Bağışla, Peyğəmbərim!
Bir təndir gördüm. Ağzı tıxaclanmış, zərihə salınmış adi bir təndir. Söylədilər sahibi zalım bir adammış. İndi təndir məscid divarları ilə əhatələnmiş. Təəccüb etdim. Zalımın evi məscidəmi dönür? Qəribədir. Sordum təndirdən: -“ Söylə, nədir bu hikmət.” Dedi:- Mən adi bir təndir idim. Məni Hüseynin (ə) başı mübarək etdi. Dedim : - Neylədin Hüseynin (ə) başını? Dedi :- Bunu ondan soruş. Ətrafa baxdım. –“Kimdir “o” ?” Sorulacaq bir kəs görmədim. Xalılarla döşənmiş məscid də bir nişan vermədi. Üz tutdum Kərbəlaya. Çağırdım: “ Seyyidim!Ya Hüseyn!Ya Hüseyn! ” Bir səda gəlmədi. Başsız bədən danışarmı?! Təlaşlandım. Ümid etdim mövlama. “ Ya Əli! Sən sorğulara cavabsan. Mənə təndirin sirrini aç.” Dedi: “ Bunu Peyğəmbərdən (ə) soruş.” Anlaya bilmədiyim bir hiss məni bürüdü. Duruxdum. Sonra özümü toplayıb çağırdım: “ Peyğəmbərim! Peyğəmbərim!” Bir səda gəldi: “ İtrətim! İtrətim!” Dedim: “ Mən onu görmədim.” Dedi: “ Bəs, heç sevdinmi?” Dedim: “ İstədim. Amma mərifət etmədim.” Dedi: “ Bəs, Quranım?” Dedim: “ Xətm etdim.” Dedi : “ Bəs hökmü?” Dedim: “ Bacarmadım.” Ani bir sükut çökdü. Sonra Peyğəmbər (s) nalə çəkdi: “ Ah! Əmanətim! Əmanətim!” Qəfil diksindim. Bu röyadan üşəndim. Sonra xəcalətlə pıçıldadım: “ Bağışla, Peyğəmbərim! Bağışla!” Oxşar xəbərlər
|