çatdırılır. Bir yol isə daha dəqiq məlumatlara malikdir ki, onun əhli tərəfindən rahat dərk edilə bilir. İnsan ölən kimi onun məadı başlayar. Bu insan bərzəx aləminə daxil olar və Qiyamət baş verənə qədər də orada qalar. Hər bir aqil insan məadı və Qiyaməti dərk edə bilər. Quranda mindən çox ayə vardır ki, məadın var olduğuna işarə edir və onu isbat edir. Quran insanın səadəti üçün gəlmiş bir səma kitabı olduğuna görə orada bəhs olunanlar da onun səadətə çatmağı üçündür. Quran ayələrinin üçdə biri isə tövhid haqqındadır. Çünki bir insanın xoşbəxt olması üçün Allahını tanıması zəruridir. Quran da bu mövzuya xüsusi diqqət etmiş və Allahın sifətlərini, adlarını, Camal və Cəlal sifətlərini insana tanıtmışdır. Quran ayələrinin altı biri məada aiddir. Bu da o deməkdir ki, insan axirəti barəsində və Qiyamət haqqında düşünməli və təfəkkür etməlidir. Yəni, insan hələ bu dünyada olan zaman axirət üçün hazırlaşmalıdır. Bir yerə getmək istəyən zaman biz adətən qabaqcadan plan qururuq. Nə zaman gedəcəyimizi və hara gedəciyimizi müəyyən edirik. Özümüzlə nələri götürəcəyik – bunlar haqqında düşünürük. Bu qısa bir səfər üçün olan planlarımızdır. Ancaq axirət uzun bir səfərdir. Ona əvvəldən hazır olmaq və plan qurmaq lazımdır ki, sonra həsrət çəkənlərdən olmayaq. Həzrət Peyğəmbər (s) hədislərin birində buyurur ki, möminlə behişt arasında 200 keçid vardır ki, onların ən asan olanı – ölümdür. Həzrət (s) buyurur: “Əgər insan bədəninə 60 min qılınc zərbəsi vursalar, onun üçün ölümün bir təsirindən daha asan olar”. Yəni insanın can verməsi o qədər ağır bir hadisədir ki, əgər insan bədəninə 60 min qılınc zərbəsi vursaydılar, can verməkdən daha asan olardı. Bəli, qarşıda bizi belə bir səfər gözləyir. Ağıl deyir ki, insan belə bir səfər haqqında düşünməli və hazır olmalıdır. Heç kəs deyə bilməz ki, mən bu səfərə getmək istəmirəm. Bu səfər insanın ixtiyarında deyildir. Bu yol üçün əldə edə biləcəyimiz ən yaxşı azuqə - təqvadır. Təqvalı insan ölümü heç bir zaman yadından çıxartmaz və onun üçün yaxşı planlar qurar. /Deyerler.org/ Oxşar xəbərlər
|