Dünyanın bütün yerlərindən möminləri ora apararlar
Bərzəx aləmi ikinci bir aləm olduğu üçün birinci aləmlə rabitəsini kəsməz və onunla əlaqədə olar. Belə ki, ölülər dirilərin onlara göndərdiyi xeyir işlərin savabından bəhrələnərlər. Bəs möminlərin ruhu harada toplaşar? Bəzi hədislərdə oxuyuruq ki, möminlərin ruhu Vadiüs-səlamda toplaşarlar. “Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cisim, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»”. (“Zumər” 73). Bu dünyada həmin vadi Nəcəfdə zühur etmişdir ki, ona vilayət vadisi də deyirlər. Əhməd ibn Ömər nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətinə gəlmişdim. Ona dedim: “Qardaşım Bağdaddadır, nigaranam ki, elə orada ölsün”. İmam (ə) buyurdu: “Qorxun olmasın. Çünki dünyanın şərqində və qərbində elə bir mömin qalmaz, məgər o halda ki, Allah onun ruhunu Vadiüs-səlamda başqa möminlərin ruhları ilə qərar verər”. Soruşdum: “Vadiüs-səlam haradadır?”. Buyurdu: “Kufənin arxasında. Agah ol, sanki mən ruhların toplaşmasını görürəm ki, halqa-halqa əyləşiblər. Bir-biri ilə söhbət edirlər””. (Tebyan) Nəcəf şəhəri əvvəllər səhralıq idi və Əmirəl-möminin (ə) mübarək cismi orada dəfn edildikdən bir müddət sonra ora şəhər salındı və ona görə ona Kufənin zəhri deyirlər. Həbbə Urəni nəql edir: “Biz Əmirəl-möminin (ə) ilə Kufənin zəhrinə (Nəcəfə) tərəf getmək üçün Kufədən xaric olduq. Həzrət (ə) Vadiüs-səlamda dayandı və sanki kiminləsə söhbət edirdi. İmam (ə) o qədər ayaq üstə dayandı ki, mən yoruldum. Əyləşdim, yoruldum, ayağa qalxdım, sonra yenə yoruldum, əyləşdim. Nəhayət, İmama (ə) dedim: “Bir saat istirahət edin”. Əbamı çıxardıb ora sərdim ki, Həzrət (ə) üstündə əyləşsin. İmam (ə) mənə buyurdu: “Ey Həbbə! Bu qiyam deyildir, bəlkə möminlə söhbətdir”. Dedim: “Ey Əmirəl-möminin! Ölülər danışa bilirlərmi?”. Buyurdu: “Bəli, əgər gözünün önündəki pərdə götürülsəydi, görərdin ki, onlar halqa-halqa əyləşiblər və söhbət edirlər”. Soruşdum: Onlar cisimdirlər, yoxsa ruhdurlar?”. Buyurdu: “Ruhdurlar, dünyanın heç bir yerində mömin ölməz, məgər o halda ki, ruhuna deyilər Vadiüs-səlama qoşulsun””. /Deyerler.org/ Oxşar xəbərlər
|