NÜBÜVVƏT - İlahi peyğəmbərliyin isbatı
Mьəllif: admin1
Tarix: 9-04-2014, 16:38
NÜBÜVVƏT - İlahi peyğəmbərliyin isbatı


İslam dinin əsaslarını təşkil edən mövzulardan biri də «Nübuvvət»-dir.
«Nübuvvət» ərəb sözü olub peyğəmbərlik (qeyb aləmi ilə rabitədə olan elçilik) mə'nasını daşıyır.
Din alimləri isə peyğəmbərlik haqda belə deyirlər:
«Peyğəmbər, Allah tərəfindən öz bəndələrini doğru yola çəkib, onları günahlardan uzaqlaşdırmaq üçün göndərilmiş insandır və Allahla peyğəmbər arasında ayrı bir insanın vasitə olması qeyri-mümkündür.»

PEYĞƏMBƏRLİYİN İSBAT OLUNMASI
Bə'zi şəxslər «peyğəmbərlərin gəlişinə heç bir ehtiyac yoxdur!» deyə İslam dininin Nübuvvət əsasını şübhə altında qoyurlar. Lakin bu şübhənin qarşısında peyğəmbərliyin zərurətini (lüzumunu) ağıl və düşüncə, həmçinin ayə və rəvayətlər vasitəsi ilə isbat etmək olar.

BİRİNCİ: Ağıl və düşüncə;
Ağıl və düşüncə vasitəsi ilə insanların peyğəmbərə ehtiyaclı olduqlarını aydınlaşdırmaq sadə bir məsələdir.
Əvvəla: İnsan icma tərzində və cəmiyyətlə birlikdə yaşamağı sevən bir varlıqdır. Çünki o, təklikdə yaşaya bilmir, tez yorulur və belə bir həyat tərzindən narahat olur. Eyni zamanda onun tək yaşaması heç bir sağlam ağıl və düzgün məntiqlə uyğun gəlmir.

İnsanların bir çox ehtiyacları vardır ki, bu ehtiyacların öhdəsindən tək başına gəlmək qeyri-mümkün bir işdir. Məsələn; insanın yemək, geyim, qarşılıqlı məhəbbət və s.. bu kimi ehtiyacları yalnız qarşılıqlı həmkarlıqla ödənə bilər. Çünki tək yaşayan insan öz yeməyi, geyimi, yaşayış yeri və s.. ehtiyacları tə'min etməkdən acizdir və bütün bu işləri yerinə yetirmək bir insanın bacarığından kənardır.

Digər tərəfdən də insan şəhvət qüvvəsinə malik olan bir varlıqdır ki, bu istəyi qanuni yolla sakitləşdirmək, onun cəmiyyət arasında yaşamasını tələb edir.

İkinci: İnsanın ictimayi şəkildə yaşamasının lüzumu aydın olduqdan sonra bilməliyik ki, bir sıra həddi-hüdudu olmayan istəklərə malik olan bu varlıq yaşadığı cəmiyyətdə müxtəlif xoşa gəlməz və qeyri-insani olan çirkin işlərə əl ata bilər. Məsələn, şəhvət qüvvəsi, onu başqalarının namusuna təcavüz etməyə, qəzəb qüvvəsi zülmkarlıq və kobudluğa və s.. bu kimi insaniyyətdən kənar olan çirkin işlərə sürükləyə bilər.

Beləliklə insan cəmiyyətinin qanun deyilən bir şeyə ehtiyacı vardır ki, onunla cəmiyyətdə yaşayan hər bir insanın hüquqları qorunsun və onların asudə həyat sürməsinə şərait yaransın.

Üçüncü: İnsan cəmiyyətinin qanuna ehtiyaclı olmasının isbatından sonra heç də hər şey həll olmur.

Çünki hal-hazırda dünyada saysız-hesabsız qa'nunlar mövcuddur və bu qanunlar cəmiyyəti düzgün idarə etməkdə öz acizliyini isbat etmişdir.
Bu sözün nə dərəcədə doğru olduğunu başa düşmək üçün hal-hazırda dünyada mövcud olan ölkələrin daxili vəziyyətinə nəzər salmaq kifayət edər.
Bə'zi ölkələr öz iqtisadi vəziyyətini səhmana sala bilmişlərsə də ictimai və mə'nəvi pozğunluqları aradan qaldırmaqda aciz qalmışlar.
Bu da insanın hərtərəfli tanınmaması və bütün proqramların yalnız onun maddi rifahda yaşayışı üçün hazırlanmasından irəli gəlir.
Beləliklə insan cəmiyyətinin onun hər tərəfli ehtiyaclarını nəzərə alan bir qa'nuna ehtiyacı vardır. Əsasən insan üçün qa'nun qoyan şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

1-İnsanın ruh və cismindən tamamilə agah olmalıdır.
2-Qanun tənzimində özünün şəxsi mənfəəti olmamalıdır.
3-İnsanın zahiri görünüşündən əlavə onun batinini də saflaşdırmağa qadir olmalıdır.

Dördüncü: İnsan öz cəmiyyətini saflaşdırıb, onu bir sıra azğınlıqlardan qorumaq üçün ilahi qanuna ehtiyacı olduğu halda heç cür bu qanunları vasitəsiz olaraq Allahdan ala bilməz və belə bir iş qeyri-mümkündür. Məsələn, hər hansı bir şirkət və ya fabrik müəyyən bir dəzgah və ya cihazı istehsal edərsə, biz yalnız o müəssisənin tərəfindən verilmiş pasport əsasında onu işlədə bilərik. Amma o pasport bu işdə mütəxəssis olmayan kənar bir şəxsin tərəfindən yazılarsa, onun əsasında həmin cihazı işlətmək heç də ağıla sığan bir iş deyil və bir kəs ondan istifadə etsə, cihazın tamamilə korlanıb məhv edilməsinə səbəb olar.

İnsan da məhz belədir. Onun həyat proqramını onun bütün incəliklərinə tam agah olan vahid Allahdan başqası tənzim edə bilməz və əgər tənzim edərsə, insanın məhvinə gətirib çıxarar.

Elə buna görə də Allah ilə bəndələr arasında Allah hökmlərini insanlara çatdırmaq üçün məxsus insanların (peyğəmbərlərin) olması zəruridir.

