ƏDL - Allah ədalətlidir
Mьəllif: admin1
Tarix: 9-04-2014, 16:41
ƏDL - Allah ədalətlidir


Bildiyiniz kimi «Ədalət» Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin əsasları olan (Üsuliddinin) ikinci əsası kimi sayılmışdır. Yə'ni bu məsələ Allahın birliyi, Nübüvvət və s.. əsasların kənarında yerləşdirilmişdir.

Görəsən bunun səbəbi nədir?
Cavab: Əhli-sünnətin kəlami firqələrindən sayılan «Əş'əri»-lərin əqidəsinə görə, insan ağlı yaxşını pisdən ayırd etməyə qadir deyil və Allah təala istədiyi hər bir işi əncam verə bilər.

Məsələn, Yezid kimi zülmkarı Cənnətə və hər hansı bir məzlum və saleh bəndəsini Cəhənnəmə apara bilər.

İnsan ağlı isə bütün bu işlərin doğru və ya yalnış olması haqda heç bir fikir yürütməməli və Allahın işlərinin ədalətə uyğun olması barədə bir söz danışmamalıdır!»

Bir halda ki, ağıl, Qur'an ayələri və bir çox rəvayətlər belə bir yalnış fikiri rədd edərək Allah təalanın bütün işlərinin ədalət, hikmət və insafla olduğunu təsdiq edir.

Biz Allahın bütün işlərini ədalət və hikmət üzündən bilir və onun ədalətsiz olmasının heç bir ağıl və məntiqə sığışmadığına əqidə bəsləyirik.

Elə buna görə də Əhli-beyt məktəbinin davamçıları «Əş'əri» firqəsinin Allah-təalaya vurduğu ədalətsizlik töhmətinin qarşısında «Ədalət» (Allahın ədalətli olması) əqidəsini öz dini əsaslarından qərar vermişdir.

ƏDALƏTİN MƏ'NASI
Ədalət «Ədl» sözündən olub, ərəb dilində bərabərlik və insaflı mə'nalarını daşıyır.
Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, «hər kəsin haqqını özünə vermək» və «hər şeyi öz yerinə qoymaq» kimi mə'nalara malikdir.
Allah təala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s... buna misal ola bilər.
Qeyd etmək lazımdır ki, başqalarına zülm edən hər bir zülmkar aşağıdakı yollardan biri əsasında zülm edir:
1-Bir sıra ruhi və maddi çətinliklərə görə zülmkarlıq etməyə məcbur olub, başqasının haqqını tapdalamaq.
2-Zülmkarlığın pis bir iş olmasından xəbərsizlik və nadanlıq;
3-Gələcəkdə baş verəcək hadisələrdən qorxub zülmkarlığa əl atmaq;
4-Nəfsin paklaşdırılmaması üçün başqalarına zülm etmək xasiyyəti;
5-Tərəfbazlıq üzündən başqasına zülm etmək; Məsələn, aralarında ixtilaf olan iki nəfər hakimin yanına gedir, amma hakimin tərəfbazlıq edərək qohumu olan günahkarı deyil, ona yad olan günahsız şəxsi cəzalandırıb və bu yolla zülmkarlığa əl atması və s...

