İBADƏT
Quran: «Cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.» Allahın Peyğəmbəri (s): «Ən yaxşı insan ibadətə aşiq olandır. Əllərini onun (ibadətin) boynundan sallayar, səmimi qəlbdən onu sevər, öz bədəni ilə ibadətini yerinə yetirər və özünü ona həsr edər. Həmin şəxsin dünya həyatının çətinliyindən, ya asanlığından heç bir qorxusu olmaz.» Allahın Peyğəmbəri (s): «İnsanın məşğuliyyəti üçün ibadət kifayət edər.» Allahın Peyğəmbəri (s): «Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram.» İmam Əli (ə): «Allah bəndəni sevəndə ibadətin gözəlliyini onun qəlbinə salar.» İmam Əli (ə): «Bəndəlik beş şeydədir: qarnını yeməkdən boş saxlamaqda, Quran oxumaqda, gecəni ibadətlə keçirməkdə, səhər çağı Allahın dərgahına ahu-zar etməkdə və Allah qorxusundan ağlamaqda.» İbadətdə Allahı tanımağın və yəqinliyn rolu. Allahın Peyğəmbəri (s): «Yəqinlə olmayan heç bir ibadətin dəyəri yoxdur.» Allahın Peyğəmbəri (s): «Allaha sanki onu görürsənmiş kimi ibadət et. Çünki, sən Onu görməsən də, O səni görür.» İmam Əli (ə): «İdrak və Allahı tanıma olmayan ibadətdə heç bir xeyir yoxdur.» İmam Səccad (ə): «İdrak və Allahı tanımaqla olan ibadətdən başqa ibadət yoxdur.» İbadətin növləri. «Tənbihul-Xəvatir»: Məsih (ə) bir kişiyə buyurdu: «Nə iş görürsən?» Ərz etdi: «İbadət edirəm.» Buyurdu: «Bəs sənin dolanışığını kim təmin edəcək?» Ərz etdi: «Qardaşım.» Buyurdu: «Qardaşın səndən daha abiddir.» Allahın Peyğəmbəri (s): «İbadət on hissədir, onun doqquzu halal ruzi dalınca getməkdir.» Allahın Peyğəmbəri (s): «Övladın ata və anaya mehriban baxışı ibadətdir.» Allahın Peyğəmbəri (s): «Alimə baxmaq ibadətdir, ədalətli rəhbərə baxmaq ibadətdir, ata-anaya mehriban və qayğıkeş baxış ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq ibadətdir.» Allahın Peyğəmbəri (s): «Allah barədə xoşgüman olmaq Allaha ibadətdir.» İmam Əli (ə): «Səmaların və yerin mələkkutu barədə düşünmək ixlaslı bəndələrin ibadətidir.» İmam Əli (ə): «Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir.» İmam Sadiq (ə): «Hər ibadətdən üstün ibadət var və biz Əhli-Beyti sevmək ən üstün ibadətdir.» Oxşar xəbərlər
|