Mirmövsüm ağa
Allahın kəramət sahibi olmağa layiq gördüyü bəndə İnsanlığın öz xislətini dəyişməməsi, bəşəriyyəti məhvə sürükləməməsi üçün bu dünyada hər şeydən öncə paklığa, müqəddəsliyə, haqqa, ədalətə inamın qorunmasına ehtiyac var. Hər zaman Allahını yaddan çıxarmayanlar nə yolunu itirər, nə də nəfsinə aldanar. Bu dünyada bütün yaranmışlar - canlılar da, cansızlar da Yaradanın varlığını, böyüklüyünü bizə xatırladır. Sadəcə, doğrunu görmək, gördüyünü isə düzgün qiymətləndirmək lazımdır. Möcüzə göstərmək Allaha xasdır. Seçdiyi, bizlərə görk üçün Yer üzünə göndərdiyi bəndələrinə isə Uca Rəbbimiz kəramət göstərmək hünəri bəxş edib. Bəxş edib ki, yenə Onun qüdrətini xatırlayaq, Ona şükür edək. And yerimiz olan Ağa Seyid Əli Mir Əbutalib oğlu Mir Mövsümzadə də Allahın kəramət sahibi olmağa layiq gördüyü bəndələrindən idi. Dünyaya göz açdığı ocaq elə ondan qabaq da müqəddəs tutulurdu. Çünki ata-babaları seyid şərafətliydilər. Əvvəllər ərəblərdə "ağa" mənasında işlənən bu söz çoxdan öz mənasını dəyişib. Əsrlərdir, müsəlman dünyasında Məhəmməd Peyğəmbər (s) nəslinin davamçıları seyid adlandırılırlar. Ağa Seyid Əli də öz nəslinə, kökünə görə Peyğəmbərin (s) sevimli nəvəsi, birinci imam Əli ibn Əbutalibin (ə) oğlu üçüncü imam Hüseynə (ə) bağlı idi. İmam Hüseynin (ə) və qardaşı ikinci imam Həsənin (ə) xələfləri Məhəmməd Peyğəmbərin (s) sevimli Əhli-Beytinin əleyhdarları tərəfindən izləndiklərindən, məhvə məhkum edildiklərindən uzaq ölkələrə üz tutmalı olublar. Mir Mövsümzadələrin də o vaxt yaşayış yeri kimi Azərbaycanı seçdikləri, köçüb bura gəldikləri ehtimal edilir. Ağa Seyid Əlinin atası Mir Əbutalib ağa İçərişəhərdə yaşayıb. Onun 1884-cü ildə Böyük Qala küçəsində birmərtəbəli ev alması, bir il sonra isə burada ikimərtəbəli ev tikdirmək üçün Bakı Şəhər İdarəsinə müraciət etdiyi barədə sənədlər mövcuddur. Mir Əbutalib ağanın həyat yoldaşı Xədicə xanım Mir Qasımova da müqəddəs seyidlər nəslindən idi. Onların altı övladları olub: Oğlanları - Seyid Hüseyn ağa, Ağa Seyid Əli, Mir Kazım ağa, qızları - Zeynəb, Səkinə və Fatmanisə. Ağa Seyid Əli bu ocağın ikinci oğlu idi. Onun taleyi başqa cür yazılmışdı. Ata-anası bunu Ağa Seyid Əli hələ körpəykən anlayırlar. Uşaq xəstəydi. Hərə bir söz deyir. Kimi uşağın anadangəlmə xəstə olduğunu, kimi isə onun göbəyinin düzgün kəsilmədiyini, doğuş zamanı uşağı tutanın ehtiyatsızlığı ucbatından iflicə mübtəla olduğunu söyləyir. Doğrusunu Yaradan bilir. Mir Əbutalib ağa uşağa baxdıqca şükranlığını əsirgəmir: "İlahi, qədər-qismət, təqdir Sənindir. Hökmünə şükürlər olsun!" - deyib dua edir. Ata da, ana da hiss edirdi ki, Ağa Seyid Əli düçar olduğu bu mərəzdən qurtula bilməyəcək, ömrünün sonunadək pak ruhunu xəstə, zəif cismində daşıyacaq. Seyid Xədicə də həyat yoldaşı kimi Rəbbin təqdirindən giley etmir. Onun övladı başqa uşaqlar kimi