ƏDALƏTİN NÖVLƏRİ
İlahi ədaləti iki hissəyə bölmək olar:
1-Təkvini ədalət;
2-Təşri'i ədalət;
Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır.
Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Rəvayətdə buyurulduğu kimi:
“Asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.”
Amma «Təşri'i» ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin ədalət və insaf üzündən olması nəzərdə tutulur. Təşri'i ədalət özü də iki qismə bölünür:
Birinci: Peyğəmbərlər vasitəsi ilə göndərilmiş qanun və şəriətlərin ədalət əsasında olması;
Allah-təalanın göndərdiyi şəriət və hökmlərin hamısı ədalət əsasındadır və insanın qüdrət və imkan dairəsində məhdudlaşır. Qur'ani-kərimdə buyurulur:
«Biz insanın imkanından kənar hökm vermərik.»[16]
Sual: Allah təala Qur'ani kərimdə buyurur:
«Allah (üçün) layiqincə təqvalı olun.»[17]
Bildiyiniz kimi Həzrət peyğəmbərin (s) zamanında texnika inkişaf etməmiş və fəsad yayan televizor, video, internet və bu kimi digər təbliğat və rabitə vasitələri, olmamışdır. İndiki zamanda (14 əsrdən sonra) isə dünyanın hər bir nöqtəsində müxtəlif pozğunluq və fəsadla üzləşmək olur. Belə bir halda hansı bir müsəlman Allaha layiq olan şəkildə təqvalı ola bilər? Bu Allahın ədaləti ilə uyğun gəlirmi?
Cavab: Qur'ani-kərimlə ətraflı tanış olan hər bir şəxs bu suala çox asanlıqla cavab verə bilər.
Qeyd etmək lazımdır ki, Qur'ani kərimin bə'zi ayələrini deyil, bütün ayələrini nəzərdən keçirməli və daha sonra zehnimizdə olan sualları açıqlamalıyıq.
Qur'ani-kərimin ayrı bir surəsinə nəzər saldıqda öz sualımızın cavabını tapa bilərik. Bu barədə buyurulur:
«Bacardığınız qədər təqvalı olun.»[18]
Həzrət peyğəmbərin (s) buyurduğu kimi, Qur'an ayələri bir-birini təkzib etmək üçün deyil, təsdiqləmək üçün nazil olmuşdur.[19]
Elə buna görə də hər bir müsəlmanın öz bacarığı qədər təqvalı olması heç də Allah ədaləti ilə zidd deyildir.
İkinci: Təşri'i ədalətin ikinci qismi axirət aləminə aiddir. Yə'ni axirət aləmində saleh bəndələrlə günahkarlara eyni səviyyədə baxılmayacaq və onların hər biri haqda ədalətli və insaflı hökmlər veriləcəkdir.

Qur'ani-kərimdə oxuyuruq:
«(Bu dünyada) zərrə qədər yaxşı iş görən şəxs onun (əcrini) görəcək, həmçinin zərrə qədər pis iş görən şəxs də öz (pis əməlinin) cəzasını çəkəcəkdir.»[20]
Sual: Axirət aləmində zərrə qədər etdiyimiz günahların cəzasını çəkməli olsaq, onda elə bu başdan yerimizi cəhənnəmdə görməliyik. Çünki hər bir müsəlman öz gündəlik həyatında istər-istəməz bir çox kiçik günahlara batır.
Bu isə kiçik günahlara aiddir və böyük günahlardan söz açılsa, bəlkə də bu haqda danışmağa dəyməz.

Bu ilahi ədalətin ziddi sayılmırmı?
Cavab: Əvvəldə verilən sualın cavabında qeyd etdiyimiz kimi, əvvəla təqvalı olub günahlardan çəkinmək hər bir müsəlmanın öz bacarığı qədərdir.
Digər tərəfdən də Qur'ani-kərimin bə'zi ayələri bu nigarançılığı tamamilə aradan aparır və insanı ümidvar edir. Necə ki, Qur'ani-kərimdə buyurulur:
«Bircə yaxşı iş görən şəxsə on bərabər savab və bircə günah edən şəxsə isə təkcə bir günah yazılacaq və onlara heç bir zülm olunmayacaqdır.»[21]
Beləliklə hər bir müsəlmanın bir savab işi üçün on savab, bir günah işi üçün isə təkcə bir günah yazılır.
Bunun isə ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur və hətta Allahın nəhayətsiz rəhmətindən xəbər verir.

İLAHİ ƏDALƏTİN SÜBUTLARI
Allah təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Qur'an ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah təalanın sifətlərindən biri sayılan «hikmət»-in mə'nası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.
İndi isə İlahi ədaləti təsdiq edən bir neçə ayə və rəvayəti nəzərinizə çatdırırıq:
1- «Şübhəsiz Allah zərrə qədər belə zülm etməz.»[22]
2- «Şübhəsiz Allah insanlara (heç vaxt) heç bir zülm etməz.»[23]
«Həqiqətən Allah ədalət, yaxşılıq, və yaxınlara (qohumlara) əl tutmağa göstəriş verir, (Həmçinin) çirkin, pis işlər və zülmkarlıqdan nəhy edir və xatırladasız deyə sizə moizə (nəsihət) verir.»[24]
Görəsən insanları ədalət və yaxşılığa əmr edən Allahın özü ədalət və insafdan kənar ola bilərmi?
3-«Yəhudi bir şəxs Həzrət Peyğəmbərdən (s) Allahın ədaləti barədə soruşduqda, Həzrət buyurdu:
Allah təala zülmün pisliyindən agah olub, zülmə ehtiyacı olmadığı üçün heç vaxt zülm etməz.»
Bütün bu sübutlardan belə bir nəticə alırıq ki, Allahın ədalət, insaf və hikməti inkar edilməzdir.
Allah təala öz işlərində ədalətli olmasaydı, Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mə'nasız olardı. Bu isə uca məqamlı Rəbbimizdən çox-çox uzaqdır.

