Səadətli doğum günü
Mьəllif: admin1
Tarix: 9-04-2014, 18:00
İmam Həsən Əsgərinin (ə) bibisi Həkimə xanım həzrət Mehdinin (əc.) təvəllüd əhvalatını belə nəql edir:

“Şəban ayının on dördüncü cümə günü axşamı, qardaşım oğlu İmam Həsən Əsgərinin (ə) evinə getdim. Geri dönərkən İmam mənə buyurdu:

“Bu gecə bizdə qal, yer üzünü öz elmi, iman və hökmü ilə dirçəldəcək şəxs dünyaya gələcək".

Mən həmin gecəni onlarda qaldım. Dan yeri sökülən vaxt Nərgizin narahatlığı başlandı. İmam Həsən Əsgəri (ə) buyurdu:

“Qədr surəsini oxu!”
Mən Qədr surəsini oxumağa başlayan vaxt, anasının bətnində uşağın da mənimlə birgə həmin surəni oxumağını eşitdim. Elə bu vaxt mənimlə Nərgizin arasında bir pərdə çəkildi və mən daha onu görə bilmədim. Vəhşət içində otağı tərk etdim. İmam Həsən Əsgəri (ə) mənə geri dönməyimi söylədikdə, yenidən otağa qayıtdım. Otaqda göz qamaşdırıcı bir nur gördüm. Üzü qibləyə tərəf səcdəyə getmiş körpə bir uşaq gözümə sataşdı. O, əllərini göyə açdı və “Allahın birliyinə, babam Məhəmmədin (s) onun elçisi olduğuna və atam Əlinin (ə) Allah elçisinin canişini olmağına şəhadət verirəm”– deyə buyurdu.

Sonra bir-bir imamların adlarını sadalayıb, öz adına çatıb dayandı.

Onu bir qundağa büküb, atası İmam Həsən Əsgərinin (ə) hüzuruna apardım. İmam Həsən Əsgəri (ə) onu qucağına götürüb, Qur`an, Tövrat, Zəbur və İncildən bir neçə ayə oxuyandan sonra, yenidən Qur`anın bu ayəsini tilavət etdi:

“Biz istəyirik ki, yer üzünün bütün müstəz`əflərinə minnət qoyaraq, onları yer kürəsinin rəhbərləri edək, yer üzündə onların hakimiyyətini möhkəmlədək, Firon, Haman və onların qoşunlarının qorxduqları şeyləri onlara göstərək”.

İmam Zamanın (əc.) təvəllüdü haqda bir az fərqlə başqa rəvayətlər də nəql edilmişdir. O cümlədən, Həkimə xanımdan belə bir rəvayət nəql olunur:

“Gecəni həzrət Nərgizlə birlikdə, onun otağında yatmışdıq. Bir az keçdikdən sonra gecə namazı qılmaq üçün yuxudan oyanıb, namaza məşğul oldum. Gecə namazının axırıncı rəkətinə –“Vətr” namazına yetişən zaman həzrət Nərgiz yuxudan oyanıb dəstəmaz aldı və gecə namazı qılmağa başladı. O, “Vətr” namazına yetişən vaxt dan yerinin sökülmə vaxtının yaxınlaşmasını hiss etdim. Ayağa qalxıb, səmaya baxdım və İmam Əsgərinin (ə) sözlərinə qarşı qəlbimdə tərəddüd yarandığını hiss etdim. Birdən İmam Həsən (ə) öz otağından səsləndi:

“Şəkk etmə! Bir neçə dəqiqədən sonra sənə dediklərimi görəcəksən".

Həzrət Nərgizin otağına qayıdıb, onu namazdan ayrılmış və doğum sancısına tutulmuş halda gördüm. Birdən Allahın vəlisi həzrət Mehdini (ə) səcdə edən halda yerdə görüb, onu pak və təmiz vəziyyətdə ətəyimə götürdüm. İmam Həsən (ə) uca səslə buyurdu:

“Bibi, onu bura gətir!”

Uşağı onun yanına apardım. Həzrət onu məndən alıb, mübarək dilini ona verdi. Sonra isə onu sol dizinin üzərində əyləşdirdi və əlini başına çəkib buyurdu:
“Ey oğul! Allahın izni ilə dil aç, danış!”

Həzrət Mehdi (əc.) buyurdu:

“Şeytanın hiyləsindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə!”

