Hicab İslam dinin qadın ismətinə və qadın şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.
Mьəllif: admin1
Tarix: 9-04-2014, 19:22
Bismillahir Rəhmanir Rəhim
Geyim insan həyatının ayrılmaz hissəsidir. Insanın öz bədəninin müəyyən hissələrini örtməsi onun fitrətindən doğan bir hissdir. Odur ki, "insanların geyimdən istifadə etmələri fitridir" deyənlər əsla yanılmırlar. Çünki bu iddianı Qurani-kərim də təsdiqləyir. Allah-taala Əraf surəsinin 22-ci ayəsində buyurur:
".....(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar...."

Qadın insan yaradılışının əvvəlindən kişinin kənarında olmuş və həmişə insan cəmiyyətinin ən azı yarısını təşkil etmişdir. Qadının bəşər cəmiyyətindəki rolu inkaredilməzdir. İslam dini qadına xüsusi dəyər vermiş və onun bəşər cəmiyyətindəki rolunu "cənnət anaların ayağı altındadır" kimi kəlamlarla dəyərləndirmişdir ki, əslində bu və buna bənzər kəlamlar həm də qadın məqamına misilsiz qiymətdir.Lakin bütün bunlarla yanaşı qadın, insan cəmiyyətindəki misilsiz müsbət roluna baxmayaraq, bir sıra ilahi qanunlara riayət etməyəcəyi təqdirdə cəmiyyətlərin süqutuna da səbəb ola bilər. Allahın bütün insanların ilk tərbiyəçisi olaraq qadınları seçməsi heç də təsadüfi deyil. Bunda qadının yaradılışı ilə bağlı hikmətlər mövcuddur.
Allahın qadınlar barəsində təsadüfi olmayan qanunlarından biri də bu cinsin öz geyimində bir sıra şərtlərə riayət etməsidir. İslam dinin təlimlərində deyilirki qadınlar naməhrəmlər qarşısında hicaba riayət etməlidir. Hicab Allah-taalanın qadına verdiyi azadlıq nemətlərindən biridir. Çoxları hicabın qadına məhdudiyyət gətirməsini iddia edir və onun qadının fəaliyyətlərini məhdudlaşdırmasını deyirlər. Amma məsələyə bir az diqqət edəndə məlum olur ki, hicab qadının fəaliyyətinin məhdudlaşdırılması üçün deyil genişləndirilməsi üçündür. İslam qanunlarına əsasən hicab qadının cəmiyyətlə ünsiyyətini genişləndirmək istiqamətində bir vasitədir. İslam qadınlara "evin bir küncünə çəkil" demir, "hicaba riayət et" deyir. Əgər söhbət hicabdan gedirsə, deməli qadının cəmiyyət arasına çıxmasından söhbət gedir.
Allah-taala buyurur: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına, və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan, rəhm edəndir!" (Ahzab surəsi, ayə 59)
Allah-taala bu ayədə hicabın fəlsəfəsi kimi müsəlman qadının cəmiyyətdə tanınmasını və nəticədə qəlbi xəstə insanların əziyyətlərindən amanda qalmasını önə çəkmişdir.Keçmiş dövrə nəzər salanda insanlar həyat tərzi başqa cür idi, bu dövrdə isə insanların həyat tərzi bütünlüklə dəyişmişdir. Dəyişməyən isə insanın nəfsi istəkləri və bu istəklərin doğurduğu mənfi nəticələrdir. Qadın on dörd əsr bundan əvvəl olduğu kimi bu gün də şəhvətpərəst insanların zəhərli baxışlarının hədəfində olmaqda qalmaqdadır. Məhz bu səbəbdən Allah-taala yuxarıda qeyd edilən ayədə qadınların bu zəhərli baxışlardan amanda qalmaları üçün hicab örtmələrini buyurmuşdur.
Ümumiyyətlə geyim həm insanın özünə və həm də ətrafdakılara, həmçinin qarşılıqlı münasibətlərə təsir göstərir. Məsələn, hər bir kəs küçəyə adi ev paltarı ilə çıxanda bir cür yol gedir, rəsmi geyim formasında başqa bir cür. Bunu peşə geyimi geyinən şəxslərin davranışında daha yaxşı müşahidə etmək mümkündür. Hətta biz özümüz idman geyimi ilə küçəyə çıxanda bir cür davranırıq, kostyum geyinəndə başqa cür. Bu kimi geyimlər bizim öz rəftarımıza təsir göstərməsindən əlavə cəmiyyətdə insanların bizimlə davranışına da təsir göstərir.
Hicab da belədir. Qadının hicab geyinməsi onun öz davranışına təsir göstərməkdən əlavə ətrafdakıların da ona münasibətlərinə və baxışlarına təsir göstərir. Məsələnin bu cəhətinə diqqət edəndə görürük ki, hicab qadının münasibətlərinin məhdudlaşdırılması deyil, qadının izzət və ehtiramının qorunmasıdır. Odur ki, hicab həm qadının özünə layiq olduğu dəyərin təzahürüdür, həm də onun ətrafdakılara dil ilə demədiyi, geyimi ilə çatdırdığı mesaj. Hicab İslam dinin qadın ismətinə və qadın şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.
Digər tərəfdən hicab cəmiyyətin əxlaqi sağlamlığı istiqamətində də müsbət addımdır. Gün ərzində küçədə-bayırda qarşılaşdığımız insanlar evdən şəhvət hislərinin arxasınca deyil, məişət ehtiyaclarını təmin etmək məqsədi ilə çıxırlar. Lakin küçədə qarşılaşdıqları açıq-saçıq xanımlar onların fikrini müxtəlif xoşagəlməz istiqamətlərə yayındırır və günaha düşmələrinə səbəb olur. Beləliklə də hicab qanunlarına riayət etməyən xanımlar özləri günah etməkdən əlavə başqalarının da günaha düşmələrinə səbəb olurlar. Nəticədə iki günah qazanmış olurlar.
Allah-taala Qurani-kərimin Nur surəsinin 31-ci ayəsində qadının hicabının çərçivəsi və hicabdan istisna olunan kişilər barədə belə buyurur:
"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!"
Geyimin zəruriyətini hamı qəbul edir. Lakin bədənin hansı miqdarda örtülməsini hərə bir cür məsləhət görür. İnsanların hərtərəfli xeyrini nəzərə alıb ən hikmətli tovsiyə verən isə hamımızın qəbul etdiyi kimi Allahdır. Uca Allahımızın qadınların geyimi barədəki əmri isə ayələrdə buyurulduğu kimi hicabdır.

hazırladı: Əşrəfov İzzət
www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930