Qırılmaz ip! (Vəhdət)
Mьəllif: admin1
Tarix: 30-09-2023, 10:54
Qırılmaz ip! (Vəhdət)
"Allah və (Onun) Rəsuluna itaət edin və heç bir vaxt aranızda ixtilaf salmayın ki, zəif olmağınıza və qüdrətinizin aradan getməsinə səbəb olar. Səbirli olun ki, Allah səbr edənlərlədir." (Ənfal\46)

İslam dini insanların maddi-mənəvi inkişafı və kamilliyə çatması üçün bir çox təməl qanunlara malikdir. Bu qanunlardan bir neçəsi daha çox əhəmiyyət kəsb edir.

Hətta bu səbəbdən, onları əməli və praktiki surətdə göstərmək üçün bir sıra ibadətlər və əməllər də vacib edilib.

İslamın bu təməl qanunlarından biri “VƏHDƏT”-dir ki, İslamın çox önəm verdiyi bir mövzudur. Hal-hazırda, müsəlmanlara hər bir şeydən daha çox lazım olan bir məsələdir.

Allah-taalanın həcc mərasimini vacib etməsinin bir fəlsəfəsi də, müsəlmanların vəhdətinə təkan verməkdir. Cümə günləri müsəlmanların birlikdə qıldıqları cümə namazları islami vəhdətə çağırışdır.

Dini bayramlar, o cümlədən; Qurban, Fitr və sair kimi bayramlar müsəlmanların vəhdəti üçün düşünülüb. Diqqət etsək, görərik ki, adi gündəlik namazların belə camaat namazı şəklində qılınması üçün nəzərdə tutulan saysız-hesabsız savablar da, məhz müsəlmanların birgə olmasına, birliyinə zəmin hazırlamaq üçündür.

Tarixə nəzər salsaq, Peyğəmbərimiz (s) 23 il peyğəmbərliyi zamanı, çoxsaylı nailiyyətlərə sahib oldu. Səbəbi isə vahid İslam ümmətinin olması və müsəlmanların qardaşlığı idi.

Qərb alimləri belə bir fikir səsləndirirlər ki, Qərb aləmi kilsə hakimiyyətindən çıxdığı zaman inkişaf etdi və müsəlmanlar da vəhdətlərini itirdikləri zaman zəiflədilər.

Bəli, vəhdətin açmadığı qapı və aşmadığı heç bir sədd yoxdur. Əgər bir müsəlman kimi həqiqətən də, İslamın inkişafını istəyiriksə, əl-ələ verib İslamın həqiqətini dünyaya tanıtmalıyıq.

Əgər İslamın müxtəlif firqələrinin davamçılarıyıqsa, ortaq etiqadlarımızın və inamlarımızın üzərində iş qurmalıyıq. Amma əgər eyni məzhəbin davamçısıyıqsa, İslamın inkişafı naminə çalışmalı və bəzi xırda-para məsələlərə göz yummağı bacarmalıyıq.

Məhz nəfsani istəkləri bir kənara buraxmaq, məqam-mövqe hərisliyini ayaq altına almaq, fikir-düşüncə və səliqə ayrılıqlarına əhəmiyyət vermədən, ortaq nöqtələr üzərində uzlaşmaqla birliyimizi və vəhdətimizi qoruya bildiyimiz zaman, Allahın rəhmət nəzəri üzərimizdə olacaqdır. Əlbəttə bunu etmək üçün, güclü iman və iradə olmalıdır, əks təqdirdə etmək mümkün deyil.

Amma çox təəssüflə qeyd etməliyik ki, müasir zamanda "vəhdət" günəşinin nurundan lazımı şəkildə bəhrələnmirik. İstər eyni məzhəb altında birləşən müsəlmanlar, istərsə də, müxtəlif məzhəblərə inam bəsləyən müsəlmanlar bu zərurəti kifayət qədər dərk etməmişdir.

İslam ümmətini bir geniş gövdəli ağaca bənzətsək, onun yarpaqlarının eyni gövdədə və eyni maddəndən təşkil tapdığını fikirləşin. Amma yarpaqlar ölçülərinə və biçimlərinə görə müxtəlifdir.

Yarpaqlar bu fərqliliyi əldə əsas tutub, eyni gövdədən olduqlarını unutsa, hər biri budağından qopub, ağacı tərk etsə, sözsüz ki, çılpaq və gücsüz qalan, təravətini itirən yenə ağacın özü olacaq. Yarpaqlarsa öz növbəsində küləklə sovrulub gedəcək.

Unutmayaq ki, ixtilaf bir ümmətin inkişafının qarşısını alan, onu zəiflədən və məhvə sürükləyən ən başlıca səbəbdir.

İslam dini də bu qanundan xaric deyil və əgər həqiqətən də onun inkişafını istəyiriksə bütün tutduğumuz kin və təfriqə dolu xətləri bir mənada tərk edib, vahid bir xətdə dayanmalıyıq. Bu ilahi lütfünün şamil olduğu bir xətdir.

Qardaşlıq, mərhəmət, şəfqət və güzəşt xəttidir. Gözəllikdir. Ucalıqdır. Kamillikdir. Gövdəyə sarılmış, vahid yaşıllıq və inkişaf xəttidir. Şəxsi mənfəətlərin və çıxarların, istər fikri, istərsə də mövqe baxımından, rəddidir.

Sülh, dostluq və əmin-amanlıq zəmanətidir. Bu zaman, artıq özünü "həqiqi islamın" müdafiəçisi sayan, İslamı yalnız özünün düzgün düşündüyünü zənn edən, müxalif düşüncələrin azğınlıqda olduğunu fikirləşən tərəflər, artıq həqiqi İslamın qardaşlıq, sülh və vəhdətdən ibarət olduğunu dərk edir.

Ondan başqa yol, ikinci seçim isə sanki odla dolu bir uçurum və təfriqədir. Necə ki, Qurani-kərim buyurur: «Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!» (Ali-İmran/103.)

Sonda isə istərdim yaranan vəhdəti məhv edən çox önəməmli bir amilə işarə edim.

Diqqət edin! Hər hansı bir məsələ ətrafında ixtilaf yaranır və bir neçə şəxslə söhbət edirsən və bütün sözlərinin canı vəhdətin zərurəti və onun pərpa olmasıdır. Yaxşı bəs nə qarşısını alır? Cavabı isə çox maraqlıdır.

Belə ki, diqqət olunası nöqtə vəhdətin bərpa olunmasını şəxsi istək və şərtlərinin altında görürlər. Buna isə “vəhdət sevgisi” yox “şəxsi mənfəətlər sevgisi” deyilir.

Əgər bütün bu şəxsi mənfəətləri kənara qoyub İslamın şərtlərinə əməl etsək o zaman vəhdət bərpa olar. Əgər bütün bu şəxsi mənfəətləri kənara qoyub, özümüzü, mövqeyimizi, şöhrətimizi və sair çıxarlarımızı kənara qoysaq, sırf İslam ümmətinin səbatını və inkişafını düşünsək, o zaman həqiqi vəhdət bərpa olar.

Vəhdətin bərpa olunmasını şəxsi istək, düşüncə və şərtlərinin altında görmək vəhdət ruhuna ziddir.

İlahiyyatçı Kamran Məmmədov

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031