BU GÜN PEYĞƏMBƏR (S) SƏHABƏSİ HÜZEYFƏ İBN YƏMANIN VƏFAT GÜNÜDÜR
Bu gün – Mühərrəm ayının 28-ci günü Hüzeyfə ibn Yəmanın vəfat günüdür. O, Peyğəmbəri-Əkrəm (s) və imam Əlinin (ə) yaxın səhabələrindən olmuş, “Bədr” döyüşündən başqa, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmişdir.
Tarixdə onun “Bədr” döyüşündə iştirak etməməsinin səbəbi ilə əlaqədar qeyd olunur ki, o, atası Hüseyl (Həsl) ibn Cabirlə birgə “Bədr” döyüşünə qatılmaq üçün yola çıxarkən hər ikisi müşriklər tərəfindən tutulur. Müşriklər onların “Bədr” döyüşündə iştirak etməyəcəklərinə dair söz verdikləri təqdirdə canlarına dəyməyəcəklərini bildirirlər. Ata-oğul döyüşdə iştirak etməyəcəklərinə dair söz verirlər. Sonra Peyğəmbərin (s) hüzuruna gəlib, o həzrətə döyüşə qatılmayacaqlarına dair söz vermək məcburiyyətində qaldıqlarını xəbər verdikdə, Peyğəmbər (s) sözlərinə sadiq qalmaları üçün onların döyüşdə iştirak etməyəcəklərinə icazə verir. İslam tarixçiləri Hüzeyfənin adını hörmətlə çəkmiş, “Peyğəmbərin (s) böyük səhabəsi və sirdaşı” – deyə tərif etmişlər. Peyğəmbər (s) həm “Təbuk” döyüşündən, həm də son həcc mərasimindən qayıdarkən “Qədir-Xum” xütbəsini söylədikdən sonra, münafiqlər o həzrətə qarşı sui-qəsd etdikləri zaman, həmin münafiqlərin adını Hüzeyfəyə söyləyir. Odur ki, Hüzeyfə münafiqləri hamıdan yaxşı tanıyırdı. (“İrdaşul-qulub”, c.2. səh.195; “Biharul-ənvar”, c.28, səh.99.) O, xanım Fatimeyi-Zəhranın (s.ə.) dəfn mərasimində iştirak edən yeddi nəfərdən biridir. (“Əl-xisal”, səh.361.) Onun atası Hüseyl “Ühüd” döyüşündə şəhadətə yetir. Belə ki, döyüş əsnasında “Ühüd” zirvəsini mühafizə edən əsgərlər döyüşün sona yetdiyini və qələbə çaldıqlarını güman edərək mövqelərini tərk edirlər. Müşriklər isə arxadan hücuma keçirlər. İki qoşun arasında şiddətli döyüş başlayır və Hüzeyfənin atası Hüseyl səhvən müsəlman əsgərlər tərəfindən öldürülür. Müsəlman əsgərlər Hüseyli müşriklərdən zənn edərək qətlə yetirirlər. Amma Huzeyfə böyük fədakarlıq nümunəsi göstərir və səhabələrə üzünü tutub deyir: “Allah mərhəmətlidir və bu səhvinizi əfv edər…” Hüseylin müsəlmanlar tərəfindən öldürüldüyü Peyğəmbərə (s) çatdırıldıqda, o həzrətin göstərişi ilə “beytül-mal”dan (ümumi gəlir) Hüzeyfəyə qanbahası ayrılır. Lakin Hüzeyfə onu müsəlmanlar arasında paylayır və atasını şəhadətə yetirənləri bağışlayır. Hüzeyfə Peyğəmbərin (s) vəfatından sonra, 23-cü hicri-qəməri ilində Azərbaycan, Dinəvər, Masəbzan və Həmədanın, eləcə də Rey şəhərinin fəthində iştirak edir. Həmçinin Nəhavəndin fəthində ordu sərkərdəsi Nöman ibn Müqrən şəhadətə yetdikdən