HƏZRƏTI FATIMEYI ZƏHRANIN (Ə) ŞƏHADƏTI
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:15
Dünya qadınlarının ən alisi və xoşbəxti olan Həzrət Fatimənin (s.ə) doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurmuşdur: «İndi Cəbrail mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız dünyaya gələcək, bütün imam və məsum rəhbərlər onun nəslindən törəyəcək».

Elə də oldu - Əli əleyhissəlamın xanımı, Həsən və Hüseynin, Zeynəbin anası, dünya qadınlarının ən mübarək nümunəsi, Peyğəmbər (s)-ın qanını daşıyan Həzrət Fatimə (s.ə.) anadan oldu. Bu xoş xəbər besətdən, yəni Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsindən beş il sonra, camadiüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində insanlara çatdı. Öz gəlişi ilə Peyğəmbər (s) həyatında günəş kimi parlayan Həzrət Fatimə (ə) nübuvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin (s) elmindən faydalanmış, Quranı atasının dilindən eşidib öyrənmişdir. Elə buna görə də Həzrət Fatimə atasının sözlərinə və Qurana çox bağlı olmuşdur. Peyğəmbər (s) da onu çox sevər, hörmət və sevgi ilə dindirərdi.

Bir dəfə Ayişə Peyğəmbərə (s) belə bir sual verir: «Nəyə görə, Fatiməni bu qədər sevir, ona məhəbbət göstərirsən? İçəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?» Peyğəmbər onun cavabında belə buyurdu: «Ey Ayişə! Əgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən!» Peyğəmbərimiz (s) Həzrət Fatiməni (s.ə.) öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».

Peyğəmbərin (s) Həzrət Fatiməyə olan sevgisini və məhəbbətini bununla yekunlaşdırmaq işin hamısı deyil - Fatimə (s.ə.) onun nəzərində çox yüksək səviyyədə özünə yer tutmuşdu. Yada salaq ki, bir gün Həzrət Peyğəmbər (s) üzünü Həzrət Fatiməyə tutub belə buyurmuşdur: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir». Dini mənbələrə nəzər salanda oxuyuruq ki, Həzrət Fatimənin (s.ə.) siması, danışığı və hərəkətləri atasına çox bənzəyirdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyir: «Peyğəmbərə (s) ən çox bənzəyən Fatimə idi.»

Ayişə isə belə deyir: «Danışanda Peyğəmbərə (s) Fatimədən daha çox bənzəyən birisini görmədim». Qeyd etdik ki, Peyğəmbər (s) qızı Fatiməni çox sevirdi. Atasının Fatiməyə olan sevgisi və məhəbbəti bir tərəfli deyil, qızı da atasına o qədər sevgi ilə bağlı idi. Elə buna görə də anası Xədicə vəfat edəndən sona Fatimənin altı yaşı olmasına baxmayaraq, atasının evdəki bütün ehtiyaclarını təmin edərək rahat olmasına cəhd göstərirdi.

Vaxt olardı ki, atasının alnından qan damlaları töküldüyü vaxt balaca, koppuş əlləri ilə atasının üzünü təmizləyib yaralarını müalicə edər, şirin sözlərlə təsəlli verərdi.

Həzrət Fatimə (ə) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən bir qız idi. Bu qayğı və istəyin qarşısında Peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: «Atası Fatiməyə fəda olsun!» Bəzi vaxtlar Peyğəmbər (s) Həzrət Fatiməyə «atasının anası» ləqəbini deyərdi. Çünki o, atasına bir ana kimi qayğı göstərərdi.

Həzrət Peyğəmbərə (s) qulluq edə-edə, onun qayğısını çəkə-çəkə Həzrət Fatimənin artıq ərə getmək vaxtı çatmışdı. Peyğəmbərlərin sonuncusu olan Məhəmməd (s) düşünürdü onun əri elə bir adam olmalı idi ki, insanlıq və bəşər dəyərlərində və kamil üstünlüyündə Fatimə ilə bərabər olsun, ona layiq olan hörmət və sevgini göstərib dəyərini dərk edə bilsin.

Həzrət Fatiməyə (s.ə) bir çox ailələrdən elçilər gəlirdi. Amma, Həzrət Peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurdu: «Bu barədə vəhy gözləyirəm». Nəhayət vəhy gəldi - Ey Peyğəmbər! İşığı işıqla - Fatiməni Əli ilə evləndir!»

Peyğəmbər (s) Həzrət Əlinin (ə) istədiyini qəbul etdikdən sonra qızının fikrini öyrənmək üçün onun yanına gəlib buyurdu:

«Sən də Əlini yaxşı tanıyırsan, o, xalqın arasında mənə çox yaxın olanı, İslamın yolunda saysız-hesabız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Əlini seçib. Sənin bu haqda fikrin nədir? Fatimənin susması Peyğəmbər (s) çox sevindirdi. Fikirləşdi ki, susmaq razılıq əlamətidir. Peyğəmbər (s) Bəni Haşim qəbiləsini bir yerə yığdı. Sonra bir xütbə oxuyaraq Əli ilə Fatiməni evləndirdi.

Həzrət Zəhranın (s.ə.) kəbininin kəsil-məsindən iki ay sonra hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin (s.ə.) əlini Əlinin əlinin üstünə qoyub buyurdu:

«Ey Əli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır». Sonra isə Fatiməyə sarı dönüb buyurdu: «Ey Fatimə! Əli də sənin üçün seçilən ən yaxşı ərdir». Sonra «Artıq öz evinizə gedə bilərsiniz» - deyib onları öz evlərinə yola saldı.