Sonra isə əvvəlki səhifədə deyilən iki ayəni (“Qəsəs” surəsi, 5-6-cı ayələr) tilavət etdi.

Qırx gündən sonra İmam Həsən Əsgərinin (ə) evinə getdim. Həzrət Mehdini (əc.) evin içərisində yeriyən halda gördüm. Çöhrəsi o qədər nurani idi ki, hələ ömrüm boyu belə nurani sifət görməmişdim. Özü də o, çox aydın və bəlağətli danışırdı.

İmam Həsən Əsgəri mənə (ə) buyurdu:

“Bu körpə, Allah yanında əzəmətli və kəramətli bir körpədir".

Ona dedim ki, mənim sərvərim, qırx günlük bu uşaq həm danışır, həm də yeriyir.

İmam Həsən (ə) təbəssümlə buyurdu:

“Hörmətli bibi, sən heç bilirsən ki, bizim bir günümüzün inkişafı, başqalarının bir illik inkişafına bərabərdir?”
Həkimə xanım deyir:

“Ayağa qalxdım, həzrət Mehdinin (əc.) mübarək başından öpüb, bayıra çıxdım. Otağa qayıdarkən onu görmədim. Evi nə qədər axtardımsa, tapa bilmədim. İmam Həsənə (ə) dedim:

“Bəs bizim sərvərimiz haradadır?”
İmam buyurdu:

“Həzrət Musanın (ə) anası Musanı (Nil çayına atanda) Allaha tapşırdığı kimi, mən də onu Allaha tapşırdım".
Bu kəlmələr, körpənin düşmən təhlükələrindən amanda qalması üçün gizli saxlanılmasına işarə idi".

İntizarın dəyər və mükafatı
Həzrət Mehdinin (əc.) zühur intizarının dəyəri haqqında bu gün əlimizdə yüzlərlə hədis mövcuddur. Burada onların bir neçəsini nümunə üçün qeyd edirik:
Allahın rəsulu həzrət Məhəmməd (s) buyurmuşdur:
“İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (əc.) zühurunun intizarıdır".
Bir şəxs həzrət Əlidən (ə) soruşdu:
“Allah yanında ən sevimli iş nədir?”
Həzrət onun cavabında buyurdu:
“Həzrət Mehdinin (əc.) zühurunun intizarı".
İmam Sadiq (ə) buyurmuşdur:
“Həzrət Mehdinin (əc.) imamətinə etiqad bəsləməklə bərabər, onun intizarında olan halda vəfat edən şəxs, döyüş halında o həzrətin öz xeyməsində vəfat edən şəxs kimidir".
Həmçinin o həzrət buyurmuşdur:
“On ikinci imam Həzrət Mehdinin (əc.) intizarında olan şəxs, Allah Rəsulunun hüzurunda qılınc çəkib, onun düşmənləri ilə döyüşən və o həzrəti müdafiə edən bir şəxs kimidir".

İntizarın mənası və şəraiti
İntizar gələcəyə ümid və hazırlıq mənasında işləndikdə çox mənalı olur. Misal üçün, bir şəxsin var-yoxu olan yeganə bir övladı xəstələnərkən, həmin şəxs övladının səhhətinin intizarıyla ömür sürür. Yəni, mövcud halın aradan getməsini və onun sağlamlıqla əvəz olunmasını arzulayır. Beləliklə, intizar iki hissəyə bölünür:
1. Mövcud halın aradan qaldırılması;
2. Üstün bir halın onun yerini tutması.
Həzrət Mehdi (əc.) inqilabının cahanşümul olmasına diqqət yetirsək, aydın olar ki, zühurun intizarında olmaq, kamil hazırlıq və belə bir əzəmətli hərəkat üçün zəmin yaratmaq tələb edir.
Əlbəttə, belə bir intizar gərək tərəqqi və inkişafın bütün sahələrini əhatə etmiş olsun. Misal üçün siyasi, iqtisadi, mədəni, əxlaqi və digər sahələrdə olan hazırlıq kimi. Daha aydın ibarəylə desək, intizar iki növdür:
Məsuliyyətsiz intizar (yaxud dağıdıcı intizar);
Məsuliyyətli intizar (yaxud qurucu intizar).

Müvəqqəti və səthi surətdə olan intizara məsuliyyətsiz intizar deyilir.
Təhrikedici, məsuliyyətli və ardıcıl inqilabi çalışqanlığa səbəb olan intizara püxtələşmiş intizar deyilir. Belə bir intizarın bir sıra şərtləri vardır ki, onları yalnız əməli şəkildə həyata keçirməklə əldə etmək olar.