sonra ordu sərkərdəliyi ona həvalə olunur və onun tədbiri ilə Nəhavənd fəth olunur. O, ikinci xəlifə Ömər ibn Xəttabın dönəmində Mədainə vali təyin olunur və bir müddətdən sonra vəzifəsindən kənarlaşdırılır və bu vəzifə Salman Farsiyə həvalə olunur. Salman Farsi vəfat etdikdən sonra, Hüzeyfə yenə ikinci xəlifə, sonra da üçüncü xəlifə tərəfindən Mədainə vali təyin olunur. İmam Əli (ə) də xilafətə gəldikdən sonra onu öz vəzifəsində saxlayır. O həzrət xilafətə gəldikdən sonra, Hüzeyfə əhalini Mədain məscidinə toplayır, bu xəbəri onlara çatdıraraq deyir: “Allaha həmd olsun batili öldürdü, haqqı diriltdi. Zülmü məhv etdi, ədaləti gətirdi. Zalımların burnunu yerə sürtdü...” İmam Əlinin (ə) xilafətindən qırx gün sonra, Məhərrəm ayının 28-ci günü Hüzeyfə elə Mədaində vəfat edir və Dəclə çayının yaxınlığında torpağa tapşırılır. O, vəfat etməzdən öncə iki oğlu Səfvan və Səidə vəsiyyət edir ki, heç vaxt Əmirəlmönin Əlidən (ə) ayrılmasınlar. Onlar da atasının vəsiyyətinə əməl edərək, nəhayət, “Süffeyn” döyüşündə o həzrətin rikabında şəhadətə yetirlər. (“Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh.428.) Nəql olunur ki, 1931-ci ildə Dəclə çayı daşdığı zaman yanaşı dəfn olunan Hüzeyfə ibn Yəman ilə Abdullah ibn Cabir Ənsarinin cəsədi Nəcəfdə yaşayan dövrün mərcəi-təqlidi Ayətullah Seyid Əbbülhəsən İsfahaninin məsləhəti ilə, dərhal bir neçə məsul vəzifəli şəxslərin (o cümlədən, İraqın əyan məclisinin sədri Seyid Məhəmməd əs-Sədr, İraqın o zamankı prezident müavini doktor Adil Əbdülmehdi, Seyid Əbdülmehədi, Maarif naziri Şeyx Məhəmməd Rza əş-Şəbibi və s.) müşayiəti ilə Salman Farsinin qəbrinin yaxınlığına köçürülür. Diqqəti cəlb edən odur ki, hamı hər iki səhabənin cəsədinin çürümədiyi və təzə qaldığının şahidi olurlar. (“Əcsadi-cavidan”, səh.50-52; “Şəbistan” və “Şəfəqna” saytları.) Qeyd edək ki, Hüzeyfənin Mədinəyə köç edən ulu babası yəmənli olduğu üçün, bu qəbilə Yəman ləqəbi ilə qeyd olunur. Mühərrəm ayı imam Hüseynə (ə) məxsus olduğundan, yazımızı o həzrət haqda Hüzeyfədən nəql olunan bir hədislə nöqtələyirik. O deyir: Bir gün Peyğəmbər (s) Hüseynin (ə) əlindən tutub belə buyurdu: [یا ایُّهَا الناسُ هذَا الحُسَیْنُ بْنُ عَلِیٍّ فَاعْرِفُوهُ فَوَالَّذی نَفسی بِیَدِهِ إنَّهُ لَفِی الجَنَّةِ و مُحِبّیهِ فِی الجَنَّةِ وَ مُحِبّی مُحِبّیهِ فِی الْجَنَّةِ] “Camaat! Bu Əlinin oğlu Hüseyndir, onu tanıyın. Canım qüdrət əlində olan Allaha and olsun ki, həm onun özü, həm onu sevənlər, həm də onu sevənləri sevənlər cənnətdə olacaqlar.” (“Əmali”, Şeyx Səduq,səh.478, hədis 4.) Rza Şükürlü Oxşar xəbərlər
|