Seyid Abbas ağanın ziyarəti
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:10
Seyid Abbas ağanın ziyarəti


Qardabani rayonunun Candar kəndində çoxlarının tanıdığı, ziyarət edib, dilək bağladığı bir ocaq var, Seyid Abbas ağanın ocağı. Bu məkan uzun illərdir dərdi, müşkülü, hacəti olanlar üçün bir nicat qapısı, istək yeridir. Yay günlərinin birində bizim də yolumuz bu müqəddəs ocağa düşdü. Ruhumuza Əhli-Beyt (ə) nurundan nur almaq, qəlbimizi bu pak ocağın saf kövsər çeşməsində yumaq arzusuyla bura qədəm qoyduq. Digər tərəfdən ziyarətgahın tarixçəsi barəsində bir yazı hazırlamaq istəyimiz də var idi...

Mərhum Seyid Abbas ağa 4-cü imam Həzrət Zeynəlabidinin (ə)-ın nəslindən olan imamzadədir. Onun atası seyid Yəhya ağa 1875-ci ildə İranın Sulduz (Suludüz) mahalının Sultanabad şəhərindən idi. Seyid Yəhya ağa öz vətənində xalq arasında böyük hörmət və nüfuz sahibi olmuş, ondan dəfələrlə kəramətlər görmüşdülər.
Bir gün seyid Yəhya ağaya qeybdən kəşf olur, bir nəfər göstəriş verir ki, o, Gürcüstanın Qarayazı maha-lının Candar kəndinə getməli, kənd sakini Şəhrəbanı Bayram qızı ilə ailə qurmalıdır, ondan 4 oğlu və 1 qızı dünyaya gələcəkdir. Qız uşağı erkən vəfat edəcək, oğlanlar isə yaşayacaq deyə qeybdən xəbər verilmişdi. Seyid Yəhya ağa bu hadisənin həqiqət olduğuna yəqini olduğu halda tezliklə yola düşür. O, soraqlaşa-soraqlaşa ilk dəfə olaraq gəlib Candar kəndinə çatır. Bir nəfər kənd sakininin evində bir-iki gün qonaq qalır, başına gələn hadisəni ev yiyəsinə söyləyib Şəhrəbanı Bayram qızını soruşur. Həmin şəxs seyidin bu sözünə tam inanmayıb, seyidliyini sübuta yetirmək üçün dəlil istəyir. Seyid ona deyir: - Sən deyənə razıyam, mən əsamı yerə vuracam yağış yağacaq, amma xalqa xəbər verin çöldə biçilmiş buğda və çəltik taylarını daşıyıb evə aparsınlar ki, yağış islatmasın. Beləliklə, hamı seyidin kəramətini görmək üçün səbirsizliklə gözləyir. Seyid Yəhya ağa Allahın adını, cəddini çağıraraq əsasını yerə vurmasıyla səmada qara buludlar göründü və sürətlə kəndə tərəf gəlməyə başladı. Leysan yağış getdi, hər yan sel-su apardı. Seyidin qonaq qaldığı evdə onlara bir kişi xidmət edirdi, o özünə aid əkin sahəsində biçilmiş buğdasının aqibəti haqda narahatçılını bildirdikdə seyid camaatı o kişinin əkin sahəsinə tərəf getmələrini istədi. O kişinin buğda sahəsinin ətrafı tam su içərisində olmasına baxmayaraq qup-quru qalmasını gördükdə hamı yerində donub qaldı. Seyidin Allah dərgahında necə pak və əziz bəndə olması hamıya aşkar oldu. Beləliklə, Şəhrəbanı Bayram qızını Seyid Yəhya ağaya nigah etdilər. O, burada məskunlaşıb bir neçə il yaşadı, özünə ev qurub güzəran düzəltdi. Onların 4 oğlu 1 qızı dünyaya gəldi. Səxavət və ibadət əhli olan Seyid Yəhya ağa evdə həmişə tapşırardı ki, onun evdə olub-olmamasından asılı olmayaraq evə qonaq gələni, ya yoldan keçən müsafiri süfrəyə əyləşdirib, qabağına yemək qoymamış getməyə qoymasınlar.

