Tarix boyunca müsəlmanların tənəzzülə uğraması
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:29
Bцlmə: Məqalələr » Maarif
İslam Peyğəmbəri Həzrət Mühəmmədin ( s.ə.a.s.) apardığı təbliğ və uğurlu siyasət nəticəsində böyük İslam xilafəti yaranmışdı.O həzrət ( s.) hicrətin ilk illərindən müsəlmanlar arasında qardaşlıq əqdi bağlamış, illərdən bəri düşmən olan Xəzrəc və Ovs qəbiləsini barışdırmış və onlar arasında sülh yaratmışdı .Hamı bir-biri ilə mehriban idi.İslam dini özünün tərəqqi dövrünü yaşayırdı. Güclü İslam ordusu yaranmış, islami elmlər özünün inkişaf tempini tapmışdı. Lakin Həzrət Rəsulullahın (s.) vəfatından sonra İslamın tənəzzül dövrü başlayır. Bu, özünü müsəlmanlar arasında birliyin pozulmasında göstərdi. Tənəzzülün ilkin amili xilafətə rəhbərlik məsələsi ilə baş verən hadisələrdir. Qətiyyətlə demək olar ki, Səqifədə baş verən rəhbərlik seçkisi müsəlmanların ta bu günümüzədək ayrılığına səbəb olan əsas amildir. Baş verəcək sonrakı hadisələr məhz həmin gündən öz inkişafını tapmışdır. Fədək torpağı ilə bağlı hadisələr, Peyğəmbərin (s) qızı xanım Zəhranın (s.ə) incidilməsi gələcəkdə baş verəcək hadisələrin ilkin proqnozu idi.

Üçüncü xəlifənin səriştəsiz rəhbərliyi nəticəsində onun bir qrup müsəlmanlar tərəfindən öldürülməsindən sonra iyirmi beş illik sükutdan sonra Əlinin (ə) xilafətə

gəlişi müəyyən qədər tənəzzülün qarşısını alsa da bu, çox çəkmədi. Cəməl müharibəsini bir qrup müsəlmanın pozucu hərəkətləri və Şam vilayətinin hakimi Müaviyənin üçüncü xəlifə Osmanın məzlumcasına öldürülməsini iddia edib və Əlinin (ə) bu qətldə iştirak etdiyini və guya mərhum xəlifənin intiqamını almaq “arzusu “ yeni bir tənəzzülə təkan verdi .

Hiyləgər Müaviyənin məkrli siyasəti nəticəsində “mariqinlər “- xəvariclər adlı yeni bir dəstə təşkil edildi ki, onlar həm öz imamları Əliyə (ə) qarşı, həm də Müaviyənin əleyhinə mübarizəyə qalxdılar .Onların İslama, müsəlmanlara vuracağı zərbə daha ağır idi. Beş illik xəlifəlik dövründə müsəlmanların birliyi və İslamın inkişafı ücun çalışan İmam Əli (ə) məhz onlar tərəfindən qətlə yetirildi. Ustad Cəfər Sübhaninin təbirincə desək, Əlinin (ə) şəhadəti ilə ədalət çırağı Mehdinin (ə) zühurunadək əbədi olaraq söndü .

Peyğəmbər balası İmam Həsənin (ə) hiylə ilə hakimiyyətdən uzaqlaşdırılaraq Müaviyədən başlayan Əməvi hökmdarlarının hakimiyyətə gəlişi İslama dönə-dönə zərbələr vurdu .