Mühacir, Ənsar, Bəni Haşim qadınları, əshab və dostlar şam yeməyindən sonra həzrət Fatiməni (s.ə.) Peyğəmbərin (s) dəvəsinə mindirib sevinc və şadlıqla onu Həzrət Əlinin evinə apardılar. Sonralar Əli (ə) ilə Fatimə (s.ə.) Peyğəmbərin (s) qonşuluğuna köçərək özlərinə bir ev tikdilər - elə bir ev ki, Əli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğul, Zeynəb ilə Ümmü Gülsüm isə qız idilər. Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnək, Əhli-Beyt, itrət evi və ailəsi kimi yaddaşlarda indi də öz məqamı səviyyəsində aləmə nur çiləməkdədir.

İki müqəddəs, pak insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə bu evdə qovuşmuşdu... Həzrət Fatimə (s.ə.) bilirdi ki, Həzrət Əlinin (ə) maddi sərvəti yoxdur. Onun ən böyük sərmayəsi yalnız atasının hədəf və məqsədləri uğrunda fədakarlıq etməsidir. O, bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu İslam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.

Xanım Zəhra (s.ə.) özü un üyüdür, çörək yapır və bütün ev işlərini görürdü. Fatimə (s.ə.) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi kimi yetişmişdir, Qurani-Kərimin buyurduğu kimi «Səcəreyyi-Təyyibə» - yaxşılar ağacının - başlanğıcı olmalı idi.

Onların bir-birlərinə qarşı olan rəftarları sanki tərbiyə və ədəbdən yoğrulmuşdu. Heç vaxt bir-birilərini adları ilə çağırmazdılar.

Əli (ə) xanımını çağıranda ey Peyğəmbərin qızı, deyə səsləyər, Fatimə (s) isə ərini - Ya Əmirəl-mömin deyə çağırardı.

Hicrətin üçüncü ilində Həzrəti Fatimənin (s.ə.) ilk uşağı dünyaya gəldi və adını Həsən qoydular. Bir il sonra isə ikinci övladı Hüseyn (ə) dünyaya gəldi. Bu uşaqların dünyaya gəlişi ürəyinə Qasim və Tahir dağı çəkilmiş Peyğəmbəri də hədsiz dərəcədə sevindirmişdi. Peyğəmbər (s) dünyadan köçəndən sonra Fatimənin (s.ə.) bədəninə sanki ağır bir zərbə endirmişdi. Az sonra isə ona yeni bir zərbə endirildi - o da ərinə qarşı olan cinayət idi.

Həzrət Fatimeyi-Zəhra (s.ə.) əvvəlki kimi yenə də fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi. Bu məqsədlə də o, bir gün üzünü Əli (ə) tutub buyurdu: - Nəyə görə haqqını müdafiə etmirsən? Belə olan halda Əli (ə) belə buyurdu:

- Atanın adının məscidlərdə ucalmasını istəyirsənmi? Atanın hədəflərinin məhv olmasını istəyirsənmi? Əgər onların istədiyi kimi mən də qılınca əl aparsam, atanın və ərinin zəhmətləri puça çıxar və hamımız məğlub olarıq.

Fatimə (s.ə.) heç bir söz danışmadı və öz sükutu ilə mübarizəsinə davam etdi. Eyniylə iyirmi beş il susaraq məzlumluğunu aləmlərə əməli ilə car çəkib nümayiş etdirən əri Həzrət Əli (ə) kimi. Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə Tanrısına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət, hicri ikinci ilin cəmadius-sani ayının üçüncü bazar ertəsi günü, atasının vəfat etdiyi ildə, uşaqlarını öpüb onlarla vidalaşdı.

Qoy bütün nəsillər bilsin ki, Peyğəmbərimizin (s) qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onu və bətnindəki körpəsini xəyanətkar zalımlar şəhid etmişlər. Bu ona görə belə olmuşdur ki, xanım Zəhra atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi, həqiqətin tərəfində dayandığı üçün xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdir.

O vida gecəsi xanım Zəhra ailəsi ilə bir-bir halallaşdı:
Yeddi yaşında olan Həsən (ə) ilə;
Altı yaşında olan Hüseyn (ə) ilə;
Beş yaşındakı Zeynəb (ə) ilə;
Üç yaşında olan Ümmü Gülsüm ilə;

Lap axırda Əli (ə) ilə vidalaşdı. Dünyanın ən ağır vida anları bu ailənin üzərinə çökmüşdü. Nə çətin idi o vida anları...
Fatimə (s.ə.) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin (ə) evində yanan bir şam artıq sönmüşdü. Əli (ə) Fatimənin (s.ə.) vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.

Xanım Zəhra (ə) vəsiyyət etmişdi ki, qəbrinin yeri gizli qalsın. Həzrət Fatimə (s.ə.) bu vəsiyyətilə gələcək nəsillərə demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə dolu intiqam gününü gözləyirəm. Tənha və yalqız qalan Əli (ə) Fatimeyi-Zəhranın (s.ə.) qəbrinin yanında oturub Peyğəmbərin (s) qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Səndən sonra başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün sualların cavabını ondan soruş. O, hamısını sənə deyəcək».


Məşədi Əli ABBAS
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930