Dünyanın həqİqİ sİması
İmam Əli (ə) Nəhcül-bəlağənin 114-cü xütbəsində dünyanın həqiqi simasını bizlərə tanıdır və buyurur: “Bəli, həqiqətən dünya - məhv olacaq, müxtəlif şeylərə görə əziyyət çəkən və ibrət götürüləsi bir evdir. Dünyanın məhv olacağının nişanəsi budur ki, dirini ölüm oxu ilə hədəf qərar vermişdir, sağlamı xəstəliklə ayaqdan salar. Nicat tapanı həlakətə tərəf sürükləyər. Dünya elə yeyəcəkdir ki, doyulmaz, elə içəcəkdir ki, sirab olunmaz”. İmam Əlinin (ə) dünyaya verdiyi bu tərif necə də dəqiqdir! Bütün insanlar bunu yaxşı bilirlər. Dəfələrlə bütün varlığımızla bunu hiss etmiş və dadmışıq. Hər gün öz gözlərimizlə şahid olmuşuq. Bizimlə eyni küçədə və ya eyni masada əyləşən insanların bir gün öldüyünü görmüşük. Onların dünya çırağının necə söndüyünə şahid olmuşuq. Müasir dövrümüzdə texnika inkişaf etdiyi üçün nəinki öz küçəmizdə yaşayanların, hətta dünyanın hər yerində havada və ya yerdə ölənlərin sayına qədər məlumatımız olur. Bir təyyarənin necə qəflətən yerə düşdüyünü, sərnişinlərinin öldüyünü öz gözlərimizlə izləyirik. Bəli, bu, dünyanın təbiətindəndir. Heç birimiz onun hadisələrindən amanda deyilik. Hətta ən güclü insanlar belə dünyanın xəstəlikləri qarşısında tab gətirməyib, canlarını veriblər. Bütün bu hadisələr bizə onu öyrətmək istəyir ki, ey insan, sən gərək özünü mal və sərvət toplamaqla məşğul etməyəsən. Dünyanın zahirinə aldanmayasan. Bütün gücünü ancaq mal və sərvət toplamağa sərf etsən, heyvanlar kimi yaşamış olarsan. Belə bir yaşayışın nəticəsində həsrət və peşmançılıqdan başqa bir şey qalmaz. Peşmançılıq heç bir zaman insana fayda gətirməmişdir. Axirət evində dərdimizə dərman olmayacaqdır. Hədislərin birində Peyğəmbərimiz (s) buyurur: “And olsun o Kəsə ki, Muhəmmədin (s) canı Onun əlindədir! Əgər siz ölünün vəziyyətinə baxsanız və dediklərini eşitsəniz, onun haqqında təfəkkür etməkdən qafil olub, öz halınıza ağlayarsınız. O zaman ki, meyyitin cənazəsini götürüb apararlar, ruhu tabutun üstündə oturub fəryad çəkər: “Ey mənim qohumlarım! Ey mənim övladlarım! Dünya sizinlə oyun oynamasın, necə ki, mənimlə oyun oynadı. Dünya malını halal və haram yolla topladım. Sonra onların hamısını sizin üçün qoydum. Ona görə də o malın eyş və ləzzəti başqaları üçündür. Hesab vermək və sorğu-sual mənim üçündür. Ona görə də mənə gələndən qorxun və nəzarət edin ki, məbada sizin də halınız mənim halım kimi olsun””. Allah Təala buyurmuşdur: “Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır. (Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 22-23). Bu ayənin buyurduğu kimi, dünyada daima hadisələr baş verir. İnsanın bu hadisələrin baş verməsində heç bir rolu və təsiri olmur. Sel, zəlzələ, tufan, xəstəliklər kimi. Bu hadisələr çox sayda insanın ətəyindən yapışıb, ona ziyan vurmuşdur. Zəif imana görə və möhkəm ruhiyyəyə malik olmamağa görə insan Allaha etiraz etmiş və İlahi dərgaha gileylənməyə başlamışdır. Allah Təala bu hadisələri bizə göndərərək, bildirmək istəyir ki, dünyanın bər-bəzəyinə çox da əsir olmayaq. Onun zahirinə bel bağlamayaq. Çünki bu dünya həmişəlik yerimiz deyildir. Əgər qalıcı olsaydıq, yerimizi gözəlləşdirməyə çalışardıq. Bu xoşagəlməz hadisələr bizə təhlükə zəngini xatırladır. Yolunu azmışları gec olmamış özünə gətirir və qəflət yuxusundan ayıldır. Dünyanın az ömürlü olmasından ibrət alıb, ona bağlanmamağımız üçün bizi xəbərdar edir. Ona görə də bu dünyaya çox bağlanmayaq və əldən verdiklərimizə görə təəssüflənməyək. Dünya fani və keçicidir, gərək əbədi həyatımızı düşünək. Oxşar xəbərlər
|