Əbədi səfər üçün hazırlaşmağın özəllikləri
Ölüm haqdır və hər kəs bu səfərə gec və ya tez çıxacaqdır. Ölüm səfərinə hazırlaşmaq dedikdə, haramdan çəkinib xeyir işlərə üz döndərmək nəzərdə tutulur. Ölüm o kəslər üçün şirindir ki, Allahı sevdiklərini iddia edirlər. “De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız)»”. (“Cümə” 6). Əmirəl-möminin İmam Əli (ə) Həzrət İbrahimin (ə) ruhunun qəbz olma keyfiyyətini belə nəql edir: “Allah Təala İbrahimin (ə) canını almaq istəyəndə, ölüm mələyini onun yanına göndərir. O, İbrahimə salam verir və İbrahim salamın cavabını alır və buyurur: “İş üçün gölmisən, yoxsa ruhu qəbz etmək üçün?”. Deyir: “Allahın dəvətini qəbul et”. İbrahim deyir: “Heç görmüsənmi ki, dost öz dostunu öldürsün?”. Öülm mələyi geri qayıdır və Allah Təalanın qarşısında dayanıb deyir: “Pərvərdigara! Özün İbrahimin (ə) sözlərini eşitdin”. Allah buyurur: “Onun yanına qayıt və de ki, həbib həbibin görüşünü xoş qarşılamaz? Həqiqətən dost öz dostunu görməyi sevər”. (Erfan) Qurani-Kərim bu dünyanın nemətlərinə qərq olanları və axirətləri üçün heç bir iş görməyənləri lənətləyir və buyurur: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161). Başqa bir ayədə oxuyuruq: “Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə, qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır”. (“Ali-İmran” 91). Qurani-Kərimdə insanın ölüm səfərində ona yardım edə biləcək əməllərdən biri Allah yolunda hicrət etmək zikr edilmişdir. “Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir”. (“Nisa” 100). İmam Əliyə (ə) sual verirlər ki, ölüm üçün hazır olmaq necədir? İmam (ə) belə cavab verir: “Vacib əməlləri yerinə yetirmək və nalayiq işlərdən çəkinmək, bəyənilən adətlərlə məşğul olmaq. Bu halda insan ölümün ona gəlməsinə əhəmiyyət verməz. Və ya özünü ölümün kamına atar”. Məsumlarımız (ə) hamından daha çox bu səfər üçün hazır olardılar. İmam Səccaddan (ə) nəql edilir ki, Zəhri onun soyuq və tufanlı gecədə belində un və odun daşıdığını görür. Həzrətə (ə) deyir: “Ey Allahın Rəsulunun oğlu! Bu yük nədir?”. Həzrət (ə) buyurur: “Səfərə çıxmağı qəsd etmişəm. Onun üçün ehtiyat hazır edib, təhlükəsiz yerə aparıram”. Zəhri deyir: “Bu, mənim nökərimdir və sizin yükünüzü aparar”. Həzrət (ə) yükü verməkdən imtina edir. Zəhri deyir: “Mən özüm bu yükü aparım və sizi xilas edim”. Həzrət (ə) buyurur: “Ancaq mən, özümü bu səfərdə mənə nicat verəcək və girişimi yaxşı edəcək şeylərdən xilas edə bilmirəm. Səni Allahın haqqına and verirəm, işinin dalınca get və məni öz halıma burax”. Zəhri deyir: “Mən işimin dalınca getdim. Bir neçə gün sonra İmamla (ə) görüşən zaman ona dedim: “Ey Allahın Rəsulunun oğlu! Buyurduğunuz səfərdən sizdə heç bir əsər görmürəm”. Həzrət (ə) buyurur: “Bəli, sənin zənn etdiyin səfər mənim məqsədim deyildi. Əslində məqsədim ölüm idi. Onun üçün özümü hazır edirəm. Ölüm üçün hazır olmaq odur ki, haramdan çəkinib xeyirləri əta edəsən””. /Deyerler.org/ Oxşar xəbərlər
|