Beləliklə mə'lum olur ki, hər hansı bir insan icması üçün peyğəmbərin gəlməsi zəruridir və bə'zilərinin iddia etdikləri kimi heç də insanlar ilahi peyğəmbərlərdən ehtiyacsız deyildir.

Digər tərəfdən insanların hidayəti üçün peyğəmbərlərin gəlməməsi bir çox (məad, ilahi əzab və s..) kimi dini əsasların mə'nasız olmasına səbəb ola bilər.

Çünki xalqa Allah hökmlərini demədən onları sual-cavaba çəkmək, cəzalandırmaq və əzab göndərmək hikmətsiz bir iş olacaq və bu da Allah-təala haqqında yalnış fikirlərin irəli gəlməsinə səbəb olacaqdır.

Allah-təala isə böyük hikmət sahibi olub, mə'nasız və puç işləri yerinə yetirməkdən münəzzəh və ucadır. Allah-təala bizləri yaratmaqla yanaşı, inkişaf edib sağlam həyat tərzi sürməyimiz, həmçinin əbədi səadətə nail olmaq üçün müəyyən peyğəmbərlər və elçilər göndərmişdir. O, heç vaxt insanları yaradaraq onları öz başına qoymamışdır.

İkinci: Ayə və rəvayətlər;
Peyğəmbərliyin lüzumu haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

1-«Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik.»[33]

2-«Və (ilahi əzabdan) qorxutmaq üçün, peyğəmbər göndərmədiyimiz bir ümmət yoxdur.»[34]

3-Nəql olunmuş rəvayətdə bir nəfər imam Sadiq (əleyhis-salam)-dan soruşdu: Zərdüştlər üçün peyğəmbər gəlmişdirmi?.... Çünki mən onların bir növ şəriətə əməl etdiklərini görmüşəm.
İmam Sadiq (əleyhis-salam) cavabında buyurdu: İlahi əzabdan qorxutmaq üçün peyğəmbər göndərilməmiş bir ümmət yoxdur.
Şübhəsiz zərdüştlər üçün Allah tərəfindən peyğəmbər və (asimani) kitab göndərilmiş, lakin onlar onu inkar etmişlər.[35]

4-Həzrət Əmirəl Mö'minin imam Əli (əleyhis-salam) buyurub:
«Allah təala öz peyğəmbərlərini məxsus olan vəhy yolu ilə onlara çatdırılan mətləblərlə (hökmlərlə) xalqın inkişafı (və hidayəti) üçün göndərdi. Allah-təala, camaat sonradan üzr gətirib -«bizə bir şey deyən olmadı» sözünü deməsinlər deyə, peyğəmbərləri xalqa höccətin tamamlanması üçün göndərdi və beləliklədə ilahi peyğəmbərlər xalqı sədaqət dili ilə haqq yoluna də'vət etdilər.»[36]

PEYĞƏMBƏRLİYİN FƏLSƏFƏSİ
Yəqin ki, «peyğəmbərlər nə üçün gəlmişdir?» sualı sizi də maraqlandırır?
Qur'ani-kərimin müxtəlif ayələrini gözdən keçirtdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, peyğəmbərlərin gəlişi aşağıdakı işlər və məqsədlər üçündür.

1-Xalqı tovhidə tərəf də'vət və zülmkarlardan çəkindirmək; Qur'ani-kərimdə buyurulur:
«Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik.»[37]

2-Xalqa hakimiyyət;
Qur'ani-kərimdə oxuyuruq:
«Allah xalq arasında öz peyğəmbərlərini (saleh insanlara) müjdə vermək və (günahkarları) qorxutmaq üçün göndərdi və xalq arasında olan bir sıra ixtilafları həll etsinlər deyə onlarla birlikdə Həqiqət olan (asimani) kitab göndərdi.»[38]

3-Xalq arasında ədaləti bərpa etmək;
Qur'ani-kərimdə buyurulur:
«Şübhəsiz xalq arasında ədalət bərpa olsun deyə öz peyğəmbərlərimizi aşkar dəlillərlə göndərib, onlarla birlikdə (asimani) kitab və ədalət (haqq) ölçüsü göndərdik.»[39]

4-Xalqın tə'lim tərbiyəsi;
Qur'ani-kərimdə oxuyuruq:
«O Allahdır ki, xalq üçün ilahi ayələri oxumaq, onların (əxlaqlarının) saflaşdırılması, Həmçinin onlara elm və Hikmət öyrətmək üçün özlərindən peyğəmbər göndərdi.»[40]

5-Xalqa höccətin tamamlanması;
Qur'ani-kərimdə oxuyuruq:
«Allah (saleh bəndələrinə) müjdə verib, (günahkarları cəhənnəmdən) qorxutmaq üçün peyğəmbərlər göndərdi ki, onlardan sonra xalqın Allaha Heç bir höccəti olmasın (və Axirət aləmində bəhanə gətirməsinlər), və Allah həmişə qüdrətli və Hikmətlidir.»[41]
Beləliklə ilahi peyğəmbərlərin göndərilməsindən məqsəd, insanları tovhidə də'vət etmək, zülmkarlardan çəkindirmək, xalq arasında dini hakimiyyət yaratmaq, ədaləti bərpa etmək, həmçinin xalqın tə'lim tərbiyəsi və onlara ilahi höccətin tamamlanması olmuşdur.
İndi isə ümmətlərin ilahi peyğəmbərlərə münasibəti və onlara qarşı etditdikləri rəftarları diqqətinizə çatdırırıq.
Qur'ani-kərimin bu mövzuya aid olan ayələrinə nəzər saldıqda ilahi peyğəmbərlərə qarşı olan belə bir rəftarları görmək olar:

