Dünya əhalisinin 82 faizi ABŞ-ın Qüds qərarından narazıdır
ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarı İslam ölkələri başda olmaqla, dünyanın bir çox yerində etirazla qarşılanıb. Həmçinin BMT-yə üzv dövlətlərin böyük əksəriyyəti dekabrın 21-də Baş Assambleyanın qərara qarşı qətnaməsini dəstəkləyib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, BMT-dəki səsvermədə Birləşmiş Ştatların qərarına qarşı çıxan ölkələrin əhalisinin sayı dövlətlərin sayı ilə müqayisə olunduqda ortaya maraqlı tablo çıxır. ABŞ-ın Qüds barədə qərarına qarşı qətnamənin lehinə səs verən 128 ölkənin əhalisinin ümumi sayı 6 milyard 187 milyona çatır. Bu, yer üzündə yaşayan 7,5 milyard insanın 82,5 faizi deməkdir. Donald Trampın tərəfindən çıxış edərək qətnamənin əleyhinə səs verən 8 ölkənin və ABŞ-ın əhalisinin sayı ümumilikdə təxminən 380 milyon nəfərdir, yəni dünya əhalisinin cəmi 5,1 faizini təşkil edir. Səsvermədə iştirak etməyən 21 ölkədə 290 milyon nəfər yaşayır ki, bu da planet əhalisinin 3,8 faizinə bərabərdir. Səsvermədə bitərəf qalan 35 ölkədə isə 650 milyon insan - dünya əhalisinin 8,6 faizi yaşayır. Beləliklə, yer üzündə yaşayan hər 10 nəfərdən azı 8-i ABŞ-ın Yaxın Şərqdəki sülh ümidlərinə kökündən zərbə vuran qərarına qarşıdır. Xatırladaq ki, BMT-də böyük səs çoxluğu ilə qəbul olunan qətnaməyə əsasən, Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir. Sənəd BMT TŞ-nin müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır. Oxşar xəbərlər
|