Kələm xərçəngi necə əngəlləyir?
Mьəllif: admin1
Tarix: 16-08-2018, 22:34
Kələm xərçəngi necə əngəlləyir?
Alimlər deyir ki, kələm, brokoli və bu kimi kələm növündən olan tərəvəzlər bağırsaq xərçənginin riskini azalda bilər

Kələməbənzər bitkilərin mədə-bağırsaq üçün faydalı olması heç zaman şübhə doğurmayıb, lakin bunun dəqiq izahatı indiyə qədər verilməmişdi. Francis Crick İnstitutunun elmi qrupunun bildirdiyinə görə, tərəvəzin həzm edilməsi xərçəng əleyhinə kimyəvi maddələrin əmələ gəlməsi ilə müşayiət olunur.

Britaniya Xərçəng Tədqiqatları İnstitutu bildirib ki, daha çox tərəvəz yemək üçün xeyli başqa səbəblər də mövcuddur. Alimlər diqqəti tərəvəzin bağırsağın daxildən təzələnməsinə necə təsir göstərdiyinə yönəldiblər. Bunun üçün onlar siçanlar və laborator şəraitdə böyüdümüş miniatür bağırsaq nümunələri üzərində təcrübələr aparıblar.

Dəridə olduğu kimi bağırsağın üst qatı da daima təzələnir, regenerasiya olunur. Bu proses 4-5 gün çəkir. Lakin bu daim davam edən prosesə ciddi nəzarət də tələb olunur, əks halda bu, xərçəngə və ya bağırsağın iltihabına gətirib çıxara bilər.

Immunity jurnalında dərc edilmiş elmi tədqiqatın nəticələri göstərir ki, kələməbənzər tərəvəzlərdə əmələ gələn kimyəvi maddələr bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Tədqiqatçılar tərəvəzin çeynənməsi zamanı əmələ gələn indol-3-carbinol adlı kimyəvi maddəni təhlil ediblər.

İnsanın həzm sistemindən keçərkən mədədəki turşunun təsiri altında həmin kimyəvi maddə dəyişikliyə məruz qalır.

Bağırsaqda bu kimyəvi maddə gövdə hüceyrələri və iltihab proseslərini idarə edən immun hüceyrələrinə təsir edir.

Tədqiqat göstərib ki, yüksək miqdarda indol-3-carbinol siçanların xərçəngə tutulmasına yol verməyib, genetik səbəblərə görə xərçəngin əmələ gəlməsi riski yüksək olan siçanlar da xərçəngə tutulmayıb. Qoruyucu tərəvəz pəhrizi olmadan isə, bağırsaq hüceyrələri nəzarətsiz qaydada bölünür.

Tədqiqatçıların qeyd etdiyinə görə, "hətta bədxassəli şiş inkişaf etdiyi halda belə, müvafiq pəhrizə keçəndə, həmin şişin inkişafı dayanır".

Bağırsaq xərçənginin əlamətləri:

- ayaqyoluna gedərkən nəcisdə qanın olması

- ayaqyoluna tez-tez gedilmə

- qarın nahiyəsində ağrılar, köpmə və narahatlıq hissi

Britaniya Xərçəng Tədqiqatları İnstitutundan professor Tim Key deyib ki, "keçirilmiş tədqiqatın nəticələri güman etməyə əsas verir ki, xərçəng riskinin azalmasında təkcə tərəvəz lifləri yox, eləcə də tərəvəzdə aşkar edilən molekullar da rol oynayır".

"Növbəti araşdırmalar tərəvəzdə həmin molekulların insanlara da eyni təsir göstərib-göstərmədiyini aydınlaşdırmalıdır", - o deyib.(BBC)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031