1-Məsxərə və istehza:
Tarix boyu camatın bir dəstəsi Allah tərəfindən göndərilmiş peyğəmbərlərə istehza ilə yanaşır və haqq sözü qəbul etmək əvəzinə onları məsxərə edirdilər.[42]
2-Təhqir:
Xalqın bir dəstəsi ilahi peyğəmərlərin nüfuzunu aradan aparmaq üçün həmişə onları təhqir edirdilər.[43]
3-İftira:
Onlar ilahi peyğəmbərlərdən möcüzə gördükdə onları sehrbaz, ilahi ayələri isə əfsanə adlandırırdılar.[44]
4-Mücadilə:
Fitrəti yatmış kafirlər ilahi peyğəmbərləri dinləyib məntiqə uyğun sözü qəbul etmək əvəzinə onlarla sözləşir və çaşdırmaq üçün araya söz atırdılar.[45]
5-Təhdid:
Kafirlər günü-gündən ilahi peyğəmbərlərin tərəfdarlarının artmasını görüb onları ilahi təbliğdən ayırmaq üçün öldürmək, daşqalaq, sürgün, və s.. işlərlə hədələyir və onlar öz vəzifəsindən əl çəksin deyə bir çox rüşvət və'dləri verirdilər.[46]
6-Kobudluq və qətl:
Kafirlər ilahi peyğəmbərləri özlərinin bütün planları qarşısında səbrli və təmkinli gördükdə isə kobudluğa əl atıb onları qətlə yetirirdilər.[47]

Amma Allah-taala da azğın millətlərin bu kobud və yaramaz hərəkətləri qarşısında sükut etməmiş və onları müxtəlif bəlalara düçar etmişdir.

Buna misal olaraq həzrət Nuh peyğəmbərin millətinin tufanda qərq olması və Lut peyğəmbərin qovmunun başına daş yağdırılmasını qeyd etmək olar. Bu yaramaz rəftarların səbəbi onların təkəbbürçülük, inadkarlıq, öz ata-babalarına kor-koranə təqlid etmələri və s... ağılsızlıqlardan ibarət idi.

Biz də bu keçmiş millətlərin insanlıqdan uzaq olan rəftarlarına nəzər salıb ibrət dərsi almalı və Nəmrudlar, Fir'onlar, Əbucəhllər, Əbusüfyanlar və başqalarının tutduqları pis yolları bir daha təkrar etməkdən ciddi şəkildə çəkinməliyik.

İLAHİ PEYĞƏMBƏRİ TANIMAQ YOLLARI
Tarix boyu bir sıra insanlar özlərinin ilahi peyğəmbər olması haqda iddia etmiş və xalqı özlərinə itaət etməyə çağırmışlar. Onların doğruçu və ya yalançı olmasını ayırd etmək həmişə çətin bir iş olubdur. Elə bu səbəbdən də çoxlu insanlar yalançı peyğəmbərlərə aldanmış və özlərini azğınlıqlara düçar etmişlər. Amma ilahi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmək üçün aşağıdakı yollar qeyd olunmuşdur:

1-Peyğəmbərin özünəməxsus rəftarı, həyat boyu azğın yollara düşməməsi və xalq arasında pis adam kimi tanınmaması;
2-Özündən qabaqkı və sonrakı peyğəmbərlərdən xəbər verməsi;
3-Xalqı, bir olan Allaha itaət edib. günahkarlıqdan çəkindirməsi;
4-Sözlərinin sağlam ağıl və düşüncə ilə uyğun gəlməsi;
5-Öz ilahi də'vətini isbat etmək üçün möcüzə gətirməyə qadir olması;

Mö'cüzə bir çox qeyri-adi işlərə deyilir ki, ilahi peyğəmbərlər özlərinin haqq olduğunu isbat etmək üçün Allah izni ilə onları göstərir və bu da onların iddia etdiyi peyğəmbərliyin doğru olduğunu çatdırır.

Bə'zi şəxslər mö'cüzəni düzgün başa düşməyib onun sehr olduğunu güman edirlər. Əsasən mö'cüzə ilə sehrin (cadunun) bir-biri ilə aşağıdakı fərqləri vardır:
1-Sehr və cadu tə'lim-tərbiyə ilə əldə olunan bir şeydir. Mö'cüzə isə bunun əksinə olaraq yalnız Allahın izni ilə zahir olur.
2-Sehr və cadunu tə'sirdən salmaq mümkündür, mö'cüzəni isə yox.
Yə'ni hər hansı bir sehrbaz və ya cadukər başqasının sehr və cadusunu aradan aparıb öz sehri ilə ona qələbə çala bilər, mö'cüzə qarşısında isə heç bir iş görmək mümkün deyildir. Elə buna görə də mö'cüzə sehr və cadunun əksinə olaraq mübarizəyə çağırmaq kimi xüsusiyyətə malikdir.
3-Sehr və cadu əksərən maddi məqsədlər və dünyəvi maraqlar üçün həyata keçirilir, amma mö'cüzə belə deyildir.

NÜBÜVVƏTİN FAYDALARI
Peyğəmbərliyin fəlsəfəsi bölməsində peyğəmbərlərin nə üçün gəldiklərindən söhbət açdıq. Amma peyğəmbərliyin dünya millətləri üçün bir neçə faydası vardır ki, onları da qeyd etmək yerinə düşərdi.
Peyğəmbərin gəlişinin bir neçə faydası vardır və onlardan daha əhəmiyyətlisi aşağıdakılardır:

1-Yatmış fitrətlərin oyanışı;
Bə'zi alimlərin dediyinə görə «insan» ərəb sözü olub unutmaq mə'nasını verir və onun kökü «nisyan» yə'ni unutmaqdandır.
İnsan həyatda olan bir sıra maddi işlərlə məşğul olaraq Allahı unudur və get-gedə onun ilahi fitrəti günahlar nəticəsində qəflətə düşür.
İlahi peyğəmbərlər Allah tərəfindən göndərilərək onların yatmış fitrətlərini oyadır və onların Allaha bağlı olduqlarını xatırladırlar.

2-İnsanların ruhu və əxlaqının saflaşması;
Bir çox pisxoloqların dediyinə görə, insanların düzgün tərbiyələnib əxlaqının saflaşdırılmasında rol oynayan ən mühüm amil ülgü və nümunədir.
İlahi peyğəmbərlər əxlaqi təkamülə çatmış şəxslər kimi xalq arasında yaşayaraq onlar üçün ən yaxşı bir ülgü və nümunə olmuşlar.
Qur'ani-kərimə nəzər saldıqda başqalarının deyil, yalnız peyğəmbərlərin daha yaxşı nümunə olmasına tə'kid olunduğunu görürük. Məsələn, Qur'ani-kərimdə Həzrət İbrahim (əleyhis-salam)-dan əlavə islam peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-in də ən yaxşı nümunə olduğuna tə'kid olunur.
«Şübhəsiz sizlər üçün Allah elçisi (həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm)-də ən yaxşı nümunə vardır.»[48]
Yə'ni insanlar peyğəmbərlərə baxmaqla öz əxlaq və rəftarlarına düzəliş verər və onları saflaşdıra bilərlər.