Əziz Peyğəmbərin (s.) sevimli nəvəsi İmam Hüseynin (ə) Kərbəla çölündə Yetmiş iki nəfərlə amansızcasına şəhid edilməsi, Peyğəmbər (s) ailəsinin hörmətinin aradan aparılması tarixin yeni səhifəsini yazdı. Məhz bu hadisədən sonra baş verən olaylar – Mədinə şəhərində üç gün ərzində törədilən qətl-qırğınlar, Əməvi hökumətinin qanlı siyasətinə etiraz olaraq qalxan qiyamların yatırılması, haqq imamların (ə) və onların tərəfdarlarının ardıcıl olaraq şəhadəti tarixin səhifəsinə qanla yazılmışdır. Əməvi hökmdarları öz çirkin əməllərinə haqq qazandırmaq üçün yeni bir fikir –“cəbriyyə “lik əqidəsini ortaya atmışdılar ki, bu fikir sonralar özünün inkişaf səviyyəsinə çatmışdı. Həzrəti Peyğəmbərin (s) adına saxta hədislərin düzəldilməsi, Əlinin (ə) xütbələrdə təhqir olunması müsəlmanların fikir və düşüncəsində çaşqınlıq yaratmaqdaydı.

İmam Cəfər Sadiqin (ə) yaşadığı dövrdə yeni bir mühit formalaşmağa başladı. Həmin dövr doxsan illik hökmranlığının sonuna yaxın Əməvi hökuməti ilə Abbasilər arasında baş verən qanlı çaxnaşmalar zamanına təsadüf edir. Bu qarışıqlıqdan istifadə edən İmam Cəfər Sadiq (ə.) universitet yaradaraq dörd min tələbə yetişdirdi. İmam Cəfər Sadiqin (ə.) yaşadığı dövr xüsusi bir dövr idi ki, tarixə islami elmlərin inkişafı, fikir və əqidə azadlığı kimi düşdü. Məzhəb və firqələrin meydana gəlməsi məhz, bu dövrdə baş vermişdir. O dövrdə Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat və sair məzhəblər yaranmışdır ki, bunların hər biri öz əqidələrini yaymağa çalışırdılar. Bundan da əlavə, islami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Tez-tez qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni dəstəkləyirdi.

Abbasilərin xilafət başına gəlişi müsəlmanların, İslamın tarixində daha bir qanlı-qadalı səhifə açdı. Abbasi xəlifələrinin zülmündən bezikmiş müsəlmanlar tərəfindən törədilən qiyamlar xəlifənin qoşunları tərəfindən yatırılırdı. Haqq imamlarının (ə) və onların tərəfdarlarının xəlifə casusları tərəfindən izlənilməsi onların islami fəaliyyətini məhdudlaşdırırdı. Abbasilərin süqutundan sonra ardıcıl olaraq müxtəlif müsəlman dövlətləri yaranmağa başladı. Bunların arasında monqol, osmanlı imperatorluqlarını xüsusi qeyd etmək lazımdır ki, bunlar da sünnilik məzhəbinə üstünlük verirdilər. Şiə-sünni dartışmaları da illər boyunca sönməmiş tarix səhifələrində iz salmışdır .

Tarixdə 1280-ci ildə anadan olmuş hənbəli firqəsinin böyük alimlərindən biri Əbül-Əbbas Əhməd ibn Əbdül Həlim Hərrani (ibn Teymiyyə adı ilə məşhur olan) tərəfindən yeni bir fikir formalaşmağa başladı. O, Allahın sifəti barəsində görünməmiş və İslam əqidəsinə zidd olan fətva vermiş və bu, bütün İslam məzhəblərinin narazılığına səbəb olmuşdur. O, öz nəzəriyyəsini yaymaq üçün bir çox cəhdlər edir və hər dəfə bunun qarşısı alınır və təxminən hicri qəməri 728-ci ildə zindanda dünyasınnı dəyişir.