İLAHİ ƏDALƏTƏ İNANMAĞIN FAYDALARI
Allahın ədalətli olmasına e'tiqad bəsləməyin aşağıdakı nəticələri vardır:
1-Ümidvarlıq; Allahın öz işlərində ədalətli olduğunu bilən hər bir şəxs bir sıra çətin və yaxşı hadisələrdən sonra ümidvar olaraq öz Rəbbinin hikmət və ədalətinə tapınır. Allahın ədalətinə inanmayanlar isə həmişə bədgüman və naümiddirlər.
2- Özünü günahdan qorumaq; Çünki hər bir əməlin ədalətlə mükafatlandırılacağına inanan şəxs, heç vaxt günahkar olmaz və günah vasitəsi ilə özünü cəhənnəm əhlindən etməz.
3-İnsanın fərdi və ictimayi həyatında ədalətin bərqərar olması; Rəbbini ədalətli bilən hər bir şəxs və ya cəmiyyət öz yaşayışında da ədalətli olmağı sevir və ədalətə əməl edir.

FƏRDİ VƏ İCTİMAYİ BƏLALARIN SƏBƏBİ NƏDİR?
Sual: Əgər Allah adildirsə, bəs nə üçün müsəlmanlar müxtəlif çətinliklərə düşür, öz fərdi və ya ictimayi həyatlarında problemlərlə üzləşirlər ki, cəmiyyətdə bərabərsizlik, bə'zilərinin gözəl və bə'zilərinin çirkin olması və yaxud təbii fəlakətlər nəticəsində yüzlərlə günahsız insanın bədbəxt olması və s... o cümlədəndir. Bütün bunlar ilahi ədalətlə uyğundurmu?

Cavab: Bu suala bir neçə mərhələdə cavab vermək olar:
Əvvəla: Bu cür fərdi və ictimayi bəlaları ilahi imtahan adlandıraraq onun üç səbəbini aydınlaşdırmalıyıq:
1)- Yatmış fitrətləri oyatmaq;
Bir sıra günahlar nəticəsində insan fitrəti qəflətə düşür və Allah təala onları oyatmaq üçün fərdi və ya ictimayi əzab göndərərək onları doğru yola çəkmək istəyir. Qur'ani-kərimdə oxuyuruq:
«Biz Fir'on xanidanını (zülmkarlıq və günahkarlıqdan üz döndərib) həqiqəti başa düşsünlər deyə quraqlıq, çətin yaşayış, və məhsullarında zərər-ziyana mübtəla etdik.»[25]
Bunu da bilməliyik ki, günah və fəsad içində yaşayan şəxs və ya millət üçün bir sıra təbii fəlakətlər gəldikdə, onları heç vaxt Allahın hesabına qoymaq olmaz. Çünki bu onların öz pis əməllərinin nəticəsidir.
2)- İnsanları sınamaq;
Bir çoxları Allaha iman gətirib həqiqi müsəlman və mö'min olduqlarını iddia edirlər. Lakin həqiqətdə onların bu iddiasının heç bir əsası yoxdur. Allah təala bə'zi vaxtlarda fərdi və ya ictimayi bəlalar göndərərək yalançıları doğrulardan ayırd edir. Qur'ani-kərimdə oxuyuruq:
«Şübhəsiz sizlərdən mücahidlər və səbr edənləri tanımaq üçün yoxlayacaq və sizin sözlərinizi (iddialarınızı) imtahana çəkəcəyik.»[26]
Bunu da qeyd etmək lazımdır ki, Allah təala xalqı imtahana çəkməzdən qabaq onları yaxşı tanıyır və ayədə qeyd olunmuş «tanımaq»-dan məqsəd, xalqın özünü özlərinə tanıtdırmaq və höccəti onlara tamamlamaqdır.
3)-Tərbiyə;
Rəvayətdə buyurulduğu kimi, «Allah təala bir bəndəsinə qarşı məhəbbət edib (böyük və ali məqamlara çatdırmaq istədikdə), onu çətin bəlalara mübtəla edər və o, bir bəladan çıxmamış ayrı bir bəlaya düşər.»[27]
Əlbəttə bu cür bəlalar hamı üçün deyil, yalnız məxsus bəndələr üçündür və onlar bəlaların çoxluğuna baxmayaraq bunu özləri üçün bir növ ne'mət sayırlar. Böyük arif və şair Məhəmməd Füzuli deyir:
Ya Rəbb, bəlayi eşqiylə qıl aşina məni,
Bir dəm bəlayi eşqdən etmə cüda məni
Az etmə inayətini əhli-dərdidən,
Yə'ni düçar qıl böylə bəlalara mübtəla məni.