oynamır, qaçmır, azad-asudə danışıb-gülmürdü. Amma ana, nədənsə, bu körpənin halına acıya, ona şikəst kimi baxa bilmir. Onun üzünə, gözlərinə nəzər saldıqca, içini izahedilməz fərəh bürüyür. Balaca Ağa Seyid Əlinin siması elə nurlu idi ki… Bu işıq onunla birlikdə böyüyür. İllər keçdikcə, Ağa Seyid Əlinin üzündəki insanı baxdıqca rahatladan, içinə işıq saçan qüvvəni təkcə Mir Əbutalib ağanın ocağındakılar görmür...Bu evdə Allahın buyurduqlarına hər kəs can-başla, sevgiylə əməl edirdi. İslam dininin qaydaları burada uca tutulurdu. Mir Əbutalib Ağanın böyük oğlu Seyid Hüseyn ağa isə Məkkəyə, Mədinəyə gedib, dini və dünyəvi elmlər sahəsində mükəmməl təhsil də alır. Buna görə Bakıya döndükdən sonra, ona olan ehtiram bir az da artır. Seyid Hüseyn ağanın sayəsində Mir Mövsümzadələrin evi şəhərdə dini yığıncaqlar yerinə çevrilir. Dini elmlərlə yanaşı, fizikanı, riyaziyyatı, astronomiyanı da gözəl bilən Seyid Hüseyn ağa Bakıda bir çoxlarının, eləcə də milyonçular Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və başqalarının söhbətlərindən doymadığı möhtərəm bir insan kimi tanınır. 1918-ci ildə Bakıda ermənilər yenidən qırğınlar törətməyə başlayırlar. Onların bütün insani hissləri ayaqlar altına atmağa, hər cür şərəfsizliklər törətməyə qadir olduqlarını yaxşı bilən azərbaycanlı sahibkarlar Mir Mövsümzadələri ermənilərin basqınlarından qorumaq qərarına gəlirlər. Mir Əbutalib ağa dünyadan köçdüyü vaxtdan ailənin başçısı sayılan Seyid Hüseyn ağaya müraciət edirlər. Onu Bakını ailəliklə müvəqqəti tərk etməyə, gəmi ilə İrana getməyə, ara sakitləşənədək orada qalmağa razı salırlar. ...İçərişəhərdəki evlərinə vurulan qıfıl bir də 1920-ci ilin əvvəllərində açılır. Mir Mövsümzadələr İranın Ənzəli şəhərində yaşamışdılar. Orada da cədlərinə ehtiramla yanaşmışdılar. Yola düşmək ərəfəsində ənzəlili Seyid Hüseyn ağagili buraxmaq istəməyiblər: "Ağa, getməyin. Həmişəlik burada qalın", - deyiblər. Seyid Hüseyn ağa minnətdarlıq edib: "Çox sağ olun, amma vətənə qayıtmaq istəyirik". Sovet hakimiyyəti Azərbaycanda qələbə çalanda artıq nə Mir Əbutalib ağa sağ idi, nə də Xədicə xanım. O günü görmək Seyid Hüseyn ağaya da nəsib olmur. Geri döndüklərindən bir neçə ay sonra 40-42 yaşlı Seyid Hüseyn ağa dünyadan köçür. Son vəsiyyətinə əməl edirlər. Onu müqəddəs Kərbəlaya aparıb, orada torpağa tapşırırlar (Seyid Hüseyn ağanın valideynlərinin də Kərbəlada dəfn olunduqları güman edilir - red.). Sovet hakimiyyəti illərində tez-tez eşidilən sözlərdən biri də "ateizm" olur. İllər keçdikcə, bu adla yeridilən siyasət gücləndirilir. Hökumətin qərarıyla məscidlər uçurulur, seyidlər, axundlar, mollalar sıxışdırılır, insanlar öz Allahlarını danmağa, ondan üz çevirməyə məcbur edilirlər. Hətta 1930-cu illərdə vəziyyət o həddə çatır ki, "allahsızlar cəmiyyəti" deyilən bir qurum yaradılır, Moskvadan ora üzvlər qəbul