Hədis dərsi
Qalə Rəsulullah (s), qaləl-məsum (ə) nidaları nəhayət ki, bizlərə də çatdı, zalimlərin yürütdüyü sərt yasaqlardan-qadağalardan sonra
Qulaqlarımıza zorla tıxanmış qadağa tıxacları söküldü, zehinlərə “tikanlı” fikirlərdən çəkilmiş tikanlı məftillər doğranıb kəsildi. Dillərə vurulmuş gözəgörünməz qıfıllar açıldı. Dillər, düşüncələr, qəlblər azad oldu. Dil istədiyini danışmaq arzusuyla bu fürsəti neçə illər idi ki, gözləyirdi. Zorla insanı həzrət Adəmdən (ə) ayırıb meymuna calamaq istədilər bəzi babası “meymunlar”, (Quranda yazılıb ki, Allah taala keçmişdə bəzi yəhudiləri əməllərinə görə meymuna döndərmişdi) amma olmadı. Darvin çoxdan ölmüşdü, o “biçarəni” qoymadılar qəbrində rahat yatsın, onun ölü fikirlərini dirçəldənlər özləri ilə birlikdə onu yenidən bir daha öldürdülər… Gözlərimiz ilhad məzmunlu kitablardan kor olmuş, yalançı şüar və lövhələrdən doymuş, usanmışdı. Dil dili yaradanın sözünü danışmaqdan məhrum idi, öz xilqət məqsədindən uzaq düşmüşdü, dil şeytanı tərifləyir, təbliğ edirdi. Yazıq və zavallı, əksəriyyəti bir boş qutuya döndərilmiş sovet vətəndaşları, qırmızıların “qırmızı” fikirlərini zorla yüklənib daşıyan biçarələr, məzlum ata-babalarımız… İmam Hüseynin (ə), həzrət Abbasın (ə) müqəddəs adlarını gecələr gizlicə toplaşıb şam işığında sinə vurub mərsiyyə oxuyaraq yad edirdilər, küçələrdə gözətçilər qoyurdular ki, öz “qırmızılarımız” bizi satmasınlar. Ölülərimiz çox vaxt kiril əlifbası ilə yazılmış Quran surələrinin qiraəti ilə axirət evinə yola salınırdı. “Qırmızılar” Quran öyrətməyi ən böyük günah sayırdılar, dini anaşa. Nə qədər dərdli idi bu faciəli tamaşa. Dahi Şekspirin heç bir əsərində bu dərəcədə faciə tapılmaz, bu tamaşa 70 il davam etdi, yerdə insanlar və İmam Zaman (ə), göylərdə milyardlarla mələklər, 124 min peyğəmbər, 13 Məsum (ə) bu dözülməz və sinirilməz tarixi faciəyə məcburi halda, ürək ağrısı ilə tamaşa edirdilər. Kimi hədisləri mədrəsədə kitabdan öyrənmişdi, bizlər isə həyatdan. Həyatda gördüyümüz hədisləri sonradan Mübarək Peygəmbərimizin (s) mübarək kəlamlarında təsdiqini tapdıqda “Sədəqər-Rəsul” söylədik. Kitabdan öyrənənlər isə hədislərin eynisini həyatda müşahidə edərkən “Sədəqər-Rəsul”dedilər. Bizim başqa müsəlmanlarla fərqimiz bunda idi. Doğrudan da Haqq nazildi üzülmədi, Haqqın nazil etdiyi Kitabı pozmaq istədilər, pozulmadı. Məscidləri çox vaxt uçurtmağa utandılar, ambara, kitabxanaya döndərdilər, ruhaniləri gedər-gəlməzə göndərdilər, özləri də bilmədən dinin şüarlarını, abidələrini yaşatdılar bizlərə miras olaraq… Allahı kənara qoyub özləri allahlıq etmək istədilər bu bədbəxtlər, fitrətləri dəyişmək istədilələr, lakin dəyişməyin mümkünsüzlüyü onlara çox gec məlum oldu… Dünyanın gərdişinə bax ki, ayaq baş yerində, baş daş yerində qərar tutmuşdu, göz yaşları zindan divarlarında daşa, divara, sürgün vaqonlarının dəmir-taxtasına hopmuşdu. Hər şey tərsinə axırdı, aldanmış xalq rəhbərlərə məbud gözüylə baxırdı. Qırmızı qalstuk taxırdı. Mələklər bu nizamsız nizama baxaraq öz ahıyla şimşək çaxırdı… Çolaqlar çomaqla camaatı kommunizmə aparırdı. Xalqın var-dövlətini silah-sürsata xərclədilər, lakin Haqqın gözəgörünməz qoşununun qarşısında müharibəsiz məğlub oldular, silahları işə yaramadı. 