Müsəlmanların dünyada sayı nə qədərdi? - Hesabat
ABŞ Prezidenti Donald Trampın viza verilməsinə qadağa qoyduğu 7 islam ölkəsində ümumi müsəlmanların cəmi 12%-i yaşayır.
Axar.az xəbər verir ki, bu barədə informasiya “Pyu” araşdırmalar mərkəzinin hesabatında yer alıb. Araşdırmaya əsasən, 2010-cu ildə dünyada 1,6 milyard müsəlman olub və islam xristianlıqdan sonra ikinci ən çox tərəfdarı olan dinə çevrilib. Maraqlı məqam odur ki, müsəlmanların üçdə ikisi (62%) Asiya-Sakit okean regionunda yerləşir. Belə ki, təkcə Pakistan və Hindistanda yaşayan müsəlmanların sayı (cəmi 344 milyon nəfər – red.) Yaxın Şərq və Şimali Afrikada olanlardan (317 milyon nəfər – red.) çoxdur. Dünyada ən çox müsəlmanların toplaşdığı yer isə Yaxın Şərq, Şimali və Şərqi Afrikadır. Bu regionların 341 milyonluq əhalisinin 93%-i müsəlmandır. Afrikadakı Saxara səhrasının cənubunda yerləşən ərazilərdə müsəlmanlar ümumi əhalinin 30%-ni, Asiya-Sakit okean regionunda isə 24%-ni təşkil edir. Müsəlmanlar dünyanın 49 ölkəsində çoxluqdadır. Ən çox müsəlmanın yaşadığı ölkə İndoneziyadır (təxminən 209 milyon nəfər). Bu ölkədəki əhalinin 87,2%-i islama etiqad edir. Hindistan müsəlmanların sayının çox olduğu ikinci ölkə olsa da (176 milyon nəfər), faiz göstəricisində onların sayı əhalinin ümumi tərkibinin 14,4%-ni təşkil edir. Şirkətin iddiasına görə, 2050-ci ilə qədər müsəlmanlar dünyada iki dəfə artacaqlar. Sayları 2,76 milyard nəfər olan müsəlmanlar dünya əhalisinin 29,7%-ni təşkil edəcəklər. Saxaranın cənubunda yaşayan Afrika ölkələrində isə müsəlmanların sayı 15,5%-dən 24,3%-ə qədər çoxalacaq. Asiya yenə də müsəlmanların üstünlük təşkil etdiyi region olacaq, amma burada əhalinin sayı azalacaq. Nəticədə Asiyadakı müsəlmanlar dünyadakı müsəlmanların 52,8%-ni (hazırda 61,7%) təşkil edəcəklər. Yaxın Şərq və Şimali Afrikaya gəldikdə isə burada rəqəmlər dəyişməz qalacaq. ABŞ-a gəldikdə, burada güclü artım olacaq. Ümumi əhalinin 0,9%-ni təşkil edən müsəlmanların sayında iki dəfədən çox artım müşahidə ediləcək və onlar əhalinin 2,1%-ni təşkil edəcəklər. Oxşar xəbərlər
|