Rəvayətlərdə də oxudunuz ki, intizarda olan şəxs Peyğəmbərlə birlikdə düşmənlə döyüşən və əsrin imamının xeyməsində şəhid olan şəxs kimidir. Belə məlum olur ki, intizar təkcə söz, dua, bayram, məclis və şeir oxumaqla hasil olmur. Mühit aludəliklərdən təmizlənməli və onu müxtəlif sahələrdə islah etmək üçün geniş hazırlıqlar görülməlidir. Misal üçün, məscidə tez getmək və namaz qılmaq üçün intizarla əyləşməyin çoxlu mükafatı vardır. Lakin təkcə dəstəmaza, bədən və paltarının paklığına və qibləyə tərəf namaz qılmağa qane olan, namazın başqa şərtlərinə, o cümlədən qəsbi yerdə qılmamaq, xümsü əda etmək və başqalarının haqqına riayət etmək kimi şərtlərə əməl etməyərək batil namaz qılan şəxsin bu cür intizarının nə dəyəri vardır?!

Bir sözlə, hər bir inqilab o vaxt nəticə verər ki, əvvəlcədən müxtəlif sahələrdə onun həyata keçməsi üçün geniş və dərin bir zəmin yaradılsın. Baş verən inqilabın müqəddiməsiz və şəraitsiz qələbəyə yetişməsi mümkün deyildir.

Dünya inqilablarının ən əhatəli və ən mühümü sayılan həzrət Mehdinin (əc.) zühuru da bu qanundan müstəsna deyildir. Əksinə, cahanşümul olduğu üçün onun şəraiti daha geniş səviyyədə olacaqdır. Buna görə də, İslam rəvayətlərində ən yaxşı əməl və Peyğəmbər (s) hüzurunda qılınc çalmaq kimi qiymətləndirilmiş olan intizar, cəmiyyətdə reallaşmayan, təsirləri aşkar olmayan yalnız quru və zehni ümid deyil, əksinə, Peyğəmbər hüzurunda düşmənlə döyüşmək məfhumunu özündə əks etdirən, səhnədə mübarizcəsinə dayanmaq və müxtəlif sahələrdə əməli hazırlıq görməkdir. İmam Sadiq (ə) buyurmuşdur:
“Sizin hər biriniz gərək Mehdinin (ə.c.) qiyamına bir ədəd ox əldə etməklə olsa belə, hazırlıq görsün".
Yaxud “Nüdbə” duasının bir neçə cümləsinə diqqət edək:

“Haradadır övliyalara izzət bəxş edən şəxs? Haradadır düşmənləri xar, zəlil edən şəxs? Haradadır Quranı və onun hökmlərini yaşatmaq üçün arzu olunmuş şəxs? Elə bir kəs ki, yol kəsən quldurlar belə onun zühurunun arzusu ilə yaşayırlar. Haradadır din və onun davamçılarının nişanələrini dirçəldən şəxs?”
Geniş hazırlıq və fədakar dostlar olmadığı halda, belə bir parlaq və mühüm qələbəni əldə etmək mümkündürmü?

Zühura zəmin yaradan on amil
Bütün amillər içərisində aşağıdakı on amili, İmam Mehdinin (əc.) zühuruna hazırlıq və intizar üçün ən mühüm əsaslı amillər ünvanında qeyd etmək olar:
–Əsl İslama söykənmək və onu Yezid islamından ayırmaq;
–Elmi tərəqqiyə, fikri təkmilliyə və ali səviyyəli düşüncələrə söykənmək;
–Möhkəm iradə şücaət və qətiyyət;
–Əxlaqi inqilab, zahidlik və azadlıq;
–Dərin iman, Allaha düzgün və daimi təvəkkül;
–İnsanların bir-biri ilə məntiqi rəftarları;
–Məhrum və zəif təbəqəni unutmamaq;
–Vəhdət;
–Səlahiyyətli rəhbər seçmək və vilayəti-fəqihə itaət;
–Bütün sahələrdə kütləvi proqramlaşdırma.
İslam peyğəmbəri (s) bu amillərin sayəsində yüksək qələbələrə nail oldu. Əgər müsəlmanlar bu amilləri geniş şəkildə həyata keçirsələr, həqiqətən intizarda möhkəm addımlar atmış və qəti olaraq həzrət Mehdinin (əc.) zühuruna yaxınlaşmışlar. Bütün bu amillərin içərisində hadisələr qarşısında möhkəm olmaq və səbrin çox böyük rolu vardır.