3-Xalqlara hər tərəfli rəhbərlik;
Cəmiyyətin inkişafı və tərəqqisi üçün dəyərli və həqiqi qanuna ehtiyac olsa da, sədaqətli, agah və mə'sum rəhbərə də ehtiyac duyulur.
İlahi peyğəmbərlər də xalqa hərtərəfli rəhbərlik edib onları doğru yola və səadətə yönəldərək bir sıra ictimayi azğınlıq, təfriqə və s... kimi nöqsanların qarşısını alır, həmçinin xalq arasında işgüzar və çalışqan hazırlıqları ilə mö'min xalq üçün qənimət sayılırlar.

İSLAM PEYĞƏMBƏRİNİN NÜBÜVVƏTİNİN İSBAT OLUNMASI
Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm miladi tarixi ilə 570-ci ildə sübh çağı (Cüm'ə günü Rəbiul-əvvəl ayının 17-də) Ərəbistan yarımadasının Məkkə şəhərində dünyaya göz açdı.

O, gənclik illərində ticarətlə məşğul olur və xalq arasında «Əmin»-doğruçu ləqəbi ilə tanınırdı. O həzrət 25 yaşında «Xədicə» adlı bir qadınla ailə həyatı qurdu və peyğəmbərliyə çatmazdan öncə hər il «hera» dağında yerləşən mağarada ibadətə məşğul olurdu.

O Həzrət 40 yaşında ikən peyğəməbərliyə çataraq bütpərəstlik və şirklə mübarizəyə qalxdı.

İslam dini o zamanlar bir sıra ərəb ölkələrinə nüfuz edə bilsə də, zaman keçdikcə dünyanın bir çox nöqtələrinə, o cümlədən Avropa, Afrika və Asiya ölkələrinə yayılmağa başladı və hal-hazırda bir milyarddan artıq insan İslam dininin ardıcılı sayılır.

Qeyd etmək lazımdır ki, hal-hazırda bir çox dinlərin ardıcılları İslam dininin həqiqətini dərk edib ona üz tutur və müsəlman olurlar.

Qeyd etdiyimiz kimi, ilahi peyğəmbərləri bir neçə yol ilə tanımaq olar ki, burada o yolları bir-bir sadalayıb həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin peyğəmbərliyini sübuta yetirəcəyik.

1-Peyğəmbərin gözəl rəftarı, xalq arasında yaxşı tanınması və azğın yollara düşməməsi və s..
Tarix kitablarına nəzər saldıqda, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin xalq arasında «Əmin»-doğruçu bir şəxs kimi tanınması, düzlük və ədalətli olmasına görə bir sıra ixtilaflarda müxtəlif xalq kütlələri tərəfindən hakim seçilməsi, həmçinin gözəl rəftar və əxlaqi səciyyələrə malik olmasını körürük.

Hətta o Həzrətin uşaqlıq dövranı da sair uşaqların rəftar və hərəkətləri ilə fərqlənir və ətrafdakıları tə`əccübə gətirirdi.

Digər rəvayətə əsasən o həzrət uşaqlıq illərində Bəni-Sə'd qəbiləsi arasında yaşayırdı ki, hicaza gəlmiş bir dəstə həbəşi (indiki Efopiyalı) xristian alimi İsa peyğəmbərdən sonra gələcək peyğəmbərin asimani kitablarda qeyd olunmuş bütün əlamətlərini o həzrətdə müşahidə etdi və onu oğurlayıb özüləri ilə həbəşistana aparmaq istədilər. Lakin onlar buna nail ola bilmədilər.[49]

Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm heç vaxt xəyanət etməz və xəyanətkarlığa qarşı ciddi mübarizə aparardı.

Nəql olunmuş rəvayətə əsasən müsəlman qoşunları hicrətin 7-ci ilində müsəlmanlara dəfələrlə xəyanət etmiş yəhudilərin Xeybər qalalarını mühasirəyə almış, yəhudilər isə qalaların darvazalarını möhkəm bağlayıb içəridə gizlənmişdilər. Bu mühasirə çox çəkdiyindən müsəlmanların ərzaqı qurtardı və onlar azuqə cəhətindən çətinliyə düşdülər.

Xeybər yəhudiləri öz qoyun sürülərini bir çobana tapşırmışdılar. Çoban bir geçə (qalalar mühasirəyə düşdükdən sonra) sürünü qalalara gətirdikdə, müsəlman qoşunları və həzrət peyğəmbəri görüb onların yanına gəldi. Bir az söhbətdən sonra həzrət peyğəmbərin həqiqi peyğəmbər olduğunu başa düşən çoban İslam dinini qəbul etdi və qoyun sürüsü barədə o həzrətdən soruşdu.

Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm yüzlərcə ac qalmış müsəlman ordusunun qarşısında belə buyurdu:

«Bizim dinimizdə əmanətə xəyanət etmək ən böyük günahlardan sayılır. Sən bu qoyun sürüsünü qalaya tərəf aparıb öz sahiblərinə təhvil verməlisən.»

Çoban da qoyun sürüsünü Xeybər yəhudilərinə təhvil verərək geri qayıdıb, müsəlman qoşunlarına qovuşdu.[50]

Bu isə ağır bir vəziyyətdə həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin doğru və əmanətçi olduğunu göstərən yüzlərlə nümunədən biridir.

Bir sözlə deyə bilərik ki, həzrət Peyğəmbərin (s) uşaqlıq illərindən ömrünün sonunadək olan rəftarları o Həzrətin peyğəmbərliyi üçün bir sübutdur.

Bu haqda başqa bir rəvayəti də nəql edərək sözümüzü bitiririk. Tarix kitablarında belə yazılır ki, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin körpə oğlu İbrahim vəfat edən gün günəş tutuldu və şəhər qaranlığa qərq oldu.

Müsəlmanlar arasında günəşin İbrahimin vəfatı münasibəti ilə tutulması sözü yayıldı və bu söz dildən dilə gəzdi.

Həzrət Peyğəmbər (s) bu sözü eşidən kimi müsəlmanları bir yerə yığıb xalq arasında yayılmış sözü təkzib etdi və günəşin tutulmasının təbii bir hadisə olduğunu vurğuladı.