Seyid Yəhya ağanın evində ilk dünyaya göz açan övladı Seyid Abbas ağa oldu. 1880-ci ildə Seyid Qəmbər, 1884-cü ildə Seyid Hüseyn, 1888(89)-ci ildə Seyidə Nurnisə xanım, 1902(3)-cü ildə isə Seyid Həsən dünyaya gəldilər. Bir qədər sonra Seyid Yəhya ağa sonbeşiyi Seyid Həsən istisna olmaqla o biri uşaqlarını götürüb özünün dünyaya göz açdığı Sultanabad şəhərinə qayıtdı.

1928-ci ildə Seyid Abbas ağa geri Candara anası və kiçik qardaşının yanına qayıtdı, həmin il Xanım Sultan Səməd qızı ilə ailə qurdu. Onların üç oğlu və bir qızı dünyaya gəldi. Seyid Yəhya 1930-cu ildə, Seyid Əli 1933-cü ildə, Seyid Cəfər 1939-cu il, Seyidə Nisə isə 1936-cı il doğumludurlar.

Seyid Abbas ağanın əsas məşğuliyyəti əkinçilik və bostançılıq işləriydi. O, heç kəsə möhtac deyildi, zəhmət çəkib öz əlinin əməyi ilə dolanan Peyğəmbər övladı idi. Həmişə zəif və gücsüzlərə arxa-dayaq olardı, fəqirlərə heç nəyi əsirgəməzdi. Çox əliaçıq və səxavətli şəxs idi. Camaatı həmişə Allahdan qorxub günahdan uzaq olmağa çağırardı. Sovet sisteminin sərt qadağalarına baxmayaraq kərbəla şəhidlərinin adına həmişə təziyə məclisləri keçirərdi. O, çox böyük kəşf-kəramət sahibi idi. Xalq arasında ondan öz gözü ilə qəribəlikləri və qeyri-adi işləri görmüş çox şəxslər vardır.

Seyid Abbas ağa, 1967-ci il iyul ayının 9-da fani aləmə vida edib, öz Rəbbinin rəhmətinə qovuşdu. Candar kəndinin qocalarının dediyinə görə, ağa 6 ay qabaqcadan öz ölüm gününü dəqiqliyi ilə demiş, həmin gün kənd sakinləri İbrahim Əlləz oğlu və Nəbi İsmayılovun da vəfat edəcəyini bildirmişdi. Oğlu Seyid Yəhyaya vəsiyyət etmişdi ki, əvvəl o iki nəfəri, sonra isə onu dəfn etsinlər. 6 ay keçdikdən sonra Seyid Abbas ağa və digər iki nəfər dünyasını dəyişdi, xalq seyidin vəsiyyətinə əməl edib, deyilən ardıcıllıqla dəfn mərasimini yerinə yetirdilər. Seyid Abbas ağanı elə öz yaşadığı evində dəfn etdilər. Elə o gündən bu ocaq hamının ziyarət yerinə çevrildi. Onun kümbəzinin yanında böyük Hüseyniyyə-məscid inşa olundu, hər il Məhərrəm ayında burada yüzlərlə əzadar iştirak edir, burada mərsiyələr oxunur, sinə, zəncir vurulur, qurbanlıq ehsanlar kəsilir. Seyid Abbas ağanın ocağında yaşayan böyük oğlu Seyid Yəhya Miriyev həm dövlət, həm də xalq içərisində böyük nüfuz və hörmət sahibidir. Özü ixtisasca zootexnikdir, 41 il bu vəzifədə çalışıbdır.