etmək barədə sovet respublikalarının qarşısına öhdəliklər qoyulur. Ancaq Sovet hökuməti sonadək bu siyasəti planlaşdırıldığı şəkildə həyata keçirə bilmir. Hətta "allahsızlar cəmiyyəti"nin üzvlük biletini ciblərində gəzdirməyə məcbur olanların belə bir çoxu Allah sevgisini, Allah xofunu ürəklərinin dərinliklərində qoruyub-saxlayırlar. O çətin illərdə Ağa Seyid Əlinin cəddinə tapınanların sayı azalmaq bilmirdi. Onu kimisi Ətağa, kimisi Böyük Ağa, kimisi isə Mir Mövsüm Ağa deyə çağırırdı. Üz-gözündən yağan təmizliklə, məsumluqla xasiyyətindəki mülayimlik həmahəng olan Ağanın ocağına gələnlər, ondan xeyir-dua alanlar şəfa tapacaqlarına, müşkül işlərinin çözüləcəyinə, diləklərinin yerinə yetəcəyinə inanırdılar. Allah da bu inamı qəlbən duyanları çarəsiz buraxmır, seçdiklərindən olan Ağa Seyid Əlinin yanına ümidlə gələnlərin inamını qırmırdı. Hətta Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da Ağa Seyyid Əliyə hörmət bəsləməsi, ona böyük ehtiramla yanaşması barədə bir zamanlar dillərdə dolaşan hekayətlərin bəziləri bu günədək unudulmayıb. Çoxlarına qəribə gəlir. Əgər bu hörmətin səbəbi Mircəfərin də seyid nəslindən olması idisə, bəs onda repressiya illərində onun şəxsi göstərişi ilə güdaza gedənlərin içərisində bu nəslin nümayəndələrinin də az olmamasına nə ad vermək olar? Əslində, Mir Mövsümzadə nəsli də 1930-cu illərin siyasi burulğanından kənarda qalmayıb. 1937-ci ildə "NKVD" əməkdaşları bu həyətə tez-tez gəlib-gediblər. Mir Mövsüm ağanın kiçik qardaşı Mir Kazım ağa o illərdə çox əziyyət çəkib. Həbs olunmasa da, "NKVD"yə aparılıb, kitabları, bir sıra sənədləri müsadirə olunub. "NKVD" əməkdaşları, hətta bu ocağın qadınlarına belə əzab verməkdən, onları incitməkdən çəkinməyiblər. Ağanın bacısı Səkinə xanımı, xalası qızı və böyük qardaşı mərhum Seyid Hüseyn ağanın həyat yoldaşı olan Sara xanımı dəfələrlə dindirməyə aparıblar. Onlardan tələb ediblər: - Qızıllarınızın yerini deyin! - Bizim qızılımız yoxdur. - Sizdən tələb edirik, var-dövlətinizin yerini deyin. Onları harada gizlətmisiniz? Bir dəfə yenə "NKVD" əməkdaşları Səkinə xanımla Sona xanımın ardınca gəlirlər. Səkinə xanım dindirmə otağına aparılır. Sonra növbə Sona xanıma çatır. O, iki "NKVD" əməkdaşının əhatəsində pilləkənləri qalxır. Birdən pilləkənlərin yuxarı başında Səkinə xanım görünür. Səkinə xanım son dərəcə abırlı, həyalı idi. Həmişə çarşabla gəzərdi. Yad kişilər onun üzünü görə bilməzdilər. İndi isə "NKVD" əməkdaşları onu endirirdilər. Onlardan biri Səkinə xanımın qolundan yapışıb dartırdı. Seyid övladının saçları çiyinlərinə dağılmışdı, çarşabı yerlə sürünürdü. Onu belə görəndə dünya sanki Sona xanımın başına dolanır. Səkinə xanımla Sona xanımın "NKVD"yə aparıldı-ğından xəbər tutan yerli camaatın əli üzündə qalmışdı: "O cür insanları da dinc buraxmırlar. Qorxmurlar ki, cədləri onlara qənim