Gördüyünüz kimi, Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm yeni müsəlman olmuş cahil ərəblərin sadəliyindən istifadə etməyib bu xəbəri təkzib etməklə özünün həqiqi peyğəmbər olduğunu sübuta yetirmişdir.

Yalandan peyğəmbərlik iddiası edən hər bir şəxs isə xalqın cəhalətindən istifadə edib, öz mə'nafeyi üçün belə bir vəziyyətdən sui-istifadə edərdi.

2-Özündən qabaq gəlmiş peyğəmbərin növbəti peyğəmbərin gəlişindən xəbər verməsi;

Bildiyiniz kimi həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmdən öncə gəlmiş ilahi peyğəmbər, Həzrət İsa (əleyhis-salam) olmuşdur.

Qur'ani-kərimdə isə İsa (əleyhis-salam) özündən sonra gələn İslam peyğəmbərinin gəlişindən xəbər vermişdir. Necə ki, buyurur:

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ فَلَمَّا جَاءهُم بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ

«Məryəm oğlu İsanın Bəni-İsrailə dediyi sözü xatırla ki, belə dedi: «Ey Bəni-İsrail! Həqiqətən mən sizin üçün Allah elçisiyəm, qarşımda olan Tövratı təsdiq edərək sizə məndən sonra Əhməd adlı bir peyğəmbərin gəlməsini müjdə verirəm. Lakin peyğəmbərimiz (ilahi) ayə və möcüzələrlə xalq üçün gəldikdə belə dedilər: Bu aşkar bir sehrdir.»[51]

Qeyd etməliyik ki, hazırki «İncildə» Həzrət peyğəmbrimizin adının (Faraqlit sözünün) olmasına baxmayaraq, məsihi alimləri bu sözü ayrı mə'naya təfsir edirlər.
Amma əldə olan mə'lumatlara əsasən, əvvəllər «Faraqlit» sözü Əhməd mə'nası ilə izah edilmişdir.

həmçinin İslam alimləri təkcə İncildən deyil, həm də Tövratda olan həzrət Mühəmmədə (s) aid bir çox müjdələri tapıb bu haqda ayrıca kitablar yazmışlar.[52]

3-Xalqı bir olan Allahın itaətinə də'vət edib, günahkarlıqdan çəkindirməsi;

Qur'ani-kərimin bir çox ayələri, rəvayət və tarixi mə'lumatlardan aydın olur ki, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləm, bircə dəfə də bütpərəstliyə meyilli olmamış və həmişə xalqı bir olan Allaha itaət etməyə, həmçinin günahlardan çəkinməyə çağırmışdır.

4-Sözlərinin sağlam ağıl ilə uyğun gəlməsi;
İslamla kifayət qədər tanış olan hər bir şəxs dini mənbə'lər və hədis toplularını nəzərdən keçirdikdə həzrət Mühəmmədin (s) doğulduqdan vəfatınadək qeyri-məntiqi bir söz demədiyini təsdiq edəcəkdir. Elə buna görə də o həzrətə peyğəmbərlikdən öncə «Əmin»-doğruçu ləqəbini vermişlər.

5-Öz ilahi də'vətini isbat etmək üçün mö'cüzə gətirməyə qadir olması;
İslam peyğəmbəri də bə'zi vaxtlar öz ilahi də'vətini isbat etmək üçün Allahın izni ilə müxtəlif mö'cüzələr gətirir və xalqı heyrətləndirirdi.

Məsələn, nəql olunmuş rəvayətə əsasən Məkkə müşriklərindən bir dəstəsi o həzrətin yanına gəlib onlar üçün bir mö'cüzə göstərməsini xahiş etdilər. həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm, mübarək barmağı ilə 14-kecəlik aya işarə etdi və ay iki hissəyə bölündü. Sonra bir daha bitişdi. Elə bundan sonra «Qəmər» surəsinin 1-ci və 2-ci ayələri nazil oldu:

«(Qiyamət günü) yaxınlaşdı və ay (iki yerə) bölündü, Kafirlər isə (belə bir böyük mö'cüzəni) gördükdə bir daha inadkarlıq edib «bu açıq-aşkar bir sehrdir» deyərlər.»

Qeyd etmək lazımdır ki, bu haqda istər şiə, istərsə də əhli-sünnət tərəfindən çoxlu rəvayət və hədislər nəql olunmuşur.

Həmçinin Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin digər möcüzələri kimi, bə'zi vaxtlar Allahın izni ilə qeybdən xəbər verməsi, günəşi geri qaytarması, heyvanları dilə gətirməsi, bir ovuc qumla müşriklərin gözünü tutması, xəstələrə şəfa verməsi və s... möcüzələri sadalamaq olar.[53]

Yeri gəlmişkən xatırladaq ki, həzrət Peyğəmbər yalnız zəruri hallarda mö'cüzə göstərirdi.

Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin ən böyük mö'cüzəsi «Qur'ani-kərimdir».

Bir neçə dəlilə görə Qur'ani-kərim ilahi mö'cüzə sayılır:

1-Hər növ mədəniyyətdən uzaq düşmüş Ərəbistan yarımadasında Qur'anın nazil olması, çox təəccüblü və heyrətləndirici bir iş idi. Qur'ani-kərim ən gözəl ərəb üslubunda nazil olmuş və əsrin məşhur ədiblərini mat-mə`təl qoymuşdur.

2-Ömrünün sonunadək yazıb oxumamış və heç bir müəllim görməmiş Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin belə bir kitab gətirməsi, Qur'ani-kərimin mö'cüzə olmasına ayrı bir sübutdur. Qur'ani-kərimdə oxuyuruq:

«(Ey peyğəmbər! kafirlərə) de ki, əgər Allah istəməsəydi mən bu Qur'anı sizin üçün oxuya bilməzdim, şübhəsiz mən bir ömür boyu sizin aranızda yaşamış (və heç bir müəllimdən dərs almamış)-am. Belə olan halda ağlınızı işə salmayıb (bu müqəddəs kitabın mö'cüzə olduğuna inanmayacaqsınızmı?)»[54]

3-Qur'ani-kərimdə keçmiş və gələcək haqda mövcud olan bir sıra qeybi xəbərlər bu müqəddəs kitabın mö'cüzə olmasına ayrı bir sübutdur ki, Rum imperiyası qoşunlarının İran imperatorluğunun qoşunlarına qalib gəlməsi buna misal ola bilər.

