Qiyamət günü qurulan ədalət məhkəməsi
“Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8). “Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq. (Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən»” (“İsra” 13-14). Ona deyilər ki, əməl dəftərini oxu və sən öz hesabını verməyə özün kifayətsən. “Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir. Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır”. (“Qəmər” 52-53). Yəni, bu əməl dəftərində hər şey yazılmışdır, kiçik əməldən tutmuş böyük əməllərə qədər. “Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir. Və sən nə bilirsən ki, «Siccin» nədir? (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur). Vay halına o günü təkzib edənlərin. O kəslərin ki, cəza gününü təkzib edirlər. Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər. O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» - deyər”. (“Mutəffifin” 7-13). Qiyamət günü qurulan məhkəmə - ədalət məhkəməsidir. Burada heç kimə zülm edilməz. Əgər insan pis iş görübsə, cəzalanar, əgər yaxşı iş görübsə, mükafatlandırılar. Fərz edin ki, idarədə işləyirsiniz və iş saatından beş dəqiqə çox vaxt işləyirsiniz. Sizin müdir onu görmür, ancaq Allah hər şeyi görəndir və bunun mükafatını sizə verəcəkdir. Bütün etdikləriniz əməl dəftərində qeyd edilər. İnsan əgər vəzifədədirsə, bir imzaya görə çox sayda rüşvət ala bilər. Heç kim də bundan xəbər tutmaz. Ancaq Allahdan qorxduğu və xəcalət çəkdiyi üçün bu işi görmür və həmin imzanı vəzifəsi olduğu üçün atır. Biz insanlar bilməliyik ki, bu dünyada etdiyimiz hər bir rəftar və dediyimizi hər bir söz qeyd edilir və unudulmur. Bütün bunlar Qiyamət gününə hazırlıq üçündür. İnsanın ən böyük imtahanı Qiyamət məhkəməsində olacaqdır. “O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından. O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır”. (“Əbəsə” 34-37). Həmin günü insan hətta öz qardaşından belə hesabın iztirabına görə qaçar. O günü o qədər ağır və çətin gündür ki, Allah buyurur: “Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!” (“Muzzəmmil” 17). İnsan o günün qorxusundan öz ata-anasından, övladlarından qaçacaqdır. “O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!” (“Qiyamət” 22). Bu şad üzlər saleh bəndələrin üzləri olar. Bu o insanlar ki, dünyanın iqtisadi təzyiqlərinə baxmayaraq səhv addım atmaz və özünü haram tikədən saxlayarlar. Bu sevincli üzlər o kəslərə aiddir ki, haram baxışlardan özlərini saxlamış və günah işlətməkdən həya etmişdilər. Qiyamət günü bu əməllər hətta ən kiçik zərrə qədər olsa belə hesaba alınacaq və ona görə mükafat veriləcəkdir. İnsana nicat verəcəkdir. Qiyamət günü bu saleh əməllər bizə yardım edəcək və bizi Qiyamətin çətinliklərindən xilas edəcəkdir. Oxşar xəbərlər
|