Tehranda 31-ci İslam Vəhdəti Konfransı öz işinə başladı
Dekabrın 5-i İranın paytaxtı Tehranda 31-ci İslam Vəhdəti Konfransı öz işinə başlayıb.
Deyerler.org İran KİV-lərinə istinadən xəbər verir ki, dünya ölkələrindən İslam dininin müxtəlif məzhəblərini təmsil edən qonaqların qatıldığı 31-ci İslam Vəhdəti Konfransının açılış mərasimində İranın prezidenti Həsən Ruhani də iştirak edib. “Vəhdət və Müasir İslam sivilizasiyasının tələbləri” mövzusu ilə baş tutan konfransın açılış mərasimində çıxış edən İran prezidenti İslam Vəhdəti Konfransının keçirilməsi ilə paralel olaraq şirin və acı iki hadisənin meydana gəlməsi ilə üzləşdiklərini deyib: “Bölgənin sevindirici hadisəsi, terrora qarşı əldə edilən dəyərli qələbələrdir. Hökmran rejimlə sionizmin himayəsi altında olan terrorun bünövrəsinin məhv olması İraq, Suriya və Livan xalqını sevindirir. Buna görə də sülhü dəstəkləyənlər, dünya, Avropa və hətta ABŞ-ı hədələyən terrora qarşı mübarizə aparan müqavimət qüvvələrini təqdir etməlidirlər. Ancaq təəssüf ki, bunu etmək əvəzinə müqavimət hərəkatında olan dövlətləri zəiflədib onlara qarşı hiylə qurmağa çalışırlar”. Ruhani ümmətin üzləşdiyi ən ağrılı hadisənin isə, bölgədəki bəzi müsəlman ölkələrin sionistlərə açıq bir şəkildə yaxınlaşmağa səy etməsinin olduğunu vurğulayıb: “Bölgə sakinləri həmişə birlikdə, qardaş kimi yaşayırdı, ancaq sizlər (hökmran ölkələr və sionizm) burada fitnənin toxumlarını əkməyə başladınız. Şiə ilə sünni məzhəbləri eyni məqsədə istiqamətlənən iki fərqli yoldur və şiələrlə sünnilər arasında hər hansı bir problem yoxdur”. Suriyanın baş müftisi Şeyx Əhməd Sədrəddin Hasun isə konfransdakı çıxışında, müsəlmanlar arasındakı vəhdətin İmam Xomeyni və ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin böyük rolunun olduğunu bildirmişdir. Qeyd edək ki, 31-ci İslam Vəhdəti Konfransı dekabr ayının 7-dək davam edəcək. Konfransda dünyanın 93 ölkəsindən 500-dən çox alim, siyasətçi və yazar iştirak edir. Konfrans iştirakçılarının ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşü də nəzərdə tutulub. Deyerler.org Oxşar xəbərlər
|