Miladi tarixi ilə 614-cü ildə İran padşahı Xosrov Pərviz müxtəlif bəhanələrlə Rum imperatorluğunun nüfuzu altında olan Şam, Fələstin və bir sıra Afrika ölkələrinə hücum edərək onları işğal etdi, Yerusəlim şəhərini qarət edib, kilsələrə od vurdu və bir sözlə şəhərləri viran qoymağa başladı. həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin peyğəmbərliyinin 5-ci ilində baş vermiş bu hadisə müşrikləri sevindirib, müsəlmanları isə qəmgin etdi.

Müşriklər İran imperatorluğunun atəşpərəst olduğu və onların bütpərəstliklə olan bir sıra uyğun əqidələrinə görə sevinir və şadlıq edirdilər.

Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm vəhy ilə bu ayələri alıb müsəlmanlara çatdırdı.

«Bağışlayan və mehriban Allahın adı ilə. Rumlular (Ərəb diyarına) daha yaxın olan bir müharibədə (Fars qoşununa) məğlub oldular. Onlar bu məğlubiyyətddən sonra yaxın gələcəkdə (İran qoşunlarına) qalib olacaqlar.»[55]

Ayədə gəlmiş «biz'i» kəlməsi ərəb dilində üçdən doqquza qədər olan zamanı bildirmək üçündür və Qur'ani-kərim bu qələbənin gələcək doqquz il ərzində olacağını xəbər vermiş və bu müddətdə Rum imperatorluğu İran qoşunlarına qələbə çalmışdır.[56]

Həmçinin Qur'ani-kərimdə Məkkə şəhərinin müsəlmanların əli ilə fəth olunacağı, yerin kürə şəkilində olması, hər bir varlığın sudan yaranması, kainatda olan hər bir varlığın dişi və erkək (mənfi və müsbət) olması və s.. qeybi xəbərlər bu müqəddəs kitabın mö'cüzə olması üçün ən aşkar sübutlardandır.

4. Qur'ani-kərim 14 əsr bundan əvvəl insanları onun oxşarını gətirməyə də'vət etmiş, lakin indiyə qədər heç kəs Qur'anın bu çağırışına cavab verə bilməmiş və əgər bu məqsədlə müəyyən cəhdlər göstərsələr də axırda rüsvayçılıqla üzləşmişlər. Qur'ani-kərimdə buyurulur:

«Əgər Bizim Öz bəndəmizə nazil etdiyimiz (Qur'an)-da şəkk-şübhədə olsanız, onun kimi bir nəfərdən onun oxşarını gətirin və əgər doğru deyirsinizsə, Allahdan başqa şahidlərinizi çağırın.»[57]

Bunu da qeyd etmək lazımdır ki, peyğəmbərlərin gətirdikləri mö'cüzələr hər bir dövrün mövcud işlərinə uyğun olmuşdur. Məsələn, Musanın (ə) dövründə sehr və cadu məsələləri geniş yayıldığından, o həzrət də öz əsasını Allahın izni ilə əjdahaya çevirməklə o zamana uyğun olan mö'cüzə göstərirdi. Yaxud Həzrət İsanın (ə) dövründə təbabət yüksək dərəcədə inkişaf etdiyindən, o həzrət də həmin dövrdə təbiblərin elminin fövqündə dayanan işlər (məsələn; ölüləri diriltmək, anadan gəlmə korlara şəfa vermək, xora xəstəliyini sağaltmaq və s...) kimi işlər görürdü.

İslam Peyğəbərinin (s) dövründə də ərəb şe'r ədəbiyyatı özünün ən yüksək dərəcəsi və intibah dövrünə çatmış, Qur'an isə öz gözəl söz ustalığı ilə onların hamısına üstün gəlmişdir.

Bütün bu dəlillərə əsasən Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm Allahın peyğəmbəri olub xalqın hidayəti üçün göndərilmiş ilahi elçidir.

PEYĞƏMBƏRLİYƏ AİD BİR NEÇƏ SÖZ
Nübuvvət fəslinin sonunda peyğəmbərliyə aid bir neçə mühüm mövzunu diqqətinizə çatdırırıq:

Birinci:
Bütün ilahi peyğəmbərlərin Allah-təala ilə rabitə və əlaqəsi üç yoldan xaric olmamışdır və bu üç yol; vəhy, hicab arxası və mələk vasitələrindən ibarətdir.
Qur'ani-kərimdə oxuyuruq:
«Peyğəmbərlər arasında olan Heç bir bəşər, vəhy, (qeyb aləminin) pərdə arxası və göndərilmiş mələkdən ki, Allahın əmri ilə istədiyini vəhy edir, bir vasitə ilə Allahla danışa bilməz və O Allah uca məqamlı və Hikmətlidir.»[58]

İkinci:
Əhli-beyt məktəbinin əqidəsinə əsasən hər bir peyğəmbər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1- Kişi olması;
Bütün ilahi peyğəmbərlərin kişi olması zəruridir və Qur'ani-kərim bu sözü təsdiq edir:
«(Ey peyğəmbər) səndən qabaq vəhy etdiyimiz kişilərdən başqa, (ayrı) bir peyğəmbər göndərmədik.»[59]
2-Peyğəmbərlərin öz xalqlarının dilində danışması; Qur'ani-kərimdə buyurulur:
«(Ey peyğəmbər!) Allah Hökmlərini bəyan etmək üçün öz qovmunun dilində danışan peyğəmbərdən başqa bir peyğəmbər göndərmədik.»[60]
3-Peyğəmbərlərin xalqdan mükafat (pul və s..) almaması;
İlahi peyğəmbərlər bütün çətinliklər, əzab-əziyyətlər və dini yaymağın əvəzində xalqdan heç bir şey almamalıdır.
Qur'ani-kərimdə oxuyuruq:
«(Ey Peyğəmbər! İslam ümmətinə) de ki, mən sizdən yaxınlarıma (Əhli-beytimə) məhəbbətdən başqa bir əcr istəmirəm.»[61]

4-Peyğəmbərlərin mə'sum olması;
İlahi peyğəmbərlər dünyaya gələndən vəfat edənədək heç bir günah iş görməmiş, ilahi vəhyi (hökmləri) xalqa çatdırmaqda səhv etməmiş və bu işdə heç bir şeyi yaddan çıxarmamışlar. Bu isə təkcə iddia olmayıb, istər ağıl, istərsə də ayə və rəvayətlər vasitəsi ilə təsdiq olunur. Çünki günahkar, unudan və səhv edən şəxsin peyğəmbər olması heç də qəbul olunası bir şey deyildir.

