Qeyrət – imandandır. Yersiz qeyrət isə bəyənilmir
Qeyrət elə bir hissdir ki, sevdiklərinə aid edilir və qeyrətli insan o kəsdir ki, sevdiyi insanları və ya dinini, vətənini hər cür təhlükədən qorusun və müdafiə etsin. Qeyrətin bir neçə növü vardır: dini qeyrət, namus qeyrəti, vətən qeyrəti... Ailə və namus qeyrəti o qeyrətdir ki, insan öz ailəsindən muğayat olsun. Ailə üzvlərini və özünü fəsada apara biləcək işlərdən uzaq saxlasın. Qeyrət hissi - sanki naməhrəmlə olan rabitəyə nəzarət edən bir gözətçidir. Şəxsin namusunu hifz edər və pak saxlamağa çalışar. Ailənin dağılmasına mane olar, çünki əgər ailələr dağılarsa, cəmiyyət də məhv olar. İmam Əli (ə) bir kişinin qeyrətini imanından bilmişdir. “Kişinin qeyrət göstərməsi - imandandır”. Yəni bir kişi imanına görə qeyrət göstərər. Həmçinin Həzrət (ə) başqa bir yerdə buyurur ki, o insanın ki, iffəti olar, qeyrətinin nişanəsidir: “Bir kişinin qeyrətinin səbəbi - onun iffətidir”. İffət, yəni haramı tərk etməkdir. Yəni o kəsin ki, iffəti olar, bu, qeyrətin nişanəsidir və hər kimin iffəti olmaz, bu onun qeyrətsizliyinin nişanəsidir. Qeyrətsizlik - qeyrətli olmağın əks mənasıdır. Bu gün qadınların bir çoxu bayıra çıxan zaman və ya ərlərinin də icazəsi ilə ictimai yerlərə gedən zaman bəzənmiş və münasib olmayan geyimlərdə gedirlər. Bu hərəkət həm başqa naməhrəmlərin diqqətini cəlb edər və həm ərinin qeyrət hissinə zərbə vurar. Bu cür kişilər hədislərin dili ilə desək, qeyrətsiz adlandırılmışdır. Onlar Allahın qəzəbinə düçar olan kəslərdir. İmam Əli (ə) İraqda olan zaman buna görə kişiləri danlamış və onlara buyurmuşdu: “Ey İraq xalqı! Xəbərdar olmuşam ki, qadınlarınız küçələrdə başqa kişilərə tənə vururlar, heç həya etmirsiniz?”. İslam dini həqiqət dini olduğu üçün, hər şeyin mötədil olmasını istəyir. İslam dini qeyrəti imandan bilir və eyni zamanda da qeyrətsizliyi məzəmmət edir. Ancaq qeyrət göstərmək bədxah olmaq, güdmək deyildir. Onların arasında sərhəd vardır. Qeyrətlə bədxahlıq arasındakı sərhədlər. 1. Qeyrətlə bədxahlıq arasındakı ən mühüm sərhəd - bədgümanlıq və sui-zəndir. Yersiz qeyrət bədxahlığın nəticəsində olar. Həyat yoldaşı yersiz qeyrət göstərərək, bədgümanlıq edər. Nəticədə böhtan atmış olar. Halbuki, onun bu işə dair heç bir dəlili olmaz. Ər subyektiv gümanları ilə bu işi görər. Bu əməl Allah yanında çox çirkin bir əməldir və böyük günah hesab edilir. “Və (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər”. (“Nur” 4). 2. Cahil təəssübkeşlik. İslamın nəzərinə görə o zaman ki, din bir işə icazə verər, qəbilə və ya cəhalət təəssübkeşliyinə yer qalmaz. Misal üçün o zaman ki, iki cavan arasında nikah bağlanar, təbiidir ki, onlar bir-birinə məhrəm olarlar. Ona görə də onların bir-biri ilə rabitəsinə maneələr yaratmaq yaxşı olmaz. Bəziləri cahiliyyət təəssübkeşliyi ilə bunu edərlər. 3. Kiçik şeyləri böyük görmək. Belə bir həyat yoldaşı az səbirlidir və kiçik bir şey eşidən kimi onu böyüdüb filə çevirir. Bu əməl də bəyənilmir. Çünki bu, yersiz qeyrət və həddən artıq həssas olmaq deməkdir. İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda buyurur: “Məbada özündən yersiz qeyrət göstərəsən. Çünki bu yolla düzgün qadın yanlışa düşər”. 4. Psixoloji xəstəlik. Belə bir insan ruhi cəhətdən sağlam olmadığı üçün həyat yoldaşının hər rəftarına kobud reaksiya verər və zahirdə özünü qeyrətli hesab edər. Bu cür rəftarlar şiddətli həsəd və bədbinlikdən qaynaqlanar. Belə bir qeyrət ətrafında olanlara əziyyət verər və həyatı onlar üçün zəhər edər. Ona görə də zahirdə hər nə qədər qeyrətli görünsə də, ancaq yersiz qeyrət göstərmək dinimiz tərəfindən bəyənilmir. /Deyerler.org/ Oxşar xəbərlər
|