Türkiyə prezidenti: "Tariximizdə ən əhəmiyyətli idarəetmə islahatını həyata keçirdik"
Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid ölkə tarixində ən mühüm islahatdır.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun nəticələrini şərh edərkən bildirib. “Referendumun nəticələri Türkiyə dövləti və xalqının rifahına xidmət edəcək. Səsvermə nümayiş etdirdi ki, xalq öz ölkəsini, öz gələcəyini müdafiə edir. Bu gün tarixi bir qərar qəbul edilib. Xalqın seçimi ilə biz tariximizdə ən əhəmiyyətli idarəetmə islahatını həyata keçirdik”, deyə Ərdoğan qeyd edib. "İlk dəfədir ki, biz ölkənin idarəetmə sistemini dəyişirik. Bu bizim ümumi qələbəmizdir. Bütün mübahisələr arxada qaldı. Biz xalqımızın qərarına hörmətlə yanaşmağa çağırırıq", deyə Türkiyə lideri vurğulayıb. Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb. Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib. Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir. Oxşar xəbərlər
|