olar. Allah bu zülmü yerdə qoymaz". Bir həftə sonra şəhərə xəbər yayılır. Səkinə xanımla Sona xanımın istintaqını aparan müstəntiqin Bayıldakı evi neft piltəsindən od almışdı, həm özü, həm də ailəsi yanıb külə dönmüşdü. Mir Mövsüm ağanın həyatı, gün-güzəranı hər zaman Mircəfər Bağırovun diqqətində olub. Ona olan sevgini də, bəslənən inamı da görüb. Özünə toxunmasalar da, qapısına gələnlərin ayağını buradan kəsmək yolunda mübarizə aparıblar. Amma buna nail ola bilməyiblər. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayır. Bakıda da əli silah tutan hər kəs cəbhəyə yola salınır. Gedənlər əvvəlcə Böyük Ağanı ziyarət edir, sağ-salamat geri dönmələri üçün Allaha dua edir, Ətağanın cəddinə nəzir deyirdilər. Çoxları əynindən köynəyini çıxarıb bu evdə qoyur: "Nəzir edirəm, salamat qayıdım, bu köynəyi öz əlimlə gəlib buradan götürüm". Sovet hökumətinə o zamanlar təkcə döyüşçülər lazım deyildi. Arxa cəbhədə də mübarizə aparan, həm cəbhədəkiləri, həm də buradakıları yeməklə, geyimlə, silahla təmin edənlər lazım idi. Kəndlər, şəhərlər gündən-günə boşalırdı. Ona görə də bir nəfər bir neçə adamın yerinə işləməliydi. İnsanları zorla-güclə bu qədər əlləşməyə, əziyyətlərə qatlaşmağa məcbur etmək mümkün deyildi. Bunun üçün sözlər, təmtəraqlı vədlər də kifayət deyildi. Doğmalarını odun-alovun içərisinə yola salanların inamını yaşatmaq lazımıydı. Allahın varlığını, böyüklüyünü xatırladanlardan birinə - Böyük Ağaya sevgi bu yerdə lazım idi. Ona görə də qapısına gələnlərə toxunmurdular. Böyük Ağa isə yenə də əvvəlki kimi insan əlləriylə qurulan bütün eybəcərliklərdən, siyasi oyunlardan uzaq olan öz təmiz dünyasında olub-bitənlərə əhəmiyyət vermədən Allahdan insanlara şəfa, yer üzünə salamatlıq diləməyindəydi. Müharibə illərində o, Azərbaycanda Sovet hökumətinə həm də maddi cəhətdən lazım olur. Ağa Seyid Əlidən böyük məbləğdə vergi alınırdı. Çoxlarının cəllad kimi baxdığı Bağırovun hakimiyyəti dövründə heç vaxt Böyük Ağanı həbs etmək üçün gəlmirdilər. Bağırov niyə Ağanı həbs etdirməyib? Bəlkə də onun nüfuzu lazım idi birinci katibə? Bəlkə də fiziki cəhətdən xəstə olan Ağanı həbs etməklə öz nüfuzunu heçə endirmək istəmirdi? İndi bu suala doğru-dürüst kim cavab verə bilər ki? Müharibədən sonra da Böyük Ağanın ocağından dövlətə yüksək məbləğdə vergi ödənirdi. Öz evində isə bir taxtdan, dolabdan, dəmir çarpayıdan, stullardan başqa heç nə yox idi… Bir dəfə Böyük Ağanın adından verilən vergi gecikdirilir. Rayon maliyyə şöbəsində onun borcu hesablanılır. Bu məbləğin ödənilməsi üçün çıxarılan qərara əsasən, Ağanın evindən əşyalarını aparmağa gəlirlər. Sürücü məsələni yalnız Ağa Seyid Əlinin evindəki avadanlıqlar maşına yükləndikdən sonra bilir. O, maşını sürməkdən imtina edir. Nə qədər israr edirlərsə, razılıq vermir: "Apara bilmərəm, mənim ailəm var", - deyir. Bundan sonra üç-dörd