Uca Yaradan Həzrət Fatimənin (s.ə.) ismətinə şəhadət verir
Həzrət Fatimə (s.ə) İslam dininin tək məsum xanımıdır. Onun ismətinə Quran və hədislər şəhadət verir. İftixarlı qısa ömrü bunun bariz nümunəsidir.
Allah Təala Quranda buyurur: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etməyə iradə edir”. (“Əhzab” 33). Bu ayədən aydın görmək olur ki, Əhli-beyt (ə) məsumdur və hər bir günahdan uzaqdır. Bəs Əhli-beyt (ə) kimlərdir? Əhli-təsənnün mötəbər hədislərinə və Peyğəmbərin (s) həyat yoldaşlarının dediklərinə görə, bu - əba altında olan beş nəfərdir. Həzrət Fatimə (s.ə) də onlardan biridir. Beləliklə, Həzrət Fatimə (s.ə) Quranın buyurduğu kimi, məsumdur. Həmçinin, əhli-təsənnün və Əhli-beytin (ə) Peyğəmbərdən (s) nəlq etdiyi hədislərdə də bunu görmək olar. Həzrət buyurur: “Fatimə - mənim bədənimin parçasıdır. Hər kim onu sevər, məni sevmişdir. Hər kim onunla düşmən olar, mənim və Allahın düşmənidir”. Başqa hədisdə buyurur: “Fatimə - bədənimin bir parçasıdır. Hər kim ona əziyyət verərsə, mənə əziyyət vermişdir. Hər kim onu qəzəbləndirmişdir - məni və Allahı qəzəbləndirmişdir”. Əhli-təsənnünün bu mötəbər hədislərindən belə başa düşmək olur ki, hər kim Həzrət Fatiməni (s.ə) qəzəbləndirər və ona əziyyət verərsə, Həzrət Peyğəmbəri (s) və Allahı incitmiş deməkdir. Burada xanımım məsumluğu üzə çıxır. Çünki əgər Həzrət Fatimə (s.ə) məsum olmasaydı, Peyğəmbər (s) necə onun qəzəbini Allahın qəzəbi və onun razılığını Allahın razılığı hesab edərdi? Məgər məsum olmayan bir insanı Allahın qəzəbi və ya razılığı ilə eyni tutmaq mümkündürmü? İbni Əbil Hədid xanımın məsum olduğunu etiraf edərək, bəyan edir: “Allahın Peyğəmbərinin (s) Fatimə (s.ə) haqqında buyurduğu: “Hər kim ona əziyyət verərsə - mənə əziyyət vermişdir, hər kim mənə əziyyət verərsə - Allaha əziyyət vermiş olar” - Həzrət Fatimənin (s.ə) məsum olmasına dəlalət edir. Çünki əgər Həzrət Fatimə (s.ə) məsum olmasaydı, hər bir halda onun əziyyəti Peyğəmbərin (s) əziyyəti hesab edilməzdi”. Beləliklə nəticə çıxarda bilərik ki, Peyğəmbərin (s) sözlərindən xanımın məsum olması sübut edilir. Həm əhli-təsənnün və həm də Əhli-beyt (ə) mənbələri bunu sübut edir. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Fədək zəbt edilir. Buna görə də Həzrət Fatimə (s.ə) haqqını müdafiə edir. Həzrət Əli (ə) xanımın məsciddəki xütbəsindən sonra məscidə gedir və sual verir ki, Quran oxumamısan? Cavab verirlər ki, oxuyublar. Həzrət Əli (ə) buyurur: “Onda de görüm “Əhzab” surəsinin 33-cü ayəsi bizim haqqımızda nazil olub, yoxsa başqalarının?” Deyirlər ki, sizin haqqınızda. Həzrət Əli (ə) buyurur: “Əgər kimsə şəhadət versə ki, Fatimə (s.ə) pis iş görübdür, bunu qəbul edəcəksənmi?” Cavab verirlər ki, bəli, qəbul edəcəyəm və onunla başqaları kimi rəftar edəcəyəm. Həzrət Əli (ə) buyurur: “Bu zaman Allah dərgahında kafir olarsan”. Deyirlər: Niyə? Həzrət Əli (ə) buyurur: “Çünki bu zaman sən Allahın Fatiməni (s.ə) pak adlandırdığı şəhadətini qəbul etmirsən və insanların şəhadətini qəbul edirsən”. İnsanlar bu sözləri eşidən zaman bir-birinin üzünə baxıb deyirlər: “Allaha and olsun ki, haqq Əli ilədir”. Bəli, maraqlısı budur ki, Həzrət Əli (ə) bu ayəni gətirəndə, həm ənsar və həm də mühacirlər onu qəbul edir və təsdiq edirlər. İmam Sadiqdən (ə) soruşurlar ki, Fatiməyə (s.ə) kim qüsl verir? Həzrət (ə) Xanımın məsum olmasına işarə edərək buyurur ki, ona Əmirəl-möminin (ə) qüls verdi. Çünki Fatimə (s.ə) məsum idi və məsuma da məsumdan başqası qüsl verə bilməz. Sualı verən bu cavabdan təəcüblənir və Həzrət (ə) buyurur: “Məryəm haqqında da məsələ bu cür idi. Ona Həzrət İsadan (ə) başqası qüsl vermir”. İmam Baqir (ə) buyurur: “Bu ayə (“Əhzab”, 33) Ümmi Səlimənin evində Rəsullah, Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur. Bu ayə nazil olan zaman Peyğəmbər (s) Əlini, Fatiməni, Həsən və Hüseyni toplayıb buyurur: “Allahım! Bunlar mənim Əhli-beytimdir. Onların haqqında vədlər vermisən. Allahım, çirkinlikləri onlardan uzaq et və onları pak və münəzzəh et””. Allah Təala bizləri Əhli-beytin (ə) yolunda sabitqədəm qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|