Mir Heydər ağanın günbəzi
Mir Heydər, Hacı Mir Cəlal oğlu 1886-cı ildə İrəvan quberniyasının Zəngibasar mahalının Necli kəndində dünyaya göz açıb. Onlar 6 qardaş olublar, Mir Heydər ağa ailənin böyük övladı olub. Atalarının adı Mir Cəlil, əmiləri Mir Əsgər, Mir Əsəd, Mir Sadıq, Mir Əziz, Mir Tağı idi. Bu seyid ailəsinin nəsil şəcərəsi altıncı imam Cəfər Sadiqə (ə) gedib çatır. Hacı Mir Cəlil ağa çox dövlətli adam idi. Deyilənlərə görə onun min hektarlarla torpağı, dəyirmanı və s. mülkləri olub, torpağının tən yarısını fəqir-füqəraya paylayıbmış. Torpaqlarından götürdüyü böyük məhsulun çəltik, buğdanın da xeyli hissəsini kasıblara verərmiş. O, əkini olanlar üçün iki baş, ya dörd baş öküz qoşqusunu ayırıb hədiyyə edərdi. O, həmişə övladlarına tapşırarmış ki, heç zaman elə yeyib işməyin, elə geyməyin ki, ətrafınızdakıların gücündən xaric işlər olmasın, çalışın xalqla bir səviyyədə yaşayın. Onların evinə gələni atalarının tapşırığı ilə süfrə açıb qonaqlayardılar. Seyid Mir Heydər ağagil üç qardaş olublar: Mir Heydər, Mir Məmməd, Mir Yu¬nis. Onların ata yurdunda Mir Məmməd ağa yaşayıb. Mir Yunis ağa uzun illər müəllim işləyib. Onların hər ikisi Bakıda rəhmətə getdilər və orada dəfn edildilər. Mir Heydər ağa ilk təhsilini molla məktəbində almışdı. Maddi vəziyyətləri yuxarı olduğuna görə atası onu Peterburq gimnaziyasına təhsil almağa yola salır. Seyid Mir Heydər ağa buranı əla qiymətlərlə başa vurub fərqlənmə diplomuyla bitirir. Bundan sonra isə Qori Müəllimlər Seminariyasında oxuyub. Təhsilini başa vurub, geri Ermənistana qayıdır, maarif şöbəsində çalışır, sonra burada müəllim işləyir, 3-4 il işlədikdən sonra bu təhsilinin yanında dini savada da malik olmaq üçün ağa, Xorasana gedir, Müqəddəs Məşhəd şəhərində mədrəsədə dərin dini təhsil alır. O, çox istedadlı adam olub, birinci dünya müharibəsində və erməni-müsəlman savaşında yuzbaçı rütbəsiylə hərbi döyüşlərdə iştirak edib. O, 30 il müddətində Zəngibasarda Uluxanlı kəndində rus dili və ədəbiyyat fənnindən dərs demişdi, bununla yanaşı dini fəaliyyətindən qalmamış, xalqın dini işlərinə rəhbərlik etmişdir. Sovetlər hakimiyyətə gəldikdən sonra ataları varlı olduğuna görə bu ailəyə qarşı təqiblər başlanır, onlar bir neçə dəfə məcburi surətdə Araz çayını o tərəf bu tərəfə keçməli olublar. Onlar Naxçıvanın Şərur mahalından bir kəndin yanından keçərkən ataları Mir Cəlil ağa xəstələnir, ölümcül yatağa düşür, vəfat edir, onu orada dəfn edib iri qara çay daşını başdaşı olaraq nişanə qoyurlar. Onlar yenidən İrana keçirlər, olmazın əziyyət çəkən imam övladları məcbur olub bir qədər sonra geri qayıtmalı olurlar, yolda ağanın iki bacısı rəhmətə gedir, nəhayət onlar Ermənistanda öz yurdlarında qərar tuturlar. O, yenidən maarif sahəsində bir qədər işləyir, lakin bədxah adamlar onu rahat buraxmır, onu işdən çıxardırlar. Ailənin yükü boynuna düşən Seyid Mir Heydər ağanın çox ağır günləri başlayır, o, çox götür-qoy edir, bir gün yuxusunda görür ki, məclisdir atası da orada əyləşib, yanındakı adamlar üzlərini göstərmir, atası onu çağırıb çiyni üzərindən ona bir vərəq və qələm uzadıb. Yuxudan oyanan seyid hiss edir ki, yaxın günlərdə onu xoş xəbər gözləyir. Elə həmin günün sabahı onu maarif şöbəsinə çağırıb Uluxanlı məktəbinə müəllim təyin edirlər. Sovet məmurları yenə ondan əl çəkmir, ondan atasının qızıllarını tələb edirdilər. Mir Heydər ağa deyirmiş ki, atam o qədər varlı idi ki, məni göndərərdi Batuma, qatarla taxıllarını yola salardı, orada bəzən məhsulu vaxtında satıb qurtara bilmirdim, atam xəbər göndərib deyirdi ki, nə qalıb payla xalqa, tez qayıt məhsul batır. Eyni zamanda Neclidəki adamlarına kasıblara buğda payladardı. Bir dəfə yenə ağanı NKVD-yə çağırıb sorğu-suala tutub qızıl tələb edəndə həmin məmura zəng gəldi, o, bir nəfəri dindirdiyini dedikdə telefonun o başında olan şəxs dindirilənin kimliyiylə maraqlanır. Məmur Mir Heydər ağanın adını çəkdikdə o şəxs bərk qəzəblənmiş, onu təhqir edərək tez sərbəst buraxmasını tələb etmişdi. Bir neçə il