İkinci: Bir sıra bəlalar və çətinliklər insanın öz xeyrinədir və bu mənfə'əti gələcəkdə və ya axirətdə başa düşmək olar. Qur'ani-kərimdə oxuyuruq:
«Mümkündür ki, sizin üçün xeyirli işlərdən narahat olub, (Həmçinin) sizə zərərli olan bir çox şeyləri sevəsiz; Allah biləndir lakin siz bir şey bilmirsiniz.»[28]

Üçüncü: Bir sıra bəla və çətinliklər insanın öz əməlləri nəticəsində baş verir. Lakin insan çox hallarda səbirsizlikdən irəli həqiqəti başa düşməkdən imtina edir. Qur'ani kərimdə buyurulur:
«Amma insana gəldikdə isə, elə ki, Rəbbi onu imtahan edib onu əzizləsə, və ona nemət versə, deyər ki, Rəbbim mənə yaxşılıq etdi. Amma elə ki, onu imtahan edib ruzisini ona müqəddər etsə, deyər ki, Rəbbim məni təhqir (zəlil) etdi. Yox (belə deyildir) onlar yetimə yaxşılıq etmir və miskinə təam (yemək) verməkdə bir-birini təşviq etmirlər. Və (istər qanuni, istərsə də qeyri- qanuni) mirası toplayıb, yeyir və mal-dövləti çox sevirsiniz.»[29]
Bu səbəbləri hər hansı bir insan, özü başqasından daha yaxşı ayırd edib , daha yaxşı başa düşə bilər. Qur'ani kərimdə buyurulur:
«Əksinə, insan öz nəfsinə (etdiyi əməllərə başqalarından daha) agahdır, baxmayaraq ki, müxtəlif bəhanə və üzrlər gətirir.»[30]

Dördüncü: həqiqətdə dünyanı bəlasız saymaq mə'nasız bir işdir. Çünki bir sıra çətinliklər və bəlalar insan iste'dadlarının inkişafı üçün ən yaxşı amildir. Məsələn, zəlzələ olmasa insan heç vaxt möhkəm binalar tikmək fikrinə düşməz və həmişə çətinliklərə üzləşərdi və s..
Amma bunu da qeyd etməliyik ki, bə'zilərinin səhlənkarlığı ucbatından zəlzələ zamanı çoxlu insanların dünyadan getməsini heç də ilahi ədalətin üzərinə qoya bilmərik. Məsələn, öz evini möhkəm tikməyən şəxs, zəlzələ nəticəsində yaxın adamlarını əldən verdiyi üçün özündən başqa kimsəni təqsirləndirməməlidir. Çünki bu itki onun öz səhlənkarlığından irəli gəlmişdir.

