Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması Koreya dilinə tərcümə edilib
Görkəmli gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması Koreya dilinə tərcümə edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan xarici işlər nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, əsərin tərcüməsi 10 ildə başa çatıb. Bildirilib ki, əsər Koreya dilinə tərcümə olunan ilk ədəbi nümunədir.
Şota Rustavelinin əsərini Koreya dilinə Yonse Universitetinin professoru Ço Cu Kvan tərcümə edib. Koreya professoru poemanı tərcümə edərkən gürcü professor-şərqşünas Quram Çikovani və Koreyadakı Xankuk Xarici Dillər Universitetinin magistri Rusudan Pirtsxalava ilə məsləhətləşib. Tərcümə 10 il davam edib. Məlumata görə, yaxın gələcəkdə Ço Cu Kvan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması mövzusunda özünün tədqiqat işlərini dərc etdirməyi planlaşdırır. Gürcüstanın XİN mətbuat xidmətindən bildirilib ki, Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri XII əsrə aid olan gürcü mədəniyyət abidəsidir. İlk dəfə bu poema 1712-ci ildə Tiflisdə çap olunub. Əsər indiyədək 50 dilə tərcümə olunub. Xatırladaq ki, Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri bir neçə dəfə Azərbaycan dilinə tərcümə olunub. Öncə Azərbaycan şairləri S.Vurğun, M.Rahim və S.Rüstəm onlara verilmiş sətri tərcümə əsasında "Pələng dərisi geymiş pəhləvan"ın poetik tərcüməsini hazırlayıb 1940-cı ildə nəşr etdiriblər. Ə.Cavadın tərcüməsi 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat muzeyinin fonduna daxil olmuş, başda filologiya elmləri doktoru Ə.Mirəhmədov olmaqla bir qrup əməkdaş onu nəşrə hazırlamışdı. 1978-ci ildə isə "Elm" nəşriyyatı tərəfindən "Pələng pərisi geymiş pəhləvan" əsəri Ə.Cavadın tərcüməsi ilə, düz 41 ildən sonra çap olunub. Həmin vaxta qədər əsər iki dəfə (1947; 1966) S.Vurğun, S.Rüstəm və M.Rahimin tərcüməsi ilə nəşr olunub. Qeyd edək ki, 2013-cü ildə Tiflisdə 1712-ci ildə nəşr olunan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin 300 illik yubileyi qeyd edilib. Həmin il əsər şair İmir Məmmədli tərəfindən sonuncu dəfə tərcümə olunub. Qeyd edək ki, 2013-cü ildə "Pələng dərisi geymiş pəhləvan" əsərinin ən qədim əlyazması UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Oxşar xəbərlər
|