İmam Hadinin (ə) şəhadət ildönümündə (bəyanat)
Onlara ağlamağın yeri var. Onların məzlumiyyəti qəlb və hissləri oyadır. İmamət səmasının onuncu parlaq ulduzu Həzrət İmam Əliyyənnəqi Hadinin (ə) şəhadəti ildönümündə Ayətullah Xameneinin əsərlərinin qorunması və nəşri mərkəzi Böyük Rəhbərin şəmsi 1383-cü ildə (on il qabaq) rövzə məclisi ardınca çıxışını ilk dəfə oxuculara təqdim edir. Bismillahir-Rəhmanir-Rəhim İmam Hadi (ə) ilə dövrün xəlifələri arasındakı savaş həm zahir, həm də batində İmamın (ə) qələbəsi ilə başa çatdı. Bunu bütün bəyanat və çıxışlarımızda qeyd etməliyik. Həzrətin (ə) imaməti dövründə altı xəlifə bir-birini əvəz etdi. Onların sonuncusu İmamı (ə) şəhadətə çatdıran Mötəz idi. Mötəz özü də çox keçməmiş öldü. Xəlifələr adətən zillətlə ölüb. Birini öz oğlu qətlə yetirib, o biri qardaşının əli ilə öldürülüb. Bəni-Abbas da beləcə məhv oldu. Şiələr isə əksinə! İmam Hadi (ə) və İmam Əskərinin (ə) dövründə şiəlik durmadan genişlənir, güclənirdi. İmam Hadi (ə) 42 il yaşadı. Ömrünün 20 ilini Samirrada oldu. Orada əkin sahələri vardı. Samirrada işləyir və yaşayırdılar. Samirra bir növ qərargah olmuşdu. Bu şəhəri Mötəsim özünə yaxın türklər üçün nəzərdə tutmuşdu ki, bu türklər o birilərinə, məsələn Azərbaycan türklərinə qarışmasın. Mötəsim həmin türkləri Türküstan, Səmərqənd, Monqolustan və Şərqi Asiyadan gətirmişdi. Bu adamlar İslamı yenicə qəbul etdiyindən imamlar və möminləri tanımır, dindən baş açmırdılar. Bu səbəbdən xalqı, Bağdad ərəblərini incidirdilər. Həmin vaxt Samirrada bir çox şiə simalar toplanmışdı. İmam Hadi (ə) onlara nəzarət edir, onlar vasitəsilə imamət hökmlərini dünyaya yayırdı. Bu şiə şəbəkəsi Qum, Xorasan, Mədinə, Yəmən, dünyanın ucqar nöqtələrini əhatə edirdi. Bu məktəbə bağlı insanların sayı hər gün artırdı. İmam Hadi (ə) bu ağır işləri altı xəlifənin qanlı qılıncı altında həyata keçirirdi. İmam Hadinin (ə) vəfatı barədə məşhur bir hədis var. Bu hədisdən aydın olur ki, Samirrada xeyli şiə yaşayırmış. Amma xilafət hakimiyyəti onları tanımayıb. Əgər tanısaydı hamısını qətlə yetirərdi. Şiə şəbəkəsi çox güclü olduğundan bu adamları ələ keçirmək asan deyildi. İmamların (ə) bir gün mübarizəsi illər uzunu təsirli olub. Məsumların mübarək ömrünün bir günü toplumun uzun illər təlaşı qədər fayda verib. Dini belə qoruyublar. Yoxsa Mütəvəkkil, Mötəz, Mötəsim, Məmun kimilərinin hakimiyyəti altında din qalmazdı. Onların fitnə-fəsadda hamını geridə qoymuş Yəhya ibn Əksəm kimi alimləri vardı. Onların öhdəsinə qalsaydı, dinin kökü qazılardı. İmamların mübarizə və təlaşı təkcə şiəliyi yox, həm də Quranı, İslamı, dini maarifi qoruyub saxlayıb. Budur Allahın xalis bəndələri və övliyalarının səciyyəsi. Fədakar insanlar olmasaydı, İslam min iki yüz, min üç yüz ildən sonra qəddini düzəldə bilməzdi, İslam Oyanışı yaşanmazdı. Hər şey tədricən məhv olub gedərdi. Peyğəmbərdən (s) sonra bu böyük maarifi bəşər tarixində, İslam tarixində möhkəmləndirənlər olmasaydı, əlimizə bir şey gəlib çatmazdı. Bir şey qalsaydı da, maarif qalmazdı. Necə ki əsil məsihi və yəhudi maarifindən heç nə qalmayıb. Quranın, Peyğəmbər hədisinin , əhkam və maarifin min il sonra dünya maarifi önündə yer alması təbii deyil. Bu qeyri-adi iş mübarizə və təlaşla reallaşıb. Əlbəttə ki, bu böyük yolda döyülmək, həbs, qətl təhlükəsi də olub. O böyük insanlar bu çətinliklərdən dözümlə keçiblər. İmamlarımız Peyğəmbərin (s) vəfatından İmam Əskərinin (ə) vəfatına qədər 250 illik imamət dövründə çox əzab çəkib, qətlə yetirilib, zülmə düçar olublar. Onlara ağlamağın yeri var. Onların məzlumiyyəti qəlb və hissləri oyadır. Amma o məzlumlar qalib gəldilər. Həm ayrı-ayrı dövrlərdə, həm də tarixdə qələbəyə imza atdılar. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh. Ayətullah Xamnei Vilayet.nur-az.com Oxşar xəbərlər
|