Ayətullah Məzahirinin İmam Rzanın (ə) ziyarətinə gedənlər üçün tövsiyələrindən
Böyük təqlid mərcəsi və İsfahan Elmi Hövzəsinin rəhbəri həzrət Ayətullah Hüseyn Məzahiri İmam Rzanın (ə) ziyarətinə gedənlər üçün bir sıra tövsiyələr etmişdir. O tövsiyələrdən bir hissəsini sizə təqdim edirik:
Tövbə Ziyarətə getməzdən öncə tövbə etmək lazımdır. Lakin bilmək lazımdır ki, tövbənin üç rüknü vardır: 1. Dua və təvəssül. 2. Peşmançılıq və xəcalət. Yəni, insan öz etdiyi əmələ görə peşmançılıq hissi keçirsin, Allahdan utansın. 3. Əməl. Ciddi surətdə əməlini düzəltsin, təqvalı olsun. Bir nəfər İmam Rzanın (ə) xidmətinə gəlib dedi: Ey Peyğəmbərin övladı! Mənim üçün dua et! Həzrət buyurdu: "Nə deyirsən? Sən işlərinlə (günahlarınla) mənim belimi sındırırsan". Sonra buyurdu: "Biz bunları görürük. Quranda oxumamısanmı, buyurur: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər ("Tövbə" surəsi, ayə 105)". Ona görə də həqiqi tövbə təkcə dildə olmamalıdır. Çoxları belə hesab edirlər ki, "əstəğfirullah" demək, günahların bağışlanması üçün kifayətdir. Halbuki, dildə deməkdən əlavə, ürəkdə də paşman olmaq lazımdır. Tövbəsinin qəbul olmasını istəyən kəs, ürəkdən peşman olmalı, Haqq Taalanın qarşısında xəcalət çəkməli, başını aşağı salmalıdır. Bir kəs İmam Rzanın (ə) xidmətinə gəlib ondan özü və ailəsi üçün dua etməsini xahiş etdi. İmam buyurdu: "Bəs mən həmişə dua etmirəmmi? And olsun Allaha! Sizin əməlləriniz gecə-gündüz mənə göstərilir". Ziyarətdə ədəbli olmaq Qurani-kərim bizə öyrədir ki, Əhli-beytin (ə) müqəddəs hüzurunda olduğumuz vaxt hüzur ədəbinə riayət etmək lazımdır. Bu ayə Quranda təkrar olmuşdur: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər". Ey insan! Nə istəyirsən et, amma diqqətli ol ki, hüzur ədəbinə riayət edəsən. Çünki Allah, Onun Peyğəmbəri (s) və Əhli-beyt (ə) səni görür. Biz imam Rzanın (ə) hərəminə ehtiram ediriksə, arxamızı hərəmə tərəf çevirmiriksə, hüzur ədəbinə riayət ediriksə, bunların hamısını imam Rza (ə) görür və o, hər yerdə vardır. Ona görə də yaxınlıq-uzaqlıq söhbəti yoxdur. Xəlvətdə də aşkarda da diqqətli olmalı, ədəbə riayət etməliyik. Qeybət, töhmət, böhtandan, naməhrəmə baxmaqdan çəkinmək Ziyarətə gedən şəxs bütün haramları tərk etməli, heç kimin qeybətini etməməlil, birinə böhtan və töhmət deməməli, kiminsə haqqını tapdalamamalı, naməhrəmə baxmaqdan gözünü qorumalıdır. Çünki belə olduqda İmam Rza (ə) öz ziyarətçisindən üzünü döndərir. Bir cavan deyir: İmam Rzanın (ə) hərəminə daxil oldum. Gözüm bir qadına düşdü. Onun ardınca düşdüm və bir yerdə onun üzünə baxıb təbəssüm etdim. Birdən özümə gəldim, necə səhvə yol verdiyimi başa düşdüm. Yadıma düşdü ki, imam Rzanın (ə) hərəmindəyəm və o həzrət (ə) məni görür. Ziyarətnamə oxumadan geri-geri hərəmdən çıxdım. Vicdanım məni çox narahat etməyə başladı. Yuxuya getdim. Yuxuda gördüm ki, hərəmə gedirəm. imam Rza (ə) zərihə söykənib. İrəli getdim, İmama (ə) salam vermədən, o həzrətin üzünə bir silli vurdum. Sonra öz ayağımla həzrətin belinə təpiklə vurdum və hərəmdən eşiyə çıxdım. Yuxudan ayıldım, başa düşdüm ki, hərəmdə qadına şəhvətli baxışım həzrət İmam Rzanın (ə) üzünə silli vurmaq və naməhrəmin üzünə təbəssüm, həzrətin (ə) belinə təpik vurmaqdır. Bu mövzudan qafil olmamalıyıq və onu sadə tutmamalıyıq. Biz həqiqi şiə olmalı, öz əməl və etiqadımızla Əhli-beytin (ə) razılığını qazanmalıyıq. Minnətsiz kömək Əhli-beytin (ə) həyatını mütaliə etdikdə görürük ki, onlara müraciət edənlərə, fəqirlərə, ehtiyaclılara kömək ediblər və eyni halda istəməyiblər ki, gözləri onların gözlərinə düşsün. Çünki belə olduqda müraciət edənlər xəcalət çəkə bilərlər. Ona görə də həmişə çalışırdılar ki, yoxsulların evlərinə gecə yarısı getsinlər və onların ehtiyaclarını aradan qaldırsınlar. Belə ki, ehtiyaclılar özləri də kömək edənin kim olmasını tanımırdılar. Bir nəfər İmam Rzanın (ə) xidmətinə gəlib maddi kömək istədi. İmam (ə) məclisdən çölə çıxıb, evinə getdi və onun üçün min dirhəm pul göndərdi. İmam (ə) daha məclisə qayıtmadı. Ehtiyaclı şəxs pulu alıb getdikdən sonra həzrət (ə) məclisə döndü. İmamdan soruşdular: Ey Peyğəmbərin övladı! Nə üçün pulu özünüz gətirmədiniz? İmam (ə) buyurdu: "Onun gözünün mənim gözümə düşüb, utanmasını istəmirdim". Oxşar xəbərlər
|