Günahlarımızın təsiri gələcək nəslimizin də ətəyindən yapışacaqdır
Qurani-Kərim buyurur ki, hər bir günahın bir dünyəvi təsiri vardır ki, nəinki günahkarın, hətta gələcək nəslinin də belə, ətəyindən yapışacaqdır. Quran buyurur ki, bu dünyada baş verən xoşagəlməz hadisələr ilə insanın əməlləri arasında sıx rabitə vardır. “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30). Bu ayədən göründüyü kimi, dünyada baş verən müsibətlərin bir çoxu insanın etdiyi günahların təsirinə görədir. Belə bir sual meydana gəlir ki, bu ayəyə görə əgər belədirsə, bəs Məsumların (ə), uşaqların niyə başına müsibət gəlir? Əllamə Təbatəbai bu sualın cavabını belə verir: “Bu ayə o kəslərə aiddir ki, günah edə bilərlər. Ona görə də bu ayə nə peyğəmbərlərə (ə) və İmamlara (ə) və nə də uşaqlara aiddir”. Başqa bir ayədə isə oxuyuruq: “İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar”. (“Rum” 41). Allah Təala bu ayədə müsibətlərin səbəbini günah və fəsad kimi bəyan etmişdir. Bu ayə təkcə Məkkə və Hicaza aid deyildir. O yerdə k, fəsad olar, onlar bu çirkin əməllərinə görə tərbiyə olmaq üçün acı hadisələrlə rastlaşarlar. Başqa bir ayə isə buyurur: “Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik”. (“İsra” 16). Yəni, qəbilə başçılarına itaət etməklərini əmr edər, Allah heç bir zaman fəsada əmr etməz. Allah həmişə ədalət və xeyir işlərə əmr edər. Allahın bu əmrinə itaətsizlik etdiklərinə görə İlahi əzab onları əhatə edər. İlahi əzab – biz insanların çirkin əməllərinin nəticəsidir. Allah mehribandır və heç bir zaman insana haqsızlıq etməz. Qurani-Kərimin bəzi ayələri isə bizə buyurur ki, günahlarımızın təsiri gələcək nəslimizə sirayət edir. “Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər)”. (“Nisa” 9). Həqiqətdə övlad – ata və ananın davamçısıdır və ona görə də valideynlərinin əməli ona və onun əməli valideynlərinə və keçmiş nəslinə təsir qoyar. Allah möminlər barəsində buyurur: “(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş(lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır)”. (“Tur” 21). Beləliklə deyə bilərik ki, günah – pis bir xəstəlikdir ki, həm dünyada və həm də axirətdə insana ancaq ziyan vurar. Bu ziyan təkcə ona deyil, gələcək nəslinə belə təsir qoyar. /Deyerler.org/ Oxşar xəbərlər
|