Bu səbəbdəndir ki, İslam peyğəmbəri (s) bir gün, həzrət Mehdinin (əc.) qeyb dövründə onun möhkəm və səbrli müntəzirlərini yada salaraq, hüzurunda olan şəxslərə buyurdu:

“Tezliklə elə bir qövm gələcək ki, onların hər birinin mükafatı sizin əlli nəfərinizin mükafatına bərabər olacaq".
Həzrətin hüzurunda əyləşənlər təəccüblə dedilər:

“Ey Allahın rəsulu, məgər biz sənin hüzurunda Bədr, Hüneyn və Ühüd kimi döyüşlərdə iştirak etməmişikmi, bizim şənimizə Quran ayələri nazil olmamışmı?”
Peyğəmbər buyurdu:

“Əgər onlara üz gətirən çətinliklər sizin başınıza gəlsəydi, siz onlar kimi səbr edə bilməzdiniz".

Həzrət Mehdinin (əc.)
dostlarının xüsusiyyətləri
Şübhəsiz ki, həzrət Mehdi (əc.) inqilabının güclü arxa və köməyə ehtiyacı var. Bu məsələnin əhəmiyyəti bütün peyğəmbərlər və Allah övliyalarının qələbələrində müşahidə olunur. Məsələn, İslam peyğəmbəri (s) Məkkə şəhərində dost və həmkarların olmaması üzündən o cür narahatedici əziyyətlərə düçar oldu. Nəhayət, gizlicə gecə vaxtı Mədinəyə hicrət etdikdən sonra orada özünə möhkəm dayaq qurdu. Beləliklə də “Bədr” döyüşündə İslam düşmənlərinə qələbə çaldı və nəhayət, Məkkə şəhərini fəth edib, bü-tün Ərəbistan yarımadasını İslam bayrağının altında birləşdirdi. Məkkə şəhərində İslam peyğəmbərinin dostu, həmkarı və əmisi Əbu Talibin, Peyğəmbərin düşmən təhlükəsindən mühafizə olunmasında böyük rolu olmuşdur. Lakin onun vəfatından sonra müşriklərin Peyğəmbərə qarşı olan cürətləri daha da çoxaldı. Bu zaman həzrət Cəbrayıl Allah tərəfindən Peyğəmbərə nazil olub, buyurdu:
“Məkkəni tərk et, sənin dayağın vəfat etdi".

Peyğəmbər (s) buyurmuşdur:

“Qüreyş tayfası Əbu Talib vəfat edən vaxta qədər narahat idi. İndi isə onların mənə qarşı olan cürətləri daha da çoxalmışdır".
Digər bir tərəfdən də, Peyğəmbər (s) məskunlaşmaq üçün Mədinə şəhərini seçmişdi. Çünki əvvəlcədən bu şəhərdən bir qrup adam Peyğəmbərlə (s) beyət etmək üçün o həzrətin (s) hüzuruna gəlmiş və onu Mədinəyə dəvət etmişdilər.

Buna görə də dost, həmkar və onların hazırlığı qələbədə əsas rol oynayır. Həzrət Mehdinin (əc.) inqilabı üçün də, sabitqədəm insanların varlığı zəruridir. Bu cəhətdən, həzrət Mehdiyə (əc.) aid olan rəvayətlərin bir qismində o həzrətin köməkçiləri və onların xüsusiyyətləri barədə bəhs edilmişdir. Orada qeyd olunmuşdur ki, sadalanan xüsusiyyətlərə malik köməkçilərin varlığı ilə o həzrət zühur edəcək və nəhayət qələbə çalacaq. İnsanlar intizarını çəkdiyi kimi, həzrət də onların və öz köməkçilərinin intizarındadır. Həzrətin intizarı daha şiddətlidir.