Beşinci: Bəlasız və çətinliksiz yaşayış, duzsuz xörəyə bənzəyir və bu həyatı çətinliksiz saymaq məntiqsiz bir düşüncədir. Çünki dünya, rahatlıq yeri deyildir.
Zəif xəlq olunmuş insan bu dünyada müxtəlif bəlalar vasitəsi ilə möhkəmlənməli və yalnız axirət aləmində rahat olmalıdır. Digər tərəfdən, axirət aləminə iman gətirmək bu cür bəla və çətinlikləri insan üçün asanlaşdırır və onun iradəsini daha da möhkəmləndirir.
Altıncı: Cəmiyyətdə olan bərabərsizliyi aradan qaldırmaq üçün hər növ təlaşlar puç və mə'nasızdır.
İnsan həyatını at yarışına bənzətmək olar. Belə ki, bu cür müsabiqədə iştirak edən atların hamısının eyni sür'ətlə qaçmasına sə'y göstərməyimiz, cəmiyyətdə olan bərabərsizliyi aradan qaldırmağa bənzəyir.

Çünki insanların hamısı eyni cür yaradılmamış və eyni bacarıqlara malik deyildir.

Həzrət Əmirəl-Mö'minin imam Əli (əleyhis-salam) buyurur:

«İnsanlar bir-biri ilə qeyri-bərabər halda yaşadıqda rifah və xeyirdə, bərabər halda yaşamaq istədikdə isə həlakətdə olacaqlar.»

Amma bunun mə'nası belə deyildir ki, varlılar imkansızlara kömək etməsin və onlara öz kömək əllərini uzatmaqdan boyun qaçırsınlar.

Allah təala Qur'ani-kərimdə 70-ə yaxın ayədə imkansızlara kömək etməkdən söz açmış və 9 dəfə “Allah yolunda infaq edin” - (yoxsullara kömək əlinizi uzadın) fərmanını vermişdir. Məsələn Qur'ani-kərimdə oxuyuruq:

«Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin (xərcləyin)...»[31]

Yeddinci: Bə'zilərinin gözəl, bə'zilərinin isə çirkin olmasının heç bir eybi yoxdur. Bə'zi insanlar belə güman edirlər ki, qızların çoxunun gözəlliyə malik olmaması onları ailə həyatı qurmaqdan saxlayır və bu da ilahi ədalətlə ziddir!

Amma həqiqət ayrı bir şeydir. Çünki ailə həyatını qoruyub saxlayan xass amil heç də qadının gözəlliyi deyil, əksinə qızla oğlanın bir-birinə olan sədaqət və məhəbbətidir. Digər tərəfdən gözəllik heç də əbədi və həmişəlik deyil və bir çoxları ailə həyatı qurduqdan sonra get-gedə gözəlliklərini itirməyə başlayırlar. Qur'ani kərimdə buyurulur:

«Və Allahın nişanələrindən biri də budur ki, sizin üçün özünüzdən həyat yoldaşları xəlq etdi ki, onlarla asayiş tapasız və sizin aranızda məhəbbət və rəhmət qərar verdi. Həqiqətən bunda təfəkkür sahibləri üçün nişanələr vardır.»[32]

Beləliklə ailə həyatı qurub onu davam etdirmək təkcə gözəllik əsasında deyil və bu cür işləri Allahın ədaləti ilə zidd olan işlər kimi qələmə vermək olmaz. Əlbəttə, gözəlliyin ailə həyatının qurulmasında olan tə'sirini tam şəkildə inkar etmirik. Amma bunu da bilmək lazımdır ki, əsl ailə quruluşu qarşılıqlı məhəbbət əsasında olmalıdır.

----------------------------------------
[16]«Ən'am» surəsi, ayə.15
[17]«Ali-İmran» surəsi, 102
[18]«Təğabun» surəsi, ayə.16
[19]«Əd-Durrul-mənsur», 2-ci cild, səh.8, Əl-mizan fi təfsiril-Qur'an, 3/85
[20]«Zəlzələ» surəsi, ayə.7-8
[21] Ənam surəsi, ayə.160
[22]«Nisa» surəsi, ayə.40
[23]«Yunis» surəsi, ayə.44.
[24]«Nəhl» surəsi, ayə 90
[25]«Ə'raf» surəsi, ayə.130
[26]«Mühəmməd» surəsi, ayə.31
[27]«Əlqəsəsul-Qur'ani», 2-ci fəsil, səh.52
[28]«Bəqərə» surəsi, ayə.216
[29]«Fəcr» surəsi, 15-20-ci ayələr
[30]Qiyamət surəsi, 14-15-ci ayələr
[31]«Bəqərə» » surəsi, ayə.254
[32]«Rum surəsi», ayə.21
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930