sürücü gətirirlər. Onlar da Ağanın evinin əşyalarını aparmaqdan imtina edirlər. Böyük Ağa insanları çox sevib. Onun qulluğunda dayanmağı savab sayanların, özü üçün səadət hesab edənlərin sayı-hesabı yox idi. Amma Böyük Ağa heç kimə qıymayıb. Bəzən kimsə qapısına gəlib, "Bura gəlib dilək diləmişdim, - deyir. - Şükür Allaha, arzum yerinə yetdi. Niyyətim var, gərək bu həyəti süpürüb-təmizləyəm". Ağa gülümsəyər, onları başa salardı ki, lazım deyil. Həmin adamlar israr edəndə ürəklərini sındırmazdı: "Elə mənim başmağımı buradan götür, ora qoy, bəsdir. Hesab et ki, niyyətini yerinə yetirmisən". O, cavan vaxtlarında çətinliklə də olsa, yeriyər, danışardı. Sonralar ayaqları yeriməkdən qaldı, dili söz tutmaqdan. Bacısı Səkinə xanım həmişə yanında olub. O özündən iki-üç yaş böyük qardaşı Böyük Ağanı həddindən artıq çox istəyib. Həmişə onun qulluğunda dayanıb. Çox yaraşıqlı, ağbəniz olan Səkinə xanım qardaşına xidmət etmək üçün öz səadətindən də imtina edərək heç zaman ailə qurmayıb. Böyük Ağanın İçərişəhərdəki evinə möhtac adamlar gəlirdilər. Kimi sağlamlıq tapmaq, kimi də intizardan qurtulmaq ümidiylə. Uzun növbələr yaranırdı. Adamlar eyvanda öz kürsüsündə oturmuş Böyük Ağanın əlindən öpür, ondan xeyir-dua alırdılar. O da ziyarətinə gələnlərin başlarına əlini çəkir, üzündən əskilməyən xeyirxah təbəssümüylə hamıya xeyir-dua verirdi. Bu ocağa təkcə müsəlmanlar gəlmirdi. Həyatının ən dəhşətli, çarəsiz anlarında qeyri-ixtiyari Ağanın cəddini çağırıb ondan kömək istəyən, nicat tapan ruslar, yəhudilər, ermənilər və başqa millətin nümayəndələri də bu ocağa üz tuturdular. Sirli bir duyumla qapısını döyənlərin ürəklərindən keçənləri, onların necə adam olduqlarını, məqsədlərini, məramlarını anlaya bilirdi Böyük Ağa. Bəzən onun kimisə qəbul etməkdən imtina etməsi çoxlarına qəribə görünürdü. Amma doğmaları, ən çox da ona qəlbən yaxın olan bacısı Səkinə (bu ocaqda hamı onu Qönçə çağırırdı - red.) başa düşürdü ki, Ağa heç nəyi əbəs yerə etməz, ürək sındırmaz. Ancaq düşünürdülər ki, gələn hər kim olur-olsun Böyük Ağanın cəddinə üz tutub. Ağanı dilə tutmaq üçün onun yanına qardaşı nəvəsi Rüfəti göndərərdilər. Seyid Hüseyn ağanın dörd qızından böyüyünün oğlu olan bu uşaq dünyaya gələndə onun qulağına babasının adını pıçıldamışdılar. Amma sonralar onu Rüfət adıyla çağırmışdılar. Mir Mövsüm Ağa isə onu birdəfəlik qardaşı Seyid Hüseyn ağanın adıyla tanımışdı. Odur ki xətrini lap çox istəyirdi. Rüfət Ağaya yaxınlaşırdı: "Böyük Ağa, bu adamı qəbul elə", - deyə xahiş edirdi. Xeyirxah, həlim, uşaq kimi səmimi Ağa Seyid Əli də Rüfətin sözünü yerə salmazdı. Üzündəki xoş təbəssümlə anladardı: "Yaxşı, qoyun gəlsin". O, pəncərədən ətrafı seyr etməyi sevərdi. Havalar xoş olanda Böyük Ağanın kürsüsünü çıxarıb həyət qapısının ağzına qoyardılar. Uzunzən-cirli iri gümüş saatı isə həmişə döş cibində olardı. Gəlib-keçənlər ona yaxınlaşar, kimi əlindən öpər, kimi soruşardı: "Böyük Ağa, saat neçədir?". Bu sualdan xoşu gələr, cibini göstərərdi. Saatı soruşanlar da götürüb baxar, sonra qaytarıb yerinə qoyardılar. 