70 il dünyanın sərvətinin çoxuna yiyəlik edən bu qondarmalar öz ölümlərinin qarşısını ala bilmədilər. Çox aciz şəkildə, dünyanın gözü baxa-baxa öldülər, bivaris-sahibsiz ölülər kimi… Mirasını xalqların vicdansız, tamahkarları öz aralarında param-parça etdilər, 90-cı illərin əvvəlindəki mənzərə insana daha çox meşəni xatırladırdı. Sanki yırtıcıların döyüşü canlanırdı zehinlərdə, gücü çox olanlara bölgüdə daha çox pay düşürdü. Bu var-dövləti öz zəhmətləri ilə qazanmış xalqlara isə demək olar ki, heç bir şey çatmırdı. Bu rejim, hamam vannasında şişib köprümüş sabın köpükləri kimi 70 il böyüdü-böyüdü, nəhayət tarixin bir neçə anında da, elə tarixin öz kanalizasiyasına axıb getdi. Allah sonda bir daha öz Allahlığını göstərdi, evlərini yıxanların evlərini yıxdı… …Budur, əlhəmdulillah nəhayət ki, 70 il uzanan, sonsuzluq qədər uzun çəkmiş qaranlıq iztirab və qorxu ilə dolu sovetli gecələr sona çatdı. Dan ulduzu qaş-göz edə-edə bizlərə muştuluq xəbərini gətirdi… Azadlıq,nicat və sərbəstlik səhəri açıldı, səhərin rəhmət və mərhəmət dolu nəsimi yorulub təngə gəlmiş üzlərə sevinc bəxş etdi, ayınları açdı. Haqqın nurunun təzahürü olan səhər günəşinin şəfəqləri üzlərə işıq, ruhlara nur ələdi. 70 il, qaranlıqda korlar kimi ayaqladığımız mənəvi dəyərləri açılan səhərin doğmuş günəş işığındaartıq görməyə başladıq, Kitabları yerdən qaldırıb Tanrı dərgahına istiğfar deyib tövbələr etdik, üzərindən toz-torpağı silərək öpüb gözlərimizin üstünə qoyduq. Evlərimizin ən uca yerinə qoyaraq zinətinə çevirdik. Qırmızıların damarlarımıza zorla vurduğu qırmızı fikir məhlullarının doğurduğu “qırmızı” yuxular dağılıb getdi. Məzlum və yorğun vətəndaşlar gərnəşib asta-asta ayılmağa başladılar. Hər şeyin artıq arxada qalması, xüsusi bir zövq verməyə başladı vətəndaşlara. Həmd olsun Allaha ki, hər şey bitti, qırmızı plakatlar itti, qurulan dağıldı, sağılan soğuldu, “köhnə qırmızılar “ boğuldu, get-gedə yenilər doğuldu, ərsəyə çatdı… Hamı bir daha qorxulu-qorxulu dönüb arxaya baxdı dərdlə, sonsuz iztirab, nifrət və qəzəblə… Bu baxışlarda, bir daha geri dönməmək, qayıtmamaq mənaları yazılmışdı, nəzərlərdə sevinc sezilirdi, bir günahsız məhbusun uzun illərdən sonra dönüb azad olunduğu həbsxanaya baxdığı kimi… Tanrıya şükürlər olsun ki, bizlərə özü gözəl müjdələr verdi, son ümidin çırağını özü yandırdı qəlblərimizdə, şükürlər olsun Allaha ki, dünya məhbəsinin divarlarını yıxacaq son Məsumun(ə), son Xilaskarın(ə) bəşarətini müstəzəflərin tutulmuş gözlərinə şifa verən tutiyaya döndərdi, Yusif köynəyi etdi. Az qaldı o günlərə ki, hər şey öz yerini tapsın, möminlər o gül qədəmlərdən öpsün, oxşasın. Qəlblər öz əzəli gücünü əldə etsin. Quran da Subhan da İnsan da öz arzusuna çatsın… Tezliklə, tezliklə gələcək o gün. Gələcəyinə heç bir şəkk-şübhə yoxdur. Çünki, Vədinə Sadiqin vədidir bu, Tanrının öz bəndələrinə müjdəsidir bu! Bu vəd, hər sözü haqq olan Haqqın sözüdür… Hacı Rizvan İsmayılov Oxşar xəbərlər
|