Novruz bayramı hədislərdə
Mьəllif: admin1
Tarix: 13-04-2014, 19:12
Novruz bayramı hədislərdə


Azərbaycan, İran və Orta Asiyada qeyd olunan milli bayramlardan biri də Novruz bayramıdır. Novruzda insanlar təmizlik işləri görür, yaxınlarının və xəstələrinin görüşünə gedir, bir-birinə hədiyyə verir, küsülülər barışır, yeni paltarlar geyinir və bir çox gözəl insani xüsusiyyətlər bu bayramda öz əksini tapır. Bu gözəl xüsisiyyətlər dinimiz də bəyənilmiş sifətlərdəndir və bu haqda məsumlarımızdan (ə) çoxlu hədislər nəql olunmuşdur.

İmam Zeynəlabidin (ə) buyurmuşdur: Namazdan sonra ən üstün əməl mömini sevindirməkdir. (Biharul-ənvar,4/194)

İmam Baqir (ə) buyurmuşdur: İnsanın qardaşının üzünə təbəssümü və onun çətinliyini həll etməsi gözəl əməldir. Allah yanında mömini sevindirməkdən gözəl əməl yoxdur. (Biharul-ənvar,71/288)

İmam Sadiq (ə) buyurmuşdur: Musa peyğəmbər (ə) Allah-taalaya dedi: İlahi! məni xəstənin görüşünə getməyin savabından agah et. Allah-taala buyurdu: Onu anadan olduğu kimi günahsız edirəm. Bir mələkə tapşırıram ki, qiyamət gününə qədər onu ziyarət etsin. (İrşadul-qulub, 1/108)

Peyğəmbər (s) buyurub: İnsanın namazdan, küsülüləri barışdırmaqdan və gözəl əxlaqdan üstün əməli yoxdur. (Cəvamiul-kəlim, səh, 698)

Peyğəmbər (s) buyurub: Küsülüləri barışdırmaq bütün namazlardan və oruclardan üstündür. (Biharul-ənvar,73/43)

Novruz bayramının adət-ənənələrində bu qədər gözəl İslami əxlaqlar olduğu üçün onun haqqında çoxlu hədislər buyurulmuşdur. Hədislərimizdə Novruz bayramı dini rəhbərlər tərəfindən təsdiqlənmiş və onun qeyd olunmasına təşviq edilmişdir. Hətta novruz bayramı üçün bir sıra ibadətlər də qeyd olunur. Biz bu hədisləri oxucuların diqqətinə çatdırırıq:

Novruz bayramını təsdiqləyən və ona təşviq edən hədislər:

İbrahim Kərxi deyir: İmam Sadiqdən (ə) soruşdum: Bir nəfərin böyük tarlası var (yəni maddi imkanı böyükdür). Novruz bayramı ona hədiyyələr verirlər (yəni bu hədiyyəyə ehtiyacı olmadığı halda onu qəbul etsinmi?).

İmam buyurdu: Hədiyyə verənlər namaz qılandırlar?

Dedim: Bəli. Buyurdu: Gərək qəbul etsin və onun əvəzin versin. Həqiqətən Peyğəmbər (s) buyurmuşdur: Əgər mənə keçi budu hədiyyə gətirsələr, qəbul edərəm. Bu dindarlıqdandır. (Əl-kafi, 5/141 )

İmam Əli(ə) buyurmuşdur: Hər günümüz novruzdur.(Mən la yəhzuruhul-fəqih, 3/ 300)
(أَنَّهُ أُهْدِيَ إِلَيْهِ فَالُوذَجٌ فَقَالَ مَا هَذَا قَالُوا يَوْمُ نَيْرُوزٍ قَالَ فَنَيْرِزُوا إِنْ قَدَرْتُمْ كُلَّ يَوْمٍ يَعْنِي تَهَادَوْا وَ تَوَاصَلُوا فِي اللَّهِ).

İmam Əli(ə) üçün faluzəc (şirniyyat) hədiyyə gətirdilər. Buyurdu: Bu nədir? Dedilər: Bu gün novruzdur. Buyurdu: Əgər bacarsanız, hər gün novruz edin.(Yəni: Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin.) .(Dəaimul-islam, İbn Həyyun, 2/326)

Novruz bayramının əməlləri:

İmam Sadiq(ə) buyurmuşdur:Novruz bayramında qüsl et, təmiz paltar geyin, ətir vur və oruc tut. Zöhr namazının nafiləsindən sonra dörd rükət namaz qıl. Birinci rükətdə Fatihə surəsindən sonra on dəfə Qədr surəsin oxu. İkinci rükətdə Fatihə surəsindən sonra on dəfə Kafirun surəsi, üçüncü rükətdə Fatihə surəsindən sonra on dəfə İxlas surəsi dördüncü rükətdə isə Fatihə surəsindən sonra Fələq və Nas surəsini oxu. Namazdan sonra şükür səcdəsi və dua et.(Misbahul-mütəhəccid,s, 591)

Novruz bayramında baş verən mühüm hadisələr:

İmam Sadiq(ə) buyurmuşdur: Novruz bayramı Allah-taalanın ona ibadət etməsi, peyğəmbərlərinə və höccətlərinə iman gətirməsi üçün əhd aldığı gündür.Bu gün Nuh peyğəmbərin (ə) gəmisinin Cudi dağında oturduğu gündür.Novruz bayramında Cəbrail Həzrət Məhəmmədə(s) nazil olmuşdur. Bu gün Peyğəmbər(s) Əlini(ə) çiyninə aldı və Qüreyşin bütlərin sındırdı, Həzrət İbrahim(ə) bütləri sındırdı, Peyğəmbər(s) səhabələrə Əliyə(ə) beyət etmə əmri verdi. Bu gün bizim Qaimimiz( 12-ci imam) qiyam edəcək. Biz hər novruzda fərəci arzulayırıq. Çünki bu gün bizim və şiələrimizin günüdür.(Biharul-ənvar,56/91)

Bu hədisləri mütaliə etdikdən sonra belə nəticə almaq olar ki, Novruz bayramı insanlıq, mehribanlıq və məhəbbət bayramı olduğundan İslam dini gələndən sonra bu bayramın keçirilməsini qadağan etməmiş, əksinə insanları onu qeyd etməyə təşviq etmişdir. Çünki bu bayramın İslamın bəyəndiyi adətləri vardır. Necə ki, İmam Əliyə (ə) novruz hədiyyəsi verəndə Həzrət buyurur: Əgər bacarsanız, hər gün novruz edin. İmam (ə) bu kəlamı ilə demək istəyir ki, Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin. Bununla yanaşı dinimizdə bayram günü üçün xüsusi əməllər qeyd olunmuşdur. Bu da bayramın dində önəmli bir gün olduğunu bildirir.Bu mətləb sonuncu hədis gözə çarpır. İmam Saqid (ə) bu günü İmam Zamanın (ə.c) zühur günü olduğunu və bu günü Əhli-beytə məxsus olduğunu qeyd edir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930