Qızılca, məxmərək, suçiçəyi: Onları necə fərqləndirməli və necə qorunmalı?
Mьəllif: admin1
Tarix: 25-01-2019, 14:03
Qızılca, məxmərək, suçiçəyi: Onları necə fərqləndirməli və necə qorunmalı?
Son günlər uşaqlarda qızdırmanın, halsızlığın müşahidə edilməsi, verilən dərmanların isə təsirsiz olması bəzi valideynlərdə övladlarının qızılca, məxmərək və suçiçəyi ola biləcəyi şübhəsini doğurur. Lakin bir çox hallarda valideynlər bu xəstəlikləri bir-birindən ayırmaqda çətinlik çəkirlər.

Maide.Az bildirir ki, Pediatr Vaqif Qarayev Sputnik-a müsahibəsində bu xəstəlikləri bir-birindən fərqləndirməyin yollarını izah edi, valideynlərə bir çox məsləhətlər verib.

- Qızılcada səpgilər bədənin bütün nahiyəsinə yayılır, yoxsa bu proses mərhələli şəkildə davam edir?

- Qızılca səpgiləri mərhələli şəkildə özünü göstərir. Bu səpgilər öncə üzdə, sonra bədəndə, əl-ayaqlarda yayılmağa başlayır.

- Hansı mərhələdə xəstənin vəziyyəti pisləşir?

- Səpgilər bədəndə özünü göstərməyə başlayanda xəstənin vəziyyəti daha da pisləşir, zəifləyir, süstləşir. Xəstənin səhhətinin ağırlaşmaması üçün həkim nəzarətində olmalıdır. Növbəti günlərdə qızdırma düşür və xəstənin vəziyyəti yaxşılaşmağa başlayır.

- Belə xəstələrin ciddi müalicəyə ehtiyacı varmı?

- Xəstənin səhhətində ağırlaşma yoxdursa, bu zaman ciddi müalicəyə ehtiyac olmur.

- "Qızılca inağı", "qızılca pnevmoniyası" nədir?

- "Qızılca inağı" müşahidə edildikdə xəstə öskürəkdən "boğulur". "Qızılca pnevmoniyası" da ciddi ağırlaşma hesab edilir.

- Belə bir düşüncə var ki, qızılcaya iynə vurmaq olmaz. Bu, nə dərəcədə düzgündür?

- Bu, köhnədən qalma düşüncədir, yanlış fikirdir. O zamanlar insanlar bu xəstəliyi Allahın göndərdiyi bəla kimi qiymətləndirirdilər. Camaat vaxtı ikən bu xəstəliyə görə təbibdən, dərmandan imtina edib. Təəssüflər olsun ki, hələ də bu düşüncədə olanlar var.

- Bu xəstəlikdən qorunmanın yolu nədir?

- Bu xəstəlikdən qorunmanın bir yolu var: o da peyvənddir.

- Məxmərək haqda da məlumat verərdiniz. Bunu digər viruslardan necə fərlqəndirməliyik?

- Məxmərəyin gedişatı daha yüngüldür. Qızılcadan fərqli olaraq burada səpgilər mərhələli şəkildə yaranmır. Yəni elə ilk gündən səpgilər yaranır. Bundan başqa, məxmərək səpgiləri qızılcadakı kimi zəngin deyil. Məxmərəkdə səpgilər, əsasən, kürəkdə olur. Limfa düyünləri şişir. 3-4 gündən sonra xəstənin vəziyyəti yüngülləşir. Ağırlaşma isə çox nadir hallarda müşahidə edilir.

- Məxmərək, əsasən, kimlər üçün təhlükəlidir?

- Məxmərək hamilə qadınlarda döl üçün ciddi təhlükə törədir. Bu zaman döldə korluq, karlıq və ürək qüsuru yaranır.

- Bəs suçiçəyi nə ilə fərqlənir?

- Suçiçəyində də qızdırma olur. Lakin qızılca və məxmərəkdən fərqli olaraq burada səpgilər ləkə şəklində deyil, suluqlu olur. Belə olan halda qızdırma idarəolunmaz olur. Səpgi artdıqca qızdırma qalxır. Suçiçəyində səpgi, demək olar ki, bədənin hər yerində yaranır. Hətta başın tüklü hissəsində belə, səpgilər yaranır. Bəzən iri yaralarla müşahidə edilir. Vəziyyətin ağırlaşmaması üçün qızdırmanı nəzarətdə saxlamaq, qaşınmanı sakitləşdirmək üçün allergiya əleyhinə dərman qəbul etmək və yalnız səpginin üzərini "zelyonka"lamaq lazımdır.

- Hazırda suçiçəyi ilə bağlı son durum necədir?

- Deyərdim ki, suçiçəyi artıq sönüb. Son bir neçə aydır bu cür müraciətlər eşitmirəm. Bəlkə başqa həkimlərə bununla bağlı müraciət daxil olur, onu bilmirəm.

- Suçiçəyinə görə peyvənd varmı?

- Suçiçəyinə görə öncələr peyvənd aparılırdı. Lakin hazırda ölkəmizdə buna görə peyvənd aparılmır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031