Onun ictimai-siyasi həyatda göstərdiyi fəaliyyəti xalqlar arasında dostluğun güclənməsi yolunda çəkdiyi zəhmətləri dövlət layiqincə qiymətləndirmiş, 1990-cı ildə prezidentin fərmanıyla «Şərəf ordeni»ylə təltif olunmuşdu. Bundan bir qədər əvvəl, 1989-cu ildə Seyid Yəhyanın kənd təsərrüfatının inkişafında və heyvandarlıq sahəsində göstərdiyi təşkilatçılığına görə o, «Əmək veteranı» medalıyla təltif edildi. Seyid Yəhya Miriyev 7 övlad: 4 oğul, 3 qız sahibidir. Oğlanları Nurağa H. Zərdabi adına Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. Seyid Mir Nəcəf Bakı Dövlət Universitetinin torpaqşünaslıq fakültəsini bitirib. Seyid Qəmbər, Tibb Universitetində təhsil alıb, uşaq həkimidir, Seyid Mirağa isə zootexnikdir, qızları Nurqədəm, Surayə və Nurayə orta təhsillidirlər. Seyid Yəhyanın qardaşı Seyid Əli baytar həkimi idi. Seyid Mir Cəfər mexanizator olub. Bacıları isə cavan vəfat edib, qəbri Tiflisin üstündə Aqaraki kəndində ziyarət yeridir.

Seyid Abbas ağanın kəramətlərindən...
Çöldə bostanı olan Seyid Abbas ağa bir gün (1944-cü ildə) xeyli qarpız yığıb kənd sakini Mayıl evinin Qurbanın yük maşını ilə Tiflisə Vera bazarına satmağa qarpız aparır. Yol kənarında bir neçə kiçikyaşlı gürcü uşağı dayanıbmış. Seyid onları görən kimi maşını saxladıb uşaqlardan birini göstərib deyir: - O uşaq yetimdir, oradan qarpız düşürüb verin dilinə nübar dəyməyib, qoy yesin.

Candar kəndinin yanında Qaradüzdə o vaxtlar dustaqları işlədirmişlər. Seyid Yəhya ağa onları görüb deyir: Gəlin, qarpız aparıb yeyin. Dustaqlardan biri dillənir: - Ağa içimizdə ayrı millət də var. Seyid ona deyir: - Qiyamət o zaman qopar ki, biri yeyə biri baxa, eybi yoxdur, gəlin aparın. Sonrakı günlər Seyid Abbas ağa Vera bazarına qarpız satmağa gedəndə dustaqlar onun burada yoxluğundan istifadə edib qarpız oğurlamağa adam göndərirlər. Lakin onlar Seyid Abbası bostanın içində gördükdə, çaşıb qalırlar. Bir neçə gündən sonra Seyid qayıdır Tiflisdən. Onlar da seyidin yanına gəlirlər. Seyid Abbas ağa onları görcək gülümsəyir, nəyə güldüyünü soruşduqda buyurur: - Mən həm Tiflisdə qarpız satırdım, həm də bostana qarovul çəkirdim.

Bir gün Soğanlıq kəndindən rəhmətlik aşıq Sadıq Sultanov Candar kəndinə, Seyid Abbas ağayla söhbətləşməyə gedir. Onun ürəyindən keçir ki, kaş ağa deyə ki, gecəni qal bizdə, getmə. Seyid Abbas onun fikrindən keçənləri duyub, getməyə qoymur, onu qonaq saxlayır. Onlar səhərə qədər söhbət edirlər. Səhər tezdən aşıq Sadıq xudahafizləşib sazı götürüb Şeytanbazara yola düşür. Şəhərə çatdıqda yanında maşın dayanır, tanıdığı bir cavan maşından düşüb salam verir. Aşıq Sadıq onun haradan gəldiyini soruşduqda o deyir ki, Seyid Abbasa nəzir verib qayıdır. Seyid Abbası Candarda qoyub gələn aşıq Sadıq bu hadisəyə mat-məəttəl qalır. Sonralar Seyid Abbas ağanı görəndə bunun sirrini soruşur. Seyid Abbas ağa cavab verir: - Sadıq, Sadıq həm kənddə idim, həm şəhərdə...


Hacı Rizvan İSMAYILOV,
Məşədi Kamil MURADOV
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930