1948-ci ildə Ağanı bu dünyada hamıdan yaxşı anlayan bacısı Səkinə xanım vəfat edir. İki il sonra - 1950-ci ilin 17 noyabrında isə bu dünyayla vidalaşmaq növbəsi Böyük Ağaya çatır. Bütün Bakı əhli vidalaşmaq üçün İçərişəhərə - onun evinin qarşısına toplaşır. Hamı göz yaşı tökür. Gələnlərin ardı-arası kəsilmir. Hökumət orqanları bunu görüb Ağanın dəfnini tezləşdirirlər. Ağa Seyid Əli Şüvəlandakı qəbiristanlıqda torpağa tapşırılır. Onun unutdurulması istiqamətində işlər aparılmağa başlanılır. Bu, Sovet hakimiyyəti ömrünü başa vuranadək davam edir. Hətta Bakı şəhərinin rəhbəri Tofiq Allahverdiyev partiya yığıncağında Ağanın dəfn edildiyi qəbiristanlığın ləğv olunması barədə qərar da çıxarır. Onun cəddinə inananlar isə qorxa-qorxa da olsa ora gedirlər. Apardıqları nəziri xəlvətcə daşın altına qoyurlar. Hətta partiya orqanlarında, digər yüksək strukturlarda işləyənlər belə gizli-gizli Mir Mövsüm Ağanın məzarını ziyarət edirdilər. Hakimiyyət rəhbərlərinin göstərişi ilə Ağadan sonra qohumları, bu ocağa ziyarətə gələnləri içəri buraxa bilmirlər. Tək-tək adamlar gecəylə gizlincə gəlir, yalvar-yaxar həyətə girir, Böyük Ağanın bir zamanlar dolaşdığı yerləri ziyarət edir, adını çağırır, niyyətlərini edib gedirlər. İçəri girə bilməyənlər adətə rəğmən, qapıya əllərini çəkir, niyyət edib əski bağlayırdılar. Artıq institutu bitirib Nazirlər Kabinetində işləyən Ağanın qardaşı nəvəsi Rüfət Mahmudovu buna görə partiya komitəsinin katibi dəfələrlə yanına çağırır: "Qoyma o həyətə nə gəlib-gedən olsun, nə də qapının dəstəyinə əski bağlasınlar". Ancaq qadağalara baxmayaraq, yenə işi müşkülə düşənlər, arzuları, diləkləri olanlar yenə bura gəlir, qapıya əllərini çəkib Ağanın müqəddəs ruhunu köməyə çağırırlar. Kimi saçından qoparır, kimi köynəyindən, yaylığının ucundan cırıb qapının qulpuna bağlayır, sonra çıxıb-gedirlər. Azərbaycan müstəqil olanadək belə davam edir. Böyük Ağanın məzarını ziyarət edənlər apardıqları nəziri daşın altına qoyub çıxıb-gedirlər. Onlardan sonra yolçular, dilənçilər, bəzən orada pul üstündə bir-birləriylə dava-mərəkə salırlar. Sovet hakimiyyəti süquta uğrayandan sonra, bir sıra müqəddəs yerlərimiz kimi Mir Mövsüm Ağanın dəfn olunduğu məzarlıqda da abadlıq işləri aparıldı. Şüvəlan camaatı Hacı Nizam Həbiboğlunun rəhbərliyi ilə işə başladı. Bu gün Mir Mövsüm Ağa ziyarətgahı öz əzəməti ilə göz önündədir. Böyük Ağanın sağlığında heç bir maddi umacağı olmayıb. Allah onu nəfis təmənnasından uzaq yaratmışdı. Bu gün də onun ruhu bu ziyarətgaha gələnlərin nəzirlərinin ehtiyacı olanlara, yoxsullara, əlillərə, kimsəsizlərə çatması ilə şad olur. /Karvan/ Oxşar xəbərlər
|