Əks təqdirdə, xalq günahkar peyğəmbərin (özü günahkar olduğuna görə) sözlərinə baxmayıb günaha batar, həmçinin səhv edib unudan (yaddaşsız) peyğəmbər isə Allah hökmünün əvəzinə xalqa yalnış hökmləri çatdırar. Bu isə ilahi peyğəmbərlərin göndərilməsi tərzi təfəküründən çox-çox uzaqdır.

Qeyd etdiyimiz kimi, peyğəmbərlər insanları Allah ibadətinə də'vət etməyə və günahdan çəkindirmək üçün göndərilmişdir.

Bu haqda olan bir neçə ayə və rəvayətləri də diqqətinizə çatdırırıq. Qur'ani-kərimdə oxuyuruq:

«Mənim əhdi-peymanıma (peyğəmbərlik və rəhbərliyə) zalım şəxslər nail ola bilməz.»[62]

Ayrı bir ayədə isə belə buyurur:

«Şübhəsiz Allah Hüdudlarını (qayda-qanunlarını) ayaq altında qoyan şəxslər özlərinə zülm etmiş (zalımlar)-dır.»[63]

Beləliklə günah edən şəxs zalım, zülmkar şəxs isə heç vaxt peyğəmbərliyə (rəhbərliyə) çata bilməzlər.

Həmçinin Qur'ani-kərimdə buyurur:

«Şübhəsiz sizlər üçün Allah elçisində (Həzrət Mühəmməddə) ən yaxşı nümunə vardır.»[64]

Görəsən günahkar və yaxud yaddaşsız bir şəxs İslam ümməti üçün nümunə ola bilərmi? həmçinin belə bir söz ağıl və məntiqlə uyğundurmu?

Bu haqda artıq izaha ehtiyac duyulmur və hər bir ağıl sahibi bu sözün nə qədər doğru olduğunu çox yaxşı başa düşür.

Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm bu barədə belə buyurur:

«Allah-təala ağılı inkişaf edib kamala çatmayan, həmçinin ağılı ümmətinin ağılından üstün olmayan bir şəxsi peyğəmbər seçməmişdir.»[65]

Üçüncü:
Bizim əqidəmizə görə qədim zamanlardan indiyədək insanların doğru yola hidayət olunması üçün 124,000 peyğəmbər gəlmişdir ki, onların birincisi Həzrət Adəm (əleyhissalam), sonuncusu isə Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmdir.[66]

Bu peyğəmbərlərdən 26-nın adı Qur'ani-kərimdə zikr olunmuşdur ki, bu haqda Nisa surəsinin 163 və 134, Ən'am surəsinin 84-86, Ənbiya surəsinin 85, hud surəsinin 50, 61, 84, həmçinin Fəth surəsinin 29-cu ayələrinə baxa bilərsiniz.

«Əbuzər (r.ə) nəql edir ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-dən peyğəmbərlərin sayını soruşduqda buyurdu: (İlahi peyğəmbərlər) yüz iyirmi dörd min nəfərdir. »

Dördüncü:
Allah tərəfindən göndərilmiş 124.000 peyğəmbər heç də bir-biri ilə bərabər olmamış, məqam və mənzilətdə bir-birləri ilə fərqlənmişlər.
Qur'ani-kərimdə buyurur:

«Bu ilahi elçilərin bə'zisini bə'zisindən üstün etdik.»[67]
Həmçinin buyurur:

«Şübhəsiz bə'zi peyğəmbərləri (nəbiləri) bir-birindən üstün etdik.»[68]

Beşinci:
İlahi peyğəmbərlərdən yalnız 5 nəfəri «Ulul-əzm» peyğəmbərlər kimi tanınmış və bunun səbəbi onların şəriət və dinlərinin bütün dünya üçün gəldiyi və asimani kitaba malik olmalarından ibarətdir.
Ulul-əzm peyğəmbərlər Həzrət Nuh əleyhissalam, Həzrət İbrahim əleyhissalam, Həzrət Musa əleyhissalam, Həzrət İsa əleyhissalam və Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmdir ki, onlara nazil olan kitablar aşağıdakılardan ibarətdir:
1-Suhuf-(Nuh əleyhissalam);
2-Suhuf-(İbrahim əleyhissalam);
3-Tövrat-(Musa əleyhissalam);
4-İncil-(İsa əleyhissalam);
5-Qur'an-(Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm);
Ulul-əzm peyğəmbərlərin daha üstünü isə islam peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu ələyhi və Alihi və səlləm)-dir. O, Həzrət (s) buyurur:
«Mən Cəbrail, Mikail, İsrafil və Allahın bütün yaxın mələklərinin üstünü, xalqın daha yaxşısı və Adəm övladlarının seyyidi və ağasıyam.»[69]

Altıncı:
Qur'ani-kərim Həzrət Mühəmmədə (s) iki dəfə nazil olmuşdur ki, birinci dəfə o həzrətin mübarək qəlbini nuralandırıb vəhyə hazırlamaq üçün icmali şəkildə, ikinci dəfə isə tədriclə olaraq 40 yaşından başlayıb 63 yaşında sona çatmışdır.[70]