400 il sonra Şeyx Mühəmməd ibn Əbdülvəhhab tərəfindən ibn Teymiyyənin əqidəsini diriltmək üçün vəhabiyyət firqəsi əmələ gəlir. Lakin dövrün alimləri vəhhabiləri qəbul etmədilər və onları müsəlmanların düşməni hesab etdilər. Vəhhabilər bir çox şəhərlərə Məkkə, Mədinə, Nəcəfül-Əşrəf, Kərbəlaya hücumlar etmiş, qətl-qırğınlar törətmişlər. Onlar Quran səhifələrini, Səhihi-Buxari kitabının nüsxələrini, Səhihi-Müslimi və sair fiqh kitablarını məhv edib dağıtmlşlar. Taifdə sünni qəbilələrini kütləvi şəkildə qətlə yetirmişlər. Həmin müharibələr dövründə dörd məzhəb alimləri (maliki, şafei, hənəfi və hənbəli) alimləri vəhhabilərin kafir olmaları hökmünü verirlər .

Vəhhabilərin ilk mübarizə apardığı firqələrdən biri şiələr olmuşdur. Onlar Kərbəlaya hücum zamanı iyirmi min nəfəri qətlə yetirmiş, şəhəri yerlə-yeksan etmiş, İmam Hüseynin (ə) müqəddəs hərəmini qarət etmişlər.

Hegemon qüvvələrin tədbirlərindən biri də nasionalizm –millətçilik məsələsidir. Böyük alim ustad Əllamə Təbatəbai bu barədə belə buyurur : “İslam millətlərinin ayrılığını istəyənlər millətçiliyin mənfi yönlərindən bəhrələnmiş, onunla bir milyard əhalisi olan müsəlman ölkələri bir-birindən ayırmış və xalqlar arasında “panərəbizm “ , “pantürkizm “ və “paniranizm “ tayfaçılığını dirçəldərək bu yol ilə İslam və iman vasitəsilə birləşən müxtəlif tayfaları bir-birindən ayırmaq istəmişlər “ .

Ustad Cəfər Sübhani buyurur ki, əgər kimsə desə ki, “mən filan tayfadanam” bu, heç də İslamda yasaq olunmamışdır. Lakin bu, onun kimliyini tanımaq vasitəsidir. Allah-Taala Qurani-Kərimin “Hucurat” surəsinin 13-cü ayəsində buyurur : “Bir-birinizi tanıyasınız deyə sizləri tayfalar və qəbilələr şəklində yaratdıq.”

Ustad Cəfər Sübhani insanın ana torpağa və yurduna məhəbbəti, xalqına qarşı sevgisi və bu kimi anlayışları nasionalizm ilə əlaqələndirilməsinə etiraz edərək bu duyğuların insana fitri olaraq verildiyini qeyd edir. Dil, soy, qan və torpaq baxımından fəqli olan tayfalar vahid “ümmət “dirlər.

Allah-Taala Qurani-Kərimin “Ənbiya” surəsinin 92-ci ayəsində buyurur : “Bu sizin ümmətinizdir, vahid bir ümmət, Mən sizin Rəbbinizəm elə mənə ibadət edin “.

Hegemon qüvvələr isə ərəb, türk, fars və digər müsəlman tayfalar arasına millətçilik toxumu səpərək on dörd əsrlik tarixə malik vahid bir ümməti parçalamaq fikrinə düşmüşlər və müəyyən qədər buna nail olmuşlar.

Müsəlmanlar arasında birliyin olmaması bu gün də özünü göstərməkdədir. Livan, Fələstin, Qarabağda işğalçı qüvvələr tərəfindən aparılan müharibələr, İran-İraq müharibələri, İraqda son illərdə baş verən, səngimək bilməyən döyüşlər, müxtəlif yerlərdə baş verən sünni-şiə dartışmaları buna parlaq misaldır. Hər nə qədər bu ayrılıq var, onunla bərabər tənəzzül də var.

Sual: Bəs nə qədər bu davam edəcək. Bunun sonu olacaqmı? Görəsən, müsəlmanlar sakitliyə , qəlb rahatığına nail olacaqmı ?.....
Nida : Müntəzirik !!..

Kəmalə Mahmudova "Quran Evi" Dərnəyi
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930