Uluxanlıda dərs deyəndən sonra 1953-cü ildə Mir Heydər ağagil Ucar rayonunun Alpout kəndinə köçüb gəliblər. Onun bir oğlu və bir qızı artıq Neclidə dünyaya gəlmişdi. (Onların ata yurdunda sonrakı illərdə baş verən hadisələrin səbəbiylə Mir Heydər ağanın qohumları evlərini ermənilərlə Bakıya dəyişmək məcburiyyətində qalmışlar. Evə gələn ermənilər içəri daxil olduqda dəhşətə gəlmişlər, içəri ilanla dolu imiş, onlar nə qədər çalışsalar da bir çarə tapa bilməmişlər. Deyilənə görə o ev hələ də boşdur, heç kim yaşamır. İstəyiblər buldozer gətirib uçursunlar, lakin sürücü və fəhlələr ilanları görən kimi oradan qaçıblar.) Ağa bu illərdə kömək edib öz kəndləri Neclidə ibtidai məktəb tikdirdi, bacısı oğlu Əlirza müəllimi oxutduqdan sonra oraya düzəltdi, o da uzun illər bu məktəbdə dərs dedi. 1956-cı ildə isə Mir Heydər ağagil Daştəpə kəndinə köçürlər. Ağanın üç oğlu dörd qızı olub: Mir Cəlil, Mir Cəmil, Mir Həsən, Xədicəbəyim, Səriyəbəyim, Fatiməbəyim, Laləbəyim. Onun 21 nəvəsi, 22 nəticəsi var. Onlar kəndə gələndən sonra bir qədər kirayədə qalıb sonra torpaq sahəsi götürüb kiçik bir ev tikdilər. Ağa Ucardan özüylə bir qədər mal-qarasını da gətirmişdi. Oğlu Mir Cəmil ağa nəql edir ki, atamın bir qara yunlu Sərxan adlı qoçu vardı. Onu özünə elə oyrətmişdi ki, ondan ayrılmırdı. Kənddən üç nəfər ağanın qoçunu oğurlayıb kəsmək istəyirlər, lakin görürlər ki, heyvan dişidir, onlar məəttəl qalırlar, çünki erkək olduğunu dəqiq bilirdilər. Burada başa düşürlər ki, nə isə qeyri-adi iş baş verir, onlar bərk qorxuya düşürlər, dəlil kimi erkəyi sağıb südü və qoçu da özləriylə gətirib ağaya göstərmiş, onun əl-ayağına düşüb bağışlanmalarını istəmişlər. Onlardan bir nəfər seyiddən uşaqlarından birinin kirvəsi olmasını xahiş etmişdi. Onların həyətində dəfələrlə ilanların süründüyünü görənlər olub, qorxuya düşüblər, ağa onlara qorxmayın deyərək ilanlara yaxınlaşıb başlarına sığal çəkərək –gedin ey Allahın heyvanları, gedin- demişdi. Seyidin bir kəraməti də bu idi ki, onun qapısına üz tutan əli boş qayıtmazdı. Xəstələrə, dərdi olanlara dua edər, mərəzlərinə məlhəm olardı. İmir Musa adlı bir şəxsi cünun olmaq səbəbiylə arabaya bağlayıb gətirmişdilər. Ağanın bir duasıyla elə orada şəfa tapmışdı. O şəxs seyidin bu yaxşılığını uzun illər unutmamış, əkdiyi bostanın məhsulundan həmişə ağaya hədiyyə gətirərdi. Ağanın kəramətlərini saymaqla tükənməz. Bundan başqa o, ərəb-fars dillərini mükəmməl bilmiş, cavanlara anlamlı olsun deyə öz gözəl dəst-xətti ilə kitabları kiril əlifbasına çevirərdi. Ağanın ərəb əlifbasıyla yazılmış xeyli kitabı olub. Ağa həm də incə təbə malik şair idi, onun gözəl şerləri olub. Ağanın iti ağlı, güclü hafizəsi vardı. Bəzən danışdığı hər hansı bir sözü 50 il qabaq öyrəndiyini deyərdi. O, sovetlər dövründə keçirilən təziyə məclislərində iştirak edər, dərin məzmunlu dini söhbətlər edərdi. O, klassiklərin şerlərindən çoxunu əzbər bilərdi. Onların şerlərindən seçmələri 400 səhifəlik əlyazma şəklində yazıb toplamışdı. O, balacaboy, ağbəniz, çox səliqəli və sağlam adam idi. Dəqiq rejimlə həmişə halal və təmiz təamlar yeyər, bal və ədviyyələrdən şərbətlər düzəldər, bitkilərin dəmləməsini içərdi. O, öz əliylə sirkə hazırlayar, yediyi xörəyə bir-iki qaşıq töküb yeyərdi. Heç zaman mağazadan alınma yağ yeməzdi, evdə hazırlanan kərə yağından istifadə edərdi. Yediyi xörəklər əsasən əriştəli aş və döymənc və bu kimi sadə yeməklər olardı. Səhərdən-axşama qədər fiziki işlə məşğul olardı, bağ-bağçada işləyər, ağacları budayar, diqqətlə qulluq edərdi. Müxtəlif məclislərə gedəndə yüzlərlə adam onun ayağına qalxardı. O, sözə başlayanda hamı bir nəfər kimi ona qulaq asardı. Ağanın altı dəfə evliliyi olub, lakin övladları çox gec dünyaya gəlib. Onun sonuncu qızı anadan olanda 86 yaşı var idi. Uzun və bərəkətli ömür sürdü Mir Heydər ağa, nəhayət 1980-ci il avqustun 26-da fani dünyaya vida edib öz Rəbbinin rəhmətinə qovuşdu. Onun məqbərəsi Daştəpə kənd qəbiristanlığında ziyarətgahdır. Hacı Rizvan İsmayılzadə Oxşar xəbərlər
|