Yeddinci:
Qur'ani-kərim həzrət Mühəmmədə (s) nazil olduğu kimi qalmış və heç bir təhrifə mə'ruz qalmadan bizim əlimizə çatmışdır.
Bunun əksinə e'tiqad bəsləyənlər isə bəsirətsiz olub yersiz danışan və kor-koranə yol gedənlərdir.[71]
Əlbəttə bu heç də sırf iddia deyil, əksinə Qur'anın möhkəm ayələri və mö'təbər rəvayətlər əsasındadır.
Qur'ani-kərim bir sıra möhkəm dəlillərə əsasən Tövrat və İncilin əksinə olaraq, heç vaxt təhrif olunmamışdır. Yə'ni ona artırılmamış və ya ondan heç bir şey azaldılmamışdır. Bu sözə aid bir neçə dəlilləri qeyd edirik:
1-Hifz ayəsi;
Allah-təala Qur'anın hər növ təhrifdən qorunub saxlanılması haqda belə və'd edir:
«Şübhəsiz Qur'anı biz nazil etmiş və həqiqətən biz onu qoruyacağıq.»[72]
Digər bir ayədə belə buyurur:
«Şübhəsiz Allah öz və'dəsinə yalançı çıxmaz.»[73]
2-Qur'anın batildən uzaq olması;
Qur'ani-kərimdə onun batildən (təhrif və yalandan) uzaq olması haqda buyurulur:
«Və Həqiqətən bu kitab izzətlidir, Heç vaxt batil, onun önü və arxasındandan onunla birgə olmaz, çünki o (Qur'an) hikmətli və (sifətləri) bəyənilmiş Rəbbin tərəfindən nazil olmuşdur.»[74]

Səkkizinci:
Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm, peyğəmbərlərin sonuncusu və üstünü olduğu kimi, İslam dini də dinlərin sonu, üstünü və əbədisidir. Həqiqətdə İslam dininin zühur etməsi ilə sair dinlər öz e'tibarlarını itirmişlər.
Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi vəsəlləmdən sonra isə heç bir peyğəmbər gəlməyəcəkdir. Qur'ani-kərimdə oxuyuruq:
«Mühəmməd (s) (Allah elçisi olub), sizlərdən Heç birinizin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərliyi xətm edən (sona çatdıran)-dır və Allah Hər bir şeydən agahdır.»[75]
Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm vəfat edərkən buyurdu:
«(Bilin ki,) məndən sonra heç bir peyğəmbər gəlməyəcək və sünnəmdən sonra başqa bir sünnə (davranış) olmayacaqdır.»
hər kəs (bunun əksini) iddia edərsə, sözləri batil və insanı Cəhənnəm əzabına düçar edən bid'ətdir. Beləliklə belə şəxsləri öldürüb onlarla mübarizəyə qalxın və bilin ki, belə şəxslərə itaət edənlərin yeri Cəhənnəm odu olacaqdır.» [76]

Doqquzuncu:
Qur'ani-kərimdə buyurulduğu kimi, bə'zi vaxtlar eyni zamanda iki şəxs peyğəmbərlik etmiş, amma onlardan biri digərinə tabe olmuşdur ki, Həzrət İbrahim və həzrət Lut əleyhiməssalamı buna misal vurmaq olar.

Onuncu:
Biz müsəlmanlar İslam dini və Həzrət Mühəmmədin (s) sair dinlər və peyğəmbərlərdən üstün olmasına inanmaqdan əlavə, bütün ilahi dinlər, peyğəmbərlər və onlara gələn ilahi kitablara dərin hörmət bəsləyirik.
Qur'ani-kərimdə oxuyuruq:
«Allah elçisi ona nazil olanlara iman gətirmişdir və mö'minlər də hamılıqla Allaha, onun mələklərinə, göndərdiyi (asimani) kitablara və peyğəmbərlərə iman gətirərək deyərlər: Allahın göndərdiyi peyğəmbərlərin heç birinin arasında fərq qoymarıq. Və (mö'minlər) hamılıqla deyərlər: Biz Allahın fərmanını eşidib (ona) iman gətirdik. İlahi, biz Sənin bağışlamağını istəyir və Sənə tərəf qayıdacağımızı bilirik.»[77]
-----------------------------------------
[33]«Nəhl» surəsi, ayə.36
[34]«Fatir» surəsi, ayə.24
[35]«Əlmizan-təfsiri» 17-ci cild, səh.39
[36]Nəhcul-bəlağə,144-cü xütbə
[37]«Nəhl» surəsi, ayə.36
[38]«Bəqərə» surəsi, ayə.213
[39]«Hədid» surəsi, ayə.25 Cümə surəsi, ayə.2
[40] Cümə surəsi, ayə.2
[41]«Nisa» surəsi, ayə.165
[42] Yasin surəsi, ayə30
[43] Mutəffifin surəsi, ayə.29-30.
[44] Qəmər surəsi, ayə 2
[45] R`əd surəsi, ayə 13
[46] Yasin surəsi, ayə 18
[47] Ali İmran surəsi, ayə 112
[48]«Əhzab surəsi, ayə,21»
[49]«Tarixi Təbəri» 2-ci cild, səh.7-8. (Fruği əbədiyyət kitabından)
[50] Sireyi İbni Hişam,3\345, (Fruği əbədiyyət kitabından)
[51]«Səf» surəsi, ayə.6.
[52] İlahiyyat, səh,246, «Əlqəsəsul-Qur'ani», səh.314-315.
[53] Müntəhəl-amal, 1-ci cild, səh-66-95
[54] Yunis surəsi, ayə.16
[55] Rum surəsi, ayə.1-4
[56] Əl-mizan fi təfsiril-Qur'an,16-cı cild, səh.162-170, Ulumul-Qur`an, 2-ci cild, səh:129-135
[57] Bəqərə surəsi, ayə.22
[58] Şura surəsi, ayə.51
[59] Ənbiya» surəsi, ayə.7
[60] İbrahim surəsi, ayə.4.
[61] «Şura» surəsi,. ayə.23
[62] «Bəqərə» surəsi, ayə.124
[63] Təlaq surəsi, ayə.1.
[64]«Əhzab» surəsi, ayə.21.
[65] «USuli kafi» kitabul-əqli vəl-cəhl, hədis-11
[66] «Əl e'tiqadat fi dinil-imamiyyə», səh.66
[67] «Bəqərə» surəsi, ayə.253. 131
[68] «İsra» surəsi, ayə.55
[69] Əl-e'tiqadat fi dinil imamiyyə, səh.65
[70] «Ulumul-Qur'an» 1-ci hissə, səh.27
[71]Fəslul-xitab fi ədəmi təhrifi kitabi Rəbbil-ərbab» səh.16-18
[72]«hicr» surəsi, ayə.9
[73]«R`əd» surəsi, ayə.31
[74]<ət» surəsi, ayə.41-42
[75] Əhzab surasi, ayə.40.
[76] Sunənun-Nəbi, səh-12
[77] «Bəqərə» surəsi, ayə.285
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930