İndi isə bu mətləbin daha aydın olması üçün diqqətinizi onlarla, yüzlərlə rəvayətin içərisindən seçdiyimiz, həzrət Mehdinin (əc.) səhabələrinin xüsusiyyətlərini bəyan edən bir neçə rəvayətə cəlb edirəm:

“Maidə” surəsinin 54-cü ayəsində oxuyuruq:
“Ey iman gətirənlər! Hər kəs İslam dinindən üz çevirərsə, Allah elə bir cəmiyyət yaradacaq ki, Allah onları sevir, onlar da Allahı sevirlər; möminlərin qarşısında təvazökar və mehriban, müşriklərin qarşısında isə qüvvətli və möhkəmdirlər; Allah yolunda ardıcıl olaraq cihad edər və çalışarlar; öz dini vəzifələrini icra edərkən, heç bir məzəmmət edənin məzəmmətindən çəkinməzlər".

Bə`zi rəvayətlərdə nəql olunmuşdur ki, həzrət Mehdi (əc.) səhabələrinin xüsusiyyətləri bu ayədə bəyan olunmuşdur. Onlar bu sifətlərlə mürtəd, dindən çıxmış şəxslərin qarşısında möhkəm dayanar və həzrət Mehdinin (əc.) ədalətli, cahanşümul hökumətinin qurulması uğrunda mübarizə edərlər.

İmam Sadiq (ə) buyurmuşdur:

“Bu işin sahibi (zahir olacaq şəxs) bu ayənin sayəsində (bu ayədə onların xüsusiyyətləri bəyan edilən dostların cəmləşməsi ilə) mühafizə olunar".

İmam Səccad (ə) buyurmuşdur:

“Bizim Qaimimiz qiyam edən zaman Allah-taala bizim yolumuzda olan bütün şəxsləri bəlalardan qoruyar, onların qəlblərini dəmir parçası kimi möhkəm edər və onların hər birinə qırx kişinin gücü verilər. Onlar dünyanın hakimi olacaqlar".

İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:

“Həzrət Mehdi (əc.) zühur edən zaman bizim tərəfdarlarımızın hər birinin gücü aslandan güclü, nizədən iti olacaq. Onlar düşmənlərimizi ayaq altına salacaq və öz əlləri ilə onları məhv edəcəklər".

İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) dostları haqqında söylədiyi hədisdə belə buyurmuşdur:
“Əgər onların qarşısına dəmir dağlar çıxsa belə, onu parça-parça edər, öz qılınclarını Allahın izni olmadan yerə qoymazlar".

313 nəfər
Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin imamı ilə bey`ət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.

313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlarla hədis mövcuddur.

Keçək nümunə ayələrə:

“Hud” surəsinin səkkizinci ayəsində belə buyurulur:

“Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim".

İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:

“Bu ayədəki “qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), “rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir".
Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:

“O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır".
Sual: 313 nəfərin sayı hələ kamil olmamışdır?

Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsusiyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.

Məsələn, İmam Səccad (ə) buyurur:

“İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplanmış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə beyətə dəvət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq".
Bir çox rəvayətlərdə onların tərifi haqqında belə qeyd olunmuşdur:
“Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yəni, onlar yüksək sürətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləşmiş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimidirlər".
Bu hədisə əsasən, bu 313 nəfər şücaət və elmi cəhətdən elə bir səviyyədə olmalıdırlar ki, yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.

“Bəqərə” surəsinin 148-ci ayəsində oxuyuruq:

“Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq".

İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurdu:

“Bu a yədə Həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (ayədə buyurulan) “Ümməti-mədudə”də məqsəd, hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payız buludları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar".
Onların xüsusiyyətlərindən daha bir neçəsini sadalayaq:

Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (əc.) Məkkə şəhərinin beş-altı kilometrliyində dayanaraq, onların gəlişini gözləyəcək ki, onlarla birlikdə Kəbə evinə gəlsin. Bu 313 nəfər həzrət Mehdi (əc.) ilə beyət edən ilk insanlardır.

Onlar həzrət Mehdinin (əc.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, imamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:

“Sanki həzrət Mehdini (əc.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən halda görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allah rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəldirsə, Allahın izni ilə həlak olurlar".

Zühur və qadınlar
Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haqqında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?

Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə imamın (əc.) dayağı olacaqlar.

Onu da deyək ki, bə`zi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur:

“And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar".
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:

“On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir".

Sonra imam (ə), qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:

“Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər".

Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?

Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:

“İlahi kamala malik 313 nəfər “Həcərül-əsvəd” lə “Məqami-İbrahim”in arasında həzrət Mehdi (əc.) ilə beyət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məsuliyyətinin ağır yükünü öz öhdələrinə götürmüşlər".

Məhəmməd Məhəmmədi İŞTİHARDİ,